Məhkəmə qərarları › İş №2(103)-5838/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5838/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5838/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X2 İddiaçının nümayəndəsi X1, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(006)-235/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 cəmi 2800,00 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(006)-235/2021 saylı qətnaməsi ilə İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(006)-235/2021 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsin i xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, mübahisənin subyekt tərkibi təşkil edən iştirakçılar İddiaçı QSC BOKT (VÖEN: **********) və Cavabdeh1 (VÖEN: **********) kommersiya hüquqi şəxslərdir. Həmçinin, iddia ərizəsində cavabdeh qismində göstərilən Cavabdeh2 Cavabdeh1 imza səlahiyyətli direktoru olmaqla, mübahisənin subyekti deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmçinin, həmin Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(006)-235/2021 saylı qətnaməsi ləğv edilməli və iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC BOKT-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(006)-235/2021 saylı qətnaməsi ləğv edilsin və iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar