Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5841/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-672/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş 3610 manat məbləğində faktiki ziyan, 5280 manat məbləğində əldən çıxmış fayda olmaqla maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 19.02.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinində qiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı xeyrinə Cavabdeh1 6890 manat məbləğində maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçıya məxsus “FordTransit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarəetməsi altında, 03.03.2020-ci il tarixində, saat təxminən 17- 00 radələrində Ş.Mehdiyev küçəsi ilə Haqverdiyev küçəsi istiqamətində hərəkətdə olan zaman sağ zolaqla hərəkət edən cavabdehlərdən biri olan Cavabdeh2 mülkiyyətində olan, digər Cavabdeh1 isə idarə və istifadə etdiyi “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşılarında manevr etmiş və sonuncu yol hərəkəti qaydalarını pozaraq hərəkətdə olduğu zolağa daxil olmaqla iddiaçıya məxsus avtomobillə toqquşmuşdur, toqquşma nəticəsində avtomobilə maddi zərər dəymişdir, hadisə yerinə yol patrul xidməti əməkdaşları çağırılmış, Yasamal rayonu DYPŞ-nin əməkdaşları tərəfindən hadisə üzrə inzibati protokol tərtib olunmuşdur, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 469.1 və 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur, Cavabdeh1 təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi üzrə iddiaçıya məxsus avtomobilə 3610 manat məbləğində maddi ziyan dəymişdir, bu barədə müvafiq mütəxəsislər tərəfindən 06.03.2020-ci il tarixdə Ziyan Aktıda tərtib olunmuşdur, cavabdehin İXM-in 469.1-ci maddəsi ilə təqsirli bilinməsindən də avtomobilə dair icbari sığorta müqaviləsi bağlamadığı görünür, buna görə də, iddiaçı sığorta təşkilatından hər hansı məbləğdə sığorta ödənişi ala bilməmişdir. Vəkil həmçinin izahatında bildirdi ki, iddiaçı müvafiq nəqliyyat vasitəsini müxtəlif hüquqi və fiziki şəxslərə icarəyə verməklə ondan gəlir əldə edirmiş, yolnəqliyyat hadisəsi zamanı da avtomobil 03.06.2019-cu il tarixli müqavilə əsasında “xxxx” MMC-yə icarəyə verilmişdi, müqavilədən də göründüyü kimi iddiaçı aylıq 800 manat həmin avtomobilin icarəsindən gəlir əldə edirmiş, bu hadisə ilə əlaqədar olaraq o, faktiki olaraq əldə edə biləcəyi gəlirlərdən də məhrum olmuşdur, avtomobilin yararsız vəziyyətə düşdüyü müddət ərzində cavabdehin bəhanəli yalançı ödəniş vədləri, pandemiya səbəbindən müxtəlif xidmət sahələrinin tam və ya qismən qapalı olması səbəbi ilə həmin müddətdə avtomobili təmir etdirə bilməmişdir, cavabdehlər vurduqarı ziyanı dərhal ödəsəydilər iddiaçı bu hallarla qarşılaşmaz, gəlirlərdən də məhrum olmazdı. O, həmçinin bildirdi ki, avtomobil “xxxx” MMC-nin avtomobil təmiri xidməti tərəfindən təmir edilmiş, avtomobili icarəyə götürən və onu təmir edən eyni hüquqi şəxsdir, təmir müddəti 09.09.2020-ci il tarixdən 21.09.2020-ci il tarixədək olmaqla 12 günü əhatə etmişdir, avtomobil, təmirdən sonra yenilənmiş icarə müqaviləsi əsasında həmin müəssisə tərəfindən istifadəsi davam etdirilmişdir, avtomobilin boş dayanma hallarında icarə müqaviləsi üzrə nəzərdə tutulan icarə haqqı əldən çıxmış fayda kimi nəzərə alınmalı, əldən çıxmış fayda formasında dəymiş zərər avtomobilin boşdayanma müddəti olan yol-nəqliyyat hadisəsinin baş verdiyi 03.03.2020-ci il tarixdən yenidən icarə məqsədilə istifadəyə yararlı olduğu 21.09.2020-ci il tarixədək olan 6 ay 18 gün müddət dövrü üzrə 5280 manat hesablanmalıdır, həmin məbləğ və real maddi zərər kimi isə 1610 manat məbləğ Cavabdeh1 tutularaq iddiaçıya ödənməli, Cavabdeh2la qarşılıqlı razılaşma əldə etdiklərindən, Cavabdeh2 vurulmuş maddi zərərə görə 2000 manat ödəməyi öz öhdəsinə götürdüyündən ona qarşı hər hansı bir iddia tələbi yoxdur. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-672/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 dəymiş maddi zərərin əvəzi kimi 1610 manat, 427 manat əldən çıxmış fayda olmaqla, cəmi 2037 (iki min otuz yeddi) manat pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pulun alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək, iş üzrə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, nəqliyyat vasitəsinin boş dayanma müddətini pandemiya dövrü ilə əlaqələndirib fors-major hal kimi qiymətləndirilməsi zamanı Məhkəmə unutmuşdur ki, mülki hüquq normalarının tələblərinə əsasən fors-major hal yalnız tərəflər arasında müqavilə mövcud olduğu və bu müqavilənin şərtlərinə uyğun olaraq həmin müddətdə öhdəliklərdən azad olunma barədə razılıq əldə edildiyi təqdirdə tətbiq edilir. Yəni, hazırkı mübahisə üzrə mülkihüquqi məsuliyyət daşıyan cavabdeh şəxslə iddiaçı arasında hər hansı müqavilə mövcud olmadığından fors-major halın tətbiq edilməsi iddiaçının hüquq və qanuni mənafelərinin kobudcasına pozulmasından başqa mənanı ehtiva etmir! Həmçinin, məlumdur ki, pandemiyanı forsmajor xarakterizə olunan hal kimi tanınması və məhz bu hal üzrə məsuliyyətin istisna edilməsi barədə hər hansı hüquqi akt qəbul edilməmişdir. Praktiki baxımından isə pandemiya dövründə nə vergi ödənişləri üzrə, nə bank xidmətləri üzrə, nə mənzil-kommunal xidmətləri üzrə, nə də digər sahələr üzrə dövlət tərəfindən güzəştlərin təmin edilməsi üçün heç bir tədbir görülməmişdir. Bütün bu hallar da pandemiyanın fors major hal kimi qiymətləndirilməsini istisna edir. Nəqliyyat vasitəsi yararlı olduğu müddətdə icarə haqlarının ödənişi üzrə əldə etdiyi gəlirlərin sübutu olan məxaric qəbzləri də tərəflərindən məhkəməyə əlavə sübut qismində təqdim edilmişdir. Məhkmə sübutları obyektiv qiymətləndirməmiş, nəticədə əldən çıxmış fayda üzrə düzgün hesablama aparmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinə əsasən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əldən çıxmış fayda ilə bağlı 5280 manat məbləğində pulun tutulmasının qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiaçının maddi zərərin əvəzi kimi 1610 manat məbləğində pulun tutulması hissəsidə iddia tələbi təmin edilmiş, həmin hissədə apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: AD seriyalı, 323040 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. ƏN-İV seriyalı, 612539 saylı nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti Cavabdeh2 tərəfindən Cavabdeh1 etibar edilmişdir. 27/19 saylı, 03.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, “FordTransit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aylıq 800 manat icarə haqqı müqabilində, 31.12.2021-ci il tarixinədək İddiaçı tərəfindən “xxxx” MMC-yə icarəyə verilmişdir. 27/19 saylı, 03.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə 1 saylı, 05.03.2020-ci il tarixli əlavədən görünür ki, 03.03.2020-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşdüyündən həmin tarixdən nəqliyyat vasitəsi yenidən yararlı vəziyyətə gətirilənədək müqavilənin müddət axımı dayandırılmış, tərəflər müqavilə üzrə öhdəliklərdən azad edilmişlər. 27/19 saylı, 03.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə 2 saylı, 21.09.2020-ci il tarixli əlavədən görünür ki, 01 saylı əlavə ilə dayandırılmış müddət axımı bərpa edilmişdir. “xxxx” MMC-nin “FordTransit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər barəsində 06.03.2020-ci il tarixli Aktından görünür ki, nəqliyyat vasitəsinin təmir-bərpa xərci 3610 manat təşkil edir. İXP seriyalı ******* saylı, 03.03.2020-ci il tarixli inzibatixəta haqqında protokoldan görünür ki, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 AR İXM-in 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 03.03.2020-ci il tarixdə, saat 17:00-da Yasamal rayonu, Ş.Mehdiyev küçəsində “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-in 469.1 və 327.1-ci maddələrində nəzədə tutulmuş inzibati xətanı törətmiş, buna görə də, 40 manat cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. “xxxx” MMC tərəfindən verilmiş 06.03.2020-ci il tarixli aktdan görünür ki, yol-nəqliyyat şadisəsi zamanı “Ford Transit” markalı, ** GF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə toplam 3610 manat olmaqla maddi zərər dəymişdir. “xxxx” MMC tərəfindən verilmiş ƏXZ/1 seriyalı, 569158 saylı kassa mədaxil qəbzindən görünür ki, İddiaçı 06.03.2020-ci il tarixli qüsur aktına əsasən avtomobilin təmiri üçün 3610 manat kassaya mədaxil etmişdir. Birinci instansiya məkəməsi araşdırılmış sübutlar əsasında müəyyən etmişdir ki, “Ford Transit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə Cavabdeh2 mülkiyyətindədir, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti Cavabdeh2 tərəfindən Cavabdeh1 etibar edilmişdir, “Ford Transit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında aylıq 800 manat icarə haqqı müqabilində, 31.12.2021ci il tarixinədək İddiaçı tərəfindən “xxxx” MMC-yə icarəyə verilmişdir, 03.03.2020-ci il tarixində Cavabdeh1 hüquqazidd əməli nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir, yol–nəqliyyat hadisəsinin baş verməsinin nəticəsində Cavabdeh1 tərəfindən idarə edilən “BMW 318İ” markalı, **- FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı məxsus “Ford Transit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur, Cavabdeh1 nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətdiyindən ona cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur, nəqliyyat vasitəsinin təmir-bərpa xərci 3610 manat təşkil edir, nəqliyyat vasitəsinin təmir edilməsi üçün həmin pul məbləği iddiaçı tərəfindən 04.09.2020-ci il tarixində ödənilmişdir, nəqliyyat vasitəsi 05.09.2020cil tarixdən 20.09.2020-ci il tarixədək təmirdə olmuşdur, avtomobili təmir edən müəssisə ilə icarəçi eyni hüquqi şəxsdir, 21.09.2020-ci il tarixindən etibarən nəqliyyat vasitəsi yenidən icarəyə verilməsi barədə icarəyə verən İddiaçı ilə “xxxx” MMC” arasında razılaşma bağlanmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci maddələrinə istinad etmişdir. Mübahisələndirilən hissədə məhkəmə qeyd etmişdir ki, avtomobilin təmirdə olduğu 05.09.2020-20.09.2020-ci il tarix dövrü 16 gündür, 800 manat aylıq icarə haqqı 16 gün üçün, 800 manat : 30 gün x 16 gün hesabı üzrə müəyyən olunan 427 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabadehin təqsirkar əməli nəticəsində iddiaçıya əmlakın zədələnməsi nəticəsində adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum olduğu 427 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iddiaçı tərəfin izahatında qeyd etdiyi kimi təmir günləri üçün əldən çıxmış faydanı nəzərə almışdır. İddiaçı tərəf zərər kimi avtomobilin boşdayanma müddəti olan yol-nəqliyyat hadisəsinin baş verdiyi 03.03.2020-ci il tarixdən yenidən icarə məqsədilə istifadəyə yararlı olduğu 21.09.2020-ci il tarixədək olan 6 ay 18 gün müddət dövrü üzrə 5280 manat hesablanmasını xahiş etsə də, avtomobilin 03.03.2020-ci il tarixdən hansı müddətdə boşdayanmasını təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Kollegiya apellyatorun istinad etdiyi kassa məxaric orderlərini boşdayanma müddətinin müəyyən olunmasının sübutu kimi qəbul etmir. Belə ki, iş materiallarından İnzibati tənbeh vermə haqqında EQ ******* saylı elektron qərardan görünür ki, İddiaçı məxsus “FordTransit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil 31.03.2020-ci il tarixdə saat 14-09-57-də Bakı şəhəri Qələbə dairəsi istiqamətində yüksək sürət həddini aşma əsası ilə AR İXM-nin 328.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, İddiaçı inzibati məsuliyyətə cəlb edilərək, həmin tarixli qərarla 10 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, İddiaçı məxsus “FordTransit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil nəinki boş dayanmış, Bakı şəhərinin mərkəzi küçəsində 31 mart 2020-ci il tarixdə yüksək sürət həddi ilə inzibati xəta hadisəsi törətməklə, hərəkətdə olmuşdur. Hansıki, iddiaçının təqdim etdiyi 06.03.2020-ci il tarixli qüsur aktında (i/v 17) dəyişilməli olan hissələr (məsələn akkumulyator, radiator və.s) avtomoblin hərəkətini məhdudlaşdırır. Digər tərəfdən iddiaçının “xxxx” MMC ilə bağladığı nəqliyyat vasitəsinin icarə müqavilələrinin AR DİN BDYPİ-də qeydiyyatdan keçməsi müəyyən olunmur. Belə ki, yüksək sürət həddini aşmağa görə “xxxx” MMC deyil, İddiaçı elektron qaydada cərimə edilmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)- 672/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5841/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5841/2021
23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver