Məhkəmə qərarları › İş №2(103)-5831/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5831/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5831/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı ASC-nin ləğvedicisi olan X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (bank) ləğvedicisi olan X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 004/16 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 15%-lə 10 000 ABŞ dolları məbləğində kredit verildiyini, lakin onun müqavilənin şərtlərini pozaraq öhdəliyini lazımi qaydada icra etmədiyini irəli sürmüş, buna görə də cavabdehdən 10 000 ABŞ dolları əsas, 3341,75 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1117,56 ABŞ dolları faiz olmaqla cəmi 14 459,31 ABŞ dolları kredit borcunun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işi hərtərəfli araşdırmamış, mühüm əhəmiyyət kəsb edən bütünfaktiki halları aydınlaşdırmayaraq sübutları düzgün qiymətləndirməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, mülki işin materiallarında olan xx xxxx 2016-cı il tarixli 004/16 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC (bank) tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 15%-lə 10 000 ABŞ dolları məbləğində kredit verilməsinə dair tərtib olunmuş, lakin Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı məhz sözügedən müqaviləyə istinad edərək məhkəməyə müraciət etmiş, cavabdeh isə belə müqavilə bağlamadığını, bankdan hər hansı məbləğdə pul götürmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Birinci instansiyası məhkəməsi, iddiaçının istinad etdiyi müqavilənin cavabdeh tərəfindən imzalanmadığına, bankın Cavabdeh 12 ay müddətinə, illik 15%-lə 10 000 ABŞ dolları məbləğində kredit verdiyinin heç bir mötəbər sübutla əsaslandırılmamasına, iddiaçının həmin məbləğin cavabdehə verildiyinə dair ciddi hesabat blankları olan kassa məxaric orderini təqdim edə bilməməsinə əsaslanmaqla hesab etmişdir ki, bankla cavabdeh arasında öhdəlik münasibətlərinin yaranmasına əsas təşkil edəcək müqavilə bağlanmamış, həmçinin digər əsaslarla da cavabdehin iddiaçı qarşısında öhdəliyi əmələ gəlməmişdir. Kollegiya birinci instansiya nməhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, Cavabdeh tərəfi olduğu iddia olunan kredit müqaviləsini imzalamamış, müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, müqavilə əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur. İddiaçının yeganə sübutunun yuxarıda qeyd olunan müqavilə olduğunu, həmin müqavilənin isə cavabdeh tərəfindən imzalanmadığının müəyyən edildiyini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2147/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar