Məhkəmə qərarları › İş №2(103)-5829/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5829/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5829/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(010)-1328/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1544 manat məbləğində əsas borc, 793,38 məbləğində faiz borcu olmaqla, ümumilikdə 2337,38 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(010)- 1328/2021 saylı qərardadı ilə (hakim Tural Məmmədov) iş üzrə icraata Cavabdeh1 münasibətdə (ölümü ilə əlaqədar) xitam verilmişdir. Eyni zamanda, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(010)-1328/2021 saylı qətnaməsi ilə iddia digər Cavabdeh2 münasibətdə təmin olunmamışdır. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(010)- 1328/2021 saylı qətnaməsindən apellyasiya şikayət vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində Cavabdeh1 ölümü ilə əlaqədar işin icraatının hüquqi varisinin müəyyən edilməsinədək dayandırmalı olmasını, həmin cavabdehə münasibətdə işi üzrə icraata xitam verilməsinin qanuna zidd olmasını göstərmişdir. Halbuki, iş üzrə icraata qətnamə ilə deyil, eyni tarixli qərardadla xitam verilmişdir və həmin qərardadın müstəqil qaydada mübahisələndirilməsi mümkündür. MPM-nin 262-ci maddəsnə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bununla yanaşı, apellyasiya şikayətində qətnamənin digər cavabdehə münasibətdə əsassızlığının (qətnamə ilə iddiaya yalnız digər cavabdehə münasibətlə mahiyyəti üzrə baxılmışdır) nədən ibarət olması göstərilməmişdir. Halbuki, MPM-nin 361.1.4-cü maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Apellyasiya şikayətində iddianın qətnaməni düzgün hesab etmədiyi əsaslar ümumiyyətlə göstərilməmiş, yuxarıda da qeyd edildiyi kimi müstəqil qaydada şikayət verilməli olan digər məhkəmə aktına (qərardadın) aid dəlillər öz əksini tapmış, lakin birinci instansiya məhkəməsi buna diqqət yetirməmişdir. Göründüyü kimi, qətnamədən verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə cavab vermiş, bu səbəbdən də onun mümkünlüyünə əsaslar müəyyən edilmir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(010)-1328/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar