Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-584/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4126/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldığı “Samsung” UE49MU6670UXRU markalı televizorun eyni markadan olan saz televizorla əvəz edilməsi və ya aldığı televizor üçün satıcıya ödədiyi 1200 manat və rüsum olaraq ödədiyi 30 manat, hüquqi müdafiə üçün vəkil bürosuna ödədiyi 120 manat, cəmi 1350 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2019-cu il tarixli baxış iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1350 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, “Sədərək TM”-də elektronika avadanlıqları başqa yerlərlə müqayisədə ucuzdur, ona görə də onların evdə ev təmiri ustası işləyən X1 ilə birlikdə xx.xx.2018-ci il tarixdə ora gəlmişlər. “Sədərək TM”-nin şirniyyat bölməsinin 2-ci sırasında yerləşən “Optimal Elektroniks”in filialı olan mağaza – anbardan 1 ədəd “Samsung” televizoru,1 ədəd “Bosch” duxovkası və 1 ədəd “Bosch” soyuducu almışdır. Bəyəndiyi “Samsung” televizorunu tələb edərkən satıcı bildirmişdir ki, tək 1 ədəd vitrində qalandır, oturacağı (patstavka) cızıq-cızıq idi və 499 manat endirimdədir. O, televizorun divardan asılacağını, oturacağına ehtiyac olmadığını və əsas yaxşı göstərməsini bildirmişdir. Satıcı televizoru elektrik xəttinə qoşduqda heç bir proqramı göstərmədi və ekran işıqlandıqda qıraqlarında qara xətlər var idi. O, televizorun niyə göstərmədiyini soruşmuşdur. Satıcı isə ekranın işıqlananda göstərəcəyini bildirmişdir. Bunu onunla gələn ev təmiri ustası X1 da görüb şahidi olmuşdur. Aldığı və qeyd etdiyi elektronika avadanlıqları həmin mağaza–anbarın sürücüsü tərəfindən evlərinə çatdırıldıqda evdə tək olan, evlərini təmir edən usta Məzahir qəbul edəndə “Samsung” televizoru yenidən elektrik cərəyanına qoşulmuş və mağazadakı kimi yenə də ekran işıqlanıb qıraqları qara qara xətlər olmaqla heç bir verliş göstərməmişdir. Usta Məzahir ondan soruşduqda niyə göstərmir, sürücü bildirmişdir ki, servis işçiləri gələndə onlardan soruşarsınız. Servis işçiləri quraşdırmaq üçün gəlib yoxladıqda bildirmişlər ki, həmin “Samsung” televizorunun ekranı sınıb. Bundan sonra o, televizorun qüsuru barədə mağazaya şikayət etmiş, onlar isə nə pulu qaytarmışlar, nə də televizoru dəyişmişlər. O, AR İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət yazmışdır. Xidmətin rəisi Zahid İsayevin xx.xx.2019-cu il tarixli cavab məktubunda məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4126/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh “xxxx” MMC-dən 1200 (min iki yüz) manat, hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsunu olmaqla, ümumilikdə 1350 (min üç yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, xx.xx.2018 tarixində Cavabdeh MMC-nin “Sədərək” Ticarət Mərkəzində olan mağazasından Samsung markalı televizor alan zaman ev təmiri ustası X1 da onunla bir yerdə olmuş və mağazada həmin televizor elektrik şəbəkəsinə taxılaraq yoxlanılmışdır. Sonradan həmin televizor iddiaçının mənzilinə çatdırılmış və ixtiyarlı şəxs olan bddiaçının sözlərinə görə X1 televizoru yenidən yoxlamış və qəbul etmişdir. İddiaçının sözlərinə görə X1 həm mağazada, həm də mənzildə televizoru yoxlayan zaman guya televizorda qüsur olmuş, ekran işıqlarının qıraqlarında xətlər olmuş, buna baxmayaraq o malı qəbul etmiş və çatdırılma qaiməsinə malın qüsursuz şəkildə təhvil alındığını təsdiq etmişdir. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, Məzahir adlı şəxs imza edərək malı qəbul etmişdir. AR İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevin imzaladığı AS İ HDX-08/01-7/341 saylı məktubdan görünür ki, iddiaçının müraciəti əsasında araşdırma aparılmış, Cavabdeh MMC-nin xx.xx.20xx xxxxxxx 4037 nömrəli məktubu ilə qüsurun mexaniki zərbə nəticəsində yarandığı bildirilmiş və müvafiq texniki rəyin surəti Dövlət Xidmətinə təqdim edilmişdir. Samsung üzrə səlahiyyətli servis mərkəzi olan xx.xx.2018 tarixli “Texnoservis”in menecer müavini N.N.İlyasov tərəfindən təsdiq edilmiş 12/18/ SF000013487 saylı texniki rəydən görünür ki, Samsung markalı televizor tam yoxlanılmış, ekranın dəyişilməli olduğu müəyyən olunmuş və müştəri ödənişli təmirdən imtina etmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı malı qəbul edərkən onu yoxlamış və malda qüsurun olmamasını təsdiq etmişdir. Eyni zamanda işin mübahisəsiz halıdır ki, Samsung brendi üzrə səlahiyyətli servis mərkəzi olan “Texnoservis” mala baxış keçirərək ekranın dəyişilməsinin lazım olduğunu bildirmiş və qüsurun istehsalatdan irəli gəldiyini qeyd etməmişdir (belə olan halda, televizor pulsuz dəyişilərdi). Beləliklə, alıcı malı salamat qəbul etmiş, rəsmi texniki servis isə istehsalat qüsurunun olmadığını ifadə etmişdir. İddiaçı və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, mübahisə predmeti olan televizor zəmanətli olmuşdur. Belə olan halda mülki qanunvericiliyin tələbidir ki, sübutetmə yükü satıcının üzərinə düşür. Satıcı əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsə əşyanın qüsurları üçün cavabdehlik daşıyır. İş üzrə şahid izahatında bildirdi ki, “satıcı televizoru elektrik xəttinə qoşdu. Ekran işıqlandıqda qıraqlarında qara xətlər yarandı. Alıcı televizorun niyə göstərmədiyini soruşanda satıcı ekranın işıqlananda göstərəcəyini bildirdi.” Cavabdeh tərəf bunun əksini sübuta yetirə bilmədi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı ödəniş qəbzinin surətinə əsasən, İddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına 3800 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 112519 saylı çatdırma qaiməsinin surətinə əsasən, “Samsung” markalı televizor İddiaçı–Nəsimi rayonu, Yağmur uşaq baxçasının yanında yerləşən ünvana çatdırılmış və televizoru Məzahir adlı şəxs təhvil almışdır. İş materiallarında olan 256300 saylı zəmanət talonuna əsasən, İddiaçı aldığı “Samsung” markalı televizor üçün “xxxx” MMC tərəfindən 12 ay müddətinə zəmanət verilmiş, avadanlıqda yaranmış nasazlıqların servis mərkəzi tərəfindən malı müştəridən qəbul etdiyi gündən 30 gün müddətində aradan qaldırılması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ********* saylı satış qaiməsinin surətinə əsasən, İddiaçı tərəfindən 1200 manat məbləğində “Samsung” markalı televizor, 640 manat məbləğində “Bosch” markalı duxovka və 1960 manat məbləğində “Bosch” markalı soyuducu alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 2635 saylı müştərinin qəbzinə əsasən,“Samsung” markalı televizorun ayaqlarında cızıq, ekranında isə qırıq olduğu və göstərmədiyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 12/18/SF000013487 saylı “xxxx” tərəfindən verilmiş texniki rəyin surətinə əsasən, “Samsung” markalı televizorda ekranın sınması aşkar olunmuşdur. Televizorda ekran dəyişdirilməlidir. Müştəri ödənişli təmirdən imtina etdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında bildirmişdir ki, həmin mənzildə dizayner kimi işləyir. Həmin əşyalar həm alınan, həm açılan, həm də servis nümayəndələri gələn zaman iştirak edib. Satıcı televizoru elektrik xəttinə qoşdu. Ekran işıqlandıqda qıraqlarında qara xətlər yarandı. Alıcı televizorun niyə göstərmədiyini soruşanda satıcı ekranın işıqlananda göstərəcəyini bildirdi.Əşyalar gətirilən zaman evdə təmir qurtarmışdı. Bütün əşyalar zala qoyuldu və 3-4 gün sonra gəlib soyuducu və duxovkanı qoşdular, televizora isə cavabdeh olmadıqlarını, servis nümayəndələrinin gələcəyini bildirdilər. Servis nümayəndələri sonradan gəldilər, cərəyana qoşanda qaraltılar oldu, nümayəndələr artıq televizorun sınmış olduğunu bildirirdilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehdən xx.xx.2018-ci il tarixdə 1200 manat ödəməklə “Samsung” markalı televizor almış, televizora zəmanət talonu verilmişdir. xx.xx.2018-ci il tarixli, 112519 saylı çatdırma qaiməsinə əsasən həmin televizor İddiaçı– Nəsimi rayonu, Yağmur uşaq baxçasının yanında yerləşən ünvana çatdırılmış və televizoru Məzahir adlı şəxs təhvil almışdır. İddiaçı ona satılan televizorun qüsurlu olduğunu, cavabdeh isə televizorun qüsursuz vəziyyətdə iddiaçıya təhvil verildiyini qeyd edirlər. Kollegiya qeyd edir ki, televizorun çatdırılması ilə bağlı xx.xx.2018-ci il tarixli, 112519 saylı çatdırma qaiməsinin etibarsızlığı təsdiq edilmədiyindən, ümumiyyətlə mübahisələndirilmədiyindən, həmin sənədin mötəbər sübut kimi qəbul edilməsinə və ona istinad olunmasına hər hansı maneə yoxdur. Həmin qaimədən görünür ki, cavabdeh MMC öz üzərinə düşən öhdəliyi icra etmiş, televizoru razılaşdırılmış keyfiyyətdə alıcıya təhvil verilmişdir. Alıcı olan iddiaçı həmin sənədi televizoru qəbul etdikdən sonra imzalamış, televizorda qüsurun olmasına dair hər hansı fikir irəli sürməmişdir. İddiaçı televizor təhvil verilməzdən əvvəl qüsurlu olmasını bəyan etsə də, bu xüsusat sübuta söykənmir. Əksinə, belə bir hal mövcud olsa belə, bu halın onun iradəsinə zidd olaraq, başqa sözlə məcburi şəkildə baş verdiyinə dair iddiaçı hər hansı fikir irəli sürməmişdir. Bu isə onu göstərir ki, iddiaçı televizoru qəbul etməzdən əvvəl ona baxış keçirsin, televizorun məqbul edilmiş hesab ediləcək keyfiyyətdə olub-olmamasını yoxlasın. Buna görə də, xx.xx.2018-ci il tarixli, 112519 saylı çatdırma qaiməsinin mötəbərliyinə hər hansı şübhə yaranmadığından, kollegiya həmin qaiməni mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası şahid ifadəsinə digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin ifadə işdə olan digər sübutlarla öz təsdiqini tapmadığından, mötəbər sübut kimi qəbul edilə bilməz. Kollegiya hesab edir ki, iş materiallarında olan müvafiq sahədə biliyə malik şəxslərmütəxəsis və mühəndis tərəfindən imzalanmış “xxxx” tərəfindən verilmiş rəydə cavabdeh MMC televizorda yaranmış qüsura və onun təmirinə olan münasibətini ifadə etmişdir ki, iş üzrə hər bir tərəfin, o cümlədən MMC-nin belə bir hüququ var. Göründüyü kimi, iddiaçı televizoru qüsursuz qəbul etdikdən sonra, mübahisə predmeti olan televizorda əmələ gəlmiş qüsurun mənbəyini göstərməyə borcludur. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1907 saylı məlumatına əsasən Məhkəmə Ekspertizası mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində məişət avadanlıqları (o cümlədən mübahisə predmeti olan “Samsung UE49MU6670UXRU” markalı, 500230 seriyalı televizor) və onların istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssis fəaliyyət göstərmir (bu növ tədqiqatların aparılması üçün ixtisas dərəcəsi olan ekspert yoxdur.) və məişət avadanlıqlarında yaranmış qüsur və onun səbəbinin müəyyən olunması məhkəmə mühəndis-texniki ekspertizaları şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyil. Odur ki, xx xxxxxx 2019-cu il tarixli qərardadda qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının tələbinin əsaslılığının yoxlanılması üçün ekspertizanın keçirilməsinin mümkünsüzlüyü aşkardır. Belə olan halda, iş materiallarında olan sübutlarla kifayətlənilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İntiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı “Optimal” mağazasına məxsus olduğu “xxxx” MMC xx.xx.2019-cu il tarixli, 4037 saylı məktubla qüsurun mexaniki zərbə nəticəsində yarandığını bildirmiş və müvafiq texniki rəyin surətini Dövlət Xidmətinə təqdim etmişdir. Apellyasiya Məhkəməsi mərhələsində işə cəlb olunmuş Azərbaycan Texniki Universitetinin professoru Ağarəhim Rəhimov rəyində qeyd edir ki, “Samsung UE49MU6670UXRU” markalı, 500230 seriyalı televizorun səthində zədə müşahidə olunur. Televizoru aktivləşdirən zaman ekranın tam funksiyasını yerinə yetirdiyini, lakin ekranda mexaniki təsirdən əmələ gəlmiş zədə olduğunu gördüm. Kənar təsir nəticəsində yaranmış qüsurla bağlı olaraq ekranın sadəcə o hissəsində müəyyən rəng dəyişikliyi görülür. Televizorun ekranının digər hissələrində, sistemində və ekranın informasiyanı qəbul edərək işıqlandırmasında heç bir problem yoxdu. Baxış nəticəsində bəlli olur ki, “Samsung UE49MU6670UXRU” markalı televizorun işləməsi ilə bağlı istehsalat problemi yoxdur. Ekranda əmələ gələn zədə mexaniki təsirin nəticəsidir. Çünki “Samsung UE49MU6670UXRU” markalı televizorlarda sistemlə bağlı problem olduğu zaman ekran öz funksiyasını yerinə yetirmir və informasiyanı ana ekrana ötürmür, hazırkı baxış keçirilən televizorda bu cür bir hal mövcud deyil.Sadəcə kənar təsir nəticəsində ekranın tamlığı pozulmuşdur və ekranın kənar təsirə məruz qalmış hissəsində görüntüdə qüsur yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. MM-nin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. MM-nin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. MM-nin 614.1-ci maddəsinə əsasən, pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. MM-nin 624.1-ci maddəsinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini, alış qiymətinin mütənasib surətdə azaldılmasını, malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını və malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 624.3-cü maddəsinə əsasən, malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. MM-nin 624.4-cü maddəsinə əsasən, bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, işin mübahisəsiz halı ilə müəyyən edilir ki, televizorda meydana gəlmiş qüsur və ya nasazlıq onun ekranının çatlamasından ibarətdir. Sınma, çatlama kimi qüsurlar isə daha çox mexaniki təsir, kənar müdaxilə səbəbindən meydana gəlməsi bəlli fakt olmaqla yanaşı, onların görünən olması, yəni avadanlığın ilkin yoxlanması zamanı müəyyən edilməsinin mümkün olması, iddianın əsassızlığını təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4126/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci, 385.1.2, 385.1.4-cü maddələrinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4126/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə iddiası təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən : imza: Hakimlər: imzalar: Əsli ilə düzdür Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-584/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-584/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver