Məhkəmə qərarları › İş №2(103)-5840/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5840/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5840/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-235/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 6067nkADJ\21 saylı Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə illik 7 dərəcə ilə faiz hesablanması şərti ilə 60 ay müddətinə 17.225 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə kredit məbləğinə hesablanmış faiz məbləğini, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.

2. Tərəflər arasında imzalanmış ödəniş cədvəlinə əsasən cavabdeh 60 ay ərzində, yəni ilk ödənişi xx.xx.2021-ci il tarixdə, sonuncu ödənişi isə xx.xx.2026-cı il tarixdə etmək şərti ilə hər ay 342 manat (sonuncu ay 329,60 manat) məbləğində ödəniş etməli idi

3. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 15.929,38 manat məbləğində əsas, 235,70 manat məbləğində faiz, 73,17 manat məbləğində cərimə, cəmi 16.238,25 manat məbləğində borc yaranmışdır.

4. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişə (məktuba) əsasən cavabdehə həmin tarixə müqavilə üzrə yaranmış 15 939,04 manat borc məbləği barədə məlumat verilməklə, borcun 3 iş gün ərzində ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3076 saylı rəyinə əsasən Cavabdeh iddiaçı “Unibank" X8 Səhmdar Cəmiyyətinə xx.xx.2014-cü il tarixli, 4612nkİNSH/14 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 8.268,60 ABŞ dolları əsas borcu, 3.020.66 ABŞ dolları faiz borcu, xx.xx.2021-ci il tarixli, 6067nkADJ\21 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 15.900,29 manat əsas borcu, 228.79 manat faiz borcu, 73,17 manat məbləğində cərimə borcu yaranmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı “Unibank" X8 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı “Unibank" X8 Səhmdar Cəmiyyətinin xeyrinə 15.929,38 manat əsas, 235,70 manat faiz, 73.17 manat cərimə, cəmi 16.238,25 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 138.72 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 7% ödəmək şərtilə 17.255 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən tərəfindən verilmiş kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə “Unibank" X8 Səhmdar Cəmiyyətinə 15.929,38 manat əsas, 235,70 manat faiz, 73,17 manat cərimə, cəmi 16.238,25 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 235/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli, 6067nkADJ\21 saylı kredit müqaviləsi üzrə 15.900,29 manat əsas, 228,79 manat faiz, 73,17 manat cərimə, cəmi 16.202,25 manat məbləğində borcun və 138,72 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “Unibank" X8 Səhmdar Cəmiyyətinə ödənilməsi, 200 manat ekspertiza xərcinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X6)

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada bağlanmış kredit müqaviləsinə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Lakin cavabdehin kredit müqaviləsi üzrə borcunun məbləğinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən məbləğdən daha yüksək olduğundan məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğləri xüsusi biliyə malik olan ekspert tərəfindən verilmiş ekspert rəyi nəzərə alınaraq tutulmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 449.4-cü, 739.1-ci, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 88-ci, 107-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əsassız olaraq müqavilə şərtləri üzrə verdiyindən daha artıq məbləği ondan tələb edir. Ekspert rəyi məhkəmə üçün məcburi deyildir və qanunvericilikdə müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilir. Məhkəmə əsas və faiz borcuna münasibətdə onun mövqeyini nəzərə almamış və ekspert rəyini əsas götürmüşdür. İddiaçının iddiasının təmin olunması zamanı məhkəmə iddiaçının mənafeyinə uyğun şəkildə kredit müqaviləsinə əsasən borc məbləğini müəyyən etmişdir. Onun banka olan borcuna münasibətdə iddiaçının ona ödətdirdiyi məbləğ daha yüksəkdir. Həmin məqamı tam araşdırmayan məhkəmə mövcud olan sübutlara münasibətdə yanlış hüquqi nəticəyə gəldiyindən məhkəmənin sözügedən qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddiaçının tələbinin əsasının təşkil edən kredit müqaviləsi ilə yanaşı əvvəlki kredit müqaviləsinə münasibətdə düzgün araşdırma aparılmamışdır. Məhkəmənin əsas sübut kimi istinad etdiyi kredit müqaviləsi üzrə verilmiş rəyləri qeyri-obyektiv və əsassız hesab edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırki apellyasiya şikayətində qətnamədə cavabdehdən tutulmalı məbləğə münasibətdə qətnamənin dəyişdirilməsi xahiş olunduğundan, qətnamə məhz cavabdehdən tutulmuş məbləğ hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən borcun şişildilmiş olduğunu qeyd etməklə, dolayısı ilə borcun mövcud olduğunu etiraf edir, sadəcə hesablanmış əsas, faiz və cərimə borcunun məbləği ilə razı deyil və həmin hissədə qətnamənin dəyişdirilməsini xahiş edir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

23. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini rəhbər tutub borc məbləğinin şişirdilmiş olmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəflərin istinad etdiyi halları sübut etmə vəzifəsini tərəfin üzərinə qoyur. Başqa sözlə, cavabdeh nə birinci nə də apellyasiya instansiya məhkəməsində bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh apellyasiya şikayətində ümumi olaraq borc məbləğinin şişildilmiş olmasını vurğulasa da, iddia tələbinin hansı həcmdə dəyişdirilməli olması ilə bağlı heç bir dəlil irəli sürməmişdir.

24. Nəticə etibarı ilə cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3076 saylı rəyi ilə müəyyən edilmiş borc məbləğindən daha az məbləğdə əsas, faiz və cərimə borcunun olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.

25. Nəzərə alınmalıdır ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin təyinatı tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 10.143 ABŞ dolları məbləğində borcun bağlanması olmuşdur. Halbuki məhkəmə ekspertinin qeyd edilən rəyində xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə (8.268,60 + 3.020,66) 11.289,26 ABŞ dolları, yəni daha yüksək məbləğdə borcunun olduğu göstərilmişdir. Başqa sözlə, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanan zaman xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə daha yüksək məbləğdə borc mövcud olmuşdur.

26. Bununla belə, cavabdeh apellyasiya şikayətinin dəlillərinə və öz mövqeyinə uyğun olaraq, nə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 10.143 ABŞ dolları məbləğində borcdan daha az borcunun olduğunu (halbuki, xx.xx.2021ci il tarixli kredit müqaviləsinin bağlanması, yəni onun tərəfindən imzalanması artıq bu məbləğin mübahisələndirilməsini istisna edir və sonradan xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlər aparması da həmin müqaviləni bəyənməsi kimi qiymətləndirilir), nədə ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə ekspertinin rəyində göstərilən borc məbləğindən daha az məbləğdə borcunun yarandığını sübuta yetirə bilir. Hər bir halda, reallıqda ödənilmiş, lakin hesabdan çıxarış məlumatlarında əks olunmamış ödənişlər mövcuddursa, cavabdeh bunu təsdiq edən ödəniş qəbzləri təqdim etməli idi, lakin etməmişdir. Məhkəmə kollegiyası da ödənilmiş, lakin iddiaçı tərəfindən nəzərə alınmamış hər hansı ödənişin olmasını müəyyən etməmişdir.

27. İddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən cərimə borcunun ödənilməsini tələb edir. Bu məbləğə münasibətdə də iddiaçının tələbi ilə məhkəmə ekspertinin mövqeyi üst-üstə düşür.

28. Ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi, habelə borcun hər hansı başqa qaydada hesablanması üçün də əsas mövcud deyil. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qəbul etməsi və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış borcun müəyyən edilməsi zamanı bu rəyi əsas götürməsi mövqeyi ilə razılaşır və belə qənaətə gəlir ki, həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə məhz 15.900,29 manat əsas, 228,79 manat faiz və 73,17 manat cərimə borcu yaranmışdır.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392- 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-235/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar