Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5838/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi, əsassız varlanmadan irəli gələn öhdəlik hüquq münasibətləri, əqdlərin forması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyul2023-cü il tarixli, 2(009)-1224/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh İddiaçı 60000 manat borc pul almışdır. Bundan sonra cavabdeh müxtəlif dövrlərdə həmin borcdan 30000 manat hissəni iddiaçıya geri qaytarmış, lakin qalan 30000 manat borcu isə indiyə kimi cavabdehə geri qaytarmamışdır. 2.Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30000 manat borcun və 180 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 2020-ci ilin aprel ayında 60.000 manat borc pul vermişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh borcdan 20.000 manat, 2022-ci ilin may ayına kimi isə hissə-hissə 10.000 manat olmaqla, ümumilikdə 30.000 manat pulu iddiaçıya qaytarmışdır. Hazırda 30.000 manat borcu qalmışdır. İddiaçı cavabdehdən qalan borcunun ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bugünə qədər borcunu ödəməmişdir. 5.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21 iyul 2023-cü il tarixli, 2(009)-1224/2023 saylı qətnaməsi ilə (sədrlik edən-İlkin Rüstəmli) iddia tələbi təmin edilərək, 30000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ödənilməsi və 180 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. 6.07 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilən X5 bildirmişdir ki, iddiaçının qızı, cavabdehin keçmiş həyat yoldaşıdır. O, cavabdeh ilə nikaha daxil olanda ev almaqları üçün cavabdeh onun atasında borc pul istəmişdir. İddiaçı isə 60000 manat məbləğində cavabdehə borc pul vermişdir. Ötən il ərzində cavabdeh həmin borcdan cəmi 30000 manat məbləğində pulu iddiaçıya qaytarmışdır. 7.07 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilən X5 bildirmişdir ki, X3 bildirmişdir ki, iddiaçının qaynatasıdır. Cavabdeh onun nəvəsi ilə nikaha daxil olarkən ev almaq üçün iddiaçıdan borc pul istəmişdir. İddiaçı isə bundan sonra cavabdehə qaytarmaq şərtilə 60000 manat borc pul vermişdir. Pulun verilməsində şəxsən o, özü də iştirak etmişdir. 8.İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında olan “whatsapp”yazışmalarından görünür ki, iddiaçı cavabdehdən 30000 manat borcunun qaytarılmasını tələb edir, cavabdeh isə cavabında pulu olmadığı, ancaq məhkəmə qərarından sonra pulu qaytaracağını bildirir. 9.Məhkəmə müəyyən etmişdir ki,cavabdeh iddiaçının qızı ilə nikaha daxil olarkən özünə mənzil almaq üçün iddiaçından 60000 manat borc pul almışdır. Bundan sonra cavabdeh müxtəlif dövrlərdə həmin borcdan 30000 manat hissəni iddiaçıya geri qaytarmış, lakin qalan 30000 manat borcu isə indiyə kimi cavabdehə geri qaytarmamışdır. Bununla tərəflər arasında razılaşdırılmış şifahi borc müqaviləsindən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 60000 manat məbləğində pul vəsaitini tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamışdır. 10.Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıya qaytarmalı olduğu 60000 manat borcu qaytarmaq öhdəliyini tam yerinə yetirmədiyi üçün, həmin məbləğdən qalan 30000 manat borc ondan tutularaq iddiaçıya verilməlidir. 11.Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. 12.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Mülki Məcəlləsinin385, 386, 739.1, 740.1;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 13.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddiaçının ərizəsinin rədd olunmasını xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir borc müqaviləsi bağlanmadığı halda, iddiaçının təqdim etdiyi qeyri-dəqiq “Whatsapp” yazışmalarına vəiddiaçının qızı X5 və iddiaçının qayınatası X2 qərəzli ifadələrinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, cavabdeh, iddiaçıya hələ də 30000 manat pul borcludur. Hesab edir ki, bu nəticə ilə məhkəməAzərbaycan Respublikası Mülki Məcəlləninborc müqaviləsi ilə bağlı olan 739-ci, 740.2-ci və digər maddələrini, digər qanunvericilik aktlarını pozmuşdur. Məhkəmə qətnamədə MMnin 740.2-ci maddəsinin imperativ tələbindən nədənsə bəhs etmir. MM-nin740.2-ci maddəsinin imperativ tələbindən məlum olduğu kimi, əgər bir şəxs başqa şəxsə 3000 manatdan çox borc verirsə, beləşəxslər arasında etibarlı borc müqaviləsinin bağlandığını hesab etmək üçünmütləq həmin müqavilə yazılı qaydada tərtib olunmalı və tərəflərin imzaları ilə təsdiq ediləmlidir. Məhkəmə hesab edib ki, iddiaçı cavabdeh arasında 30000 manata dair borc müqaviləsibağlanıb, lakin iş materialları arasında iddiaçının cavabdehə 30000 manat pulu borc verdiyinə dair heç bir yazılı borc müqaviləsi yoxdur. Bu durum onu göstərir ki, məhkəmə MM-nin 740.2-ci maddəsinin imperativ tələbini pozub.Bundan başqa MM-nin329.1-ci maddəsinə görə, “əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır”. Hesab edir ki, məhkəmə MM-nin 329.1-ci maddəsinin tələbini də pozub. Bundan başqa hesab edir ki, məhkəmə bu qətnaməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və digər maddələri, digər qanunvericilik aktları, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş “ədalətli məhkəmə hüququnu” pozmuşdur.Məhkəmə, işi təfsilatlı araşdırmadan, işdə olan cavabdehin və şahid Sərdarovanın polisdə verdiyi izahatlarına düzgün qiymət verilmədən qətnamə qəbuletmiş olması iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnun pozulmasıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, pulun verilməsini qəbul etmirlər, əgər verilibsə, qaydalara hüquqən əməl olunmalıydı, bunların heç birinə əməl olunmayıbsa, əqd etibarsızdır, müddət ötüb, ona görə də, iddia rədd olunmalıdır. Onlar iddianı qəbul etmirlər, müddətin tətbiq olunmasını istəyirlər. “Whatsapp” yazışmalarında olan yazıları ilə bağlı qeyd edir ki, tərəflər arasında mühasib hesabları olub, cavabdehin 3000 borcu yaranmışdı, “whatsapp” yazışmasında 30000 yazısına fikir verməyib, elə bilib ki, üç mindir. 17.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 18.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 19.Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 20.Maddə 329.1.Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 21.Maddə 739.1.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 22.Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 23.Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 24.Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 25.Maddə1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 26.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 28.Maddələr 385.1.1, 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasıməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. 32.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, cavabdeh iddiaçının qızı ilə nikaha daxil olarkən özünə mənzil almaq üçün iddiaçıdan 60000 manat borc pul almışdır. Bundan sonra cavabdeh müxtəlif dövrlərdə həmin borcdan 30000 manat hissəni iddiaçıya geri qaytarmış, lakin qalan 30000 manat borcu isə indiyə kimi cavabdehə geri qaytarmamışdır. 33.Belə ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu 30000 manatı qaytarmaması iş materiallarında olan “Whatsapp” yazışmaları və şahid ifadələri ilə tam olaraq təsdiq olunur. 34.Kollegiya cavabdehin “Whatsapp”yazışmalarında olan yazılarda 30000 manatın 3000 manat kimi bilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, pulun məbləği dəfələrlə tərəflər arasında yazışmada təkrarlanmış, hətta cavabdeh etdiyi ödənişləri belə qeyd etmişdir (i/v 37) 35.Beləliklə cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 30000 manat pulun olması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. 36.Kollegiya qeyd edir ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 37.Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 38.Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 39.Qanunvericiliyin tələbindən göründüyü kimi, borc müqaviləsində yazılı əqdin konkret hansı formada bağlanması nəzərdə tutulmadığından, yazılı əqd sadə və ya notariat qaydasında da ola bilər. 40.Göründüyü kimi, iddiaçı 2020-ci ildən yaranmış borcları tələb etməsi üçün yazılı (sadə və ya notariat) müqavilə təqdim etməlidir. 41.Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. 42.Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. 43.Müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. 44.Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 45.Kollegiya hesab edir ki, iddiaçı 2020-ci ildən yaranmış borcu tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqd əhəmiyyətsizdir. 46.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrininəlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. 47.Hazırki halda iddiaçının tələb etdiyi 2020-ci ildən yaranmış 30000 manat əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, Cavabdeh əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur. 48.Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 49.Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 50.Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 51.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyindən iddiaçı cavabdehdən 2020-ci ilin aprel ayında verdiyi puldan 30000 manatının geri qaytarılmasını tələb etməkdə haqlıdır. 52.Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 53.Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. 54.Göründüyü kimi, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət iddia müddəti olmaqla, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verməmişdir. 55.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(009)-1224/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməli, 30000 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməlidir. 56.Kollegiya həmçinin qeyd edir ki, prosessual qanunvericiliyin qeyd olunan müddəalarına uyğun olaraq iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. 57.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(009)-1224/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 30000 (otuz min) manat məbləğində pul vəsaiti və 180 (yüz səksən) manat ödənilmiş dövlət rüsumu, cəmi 30180 (otuz min yüz səksən) manat Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5838/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5838/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver