Məhkəmə qərarları › İş №2(103)-5847/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5847/2022

30.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5847/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı X2 Cavabdeh X9 və cavabdehin vəkili X5 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1846/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci ıl təvəllüdlü X1 yetkinik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər uşaqa görə 150 manat olmaqla cəmi müəyyən olunmuş 300 manat alimentin məbləğinin artıtılaraq cavabdehdən hər ay hər bir uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment və tərəfindən ödənilmiş 50 manat mediasiya xərci tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1846/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdın tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat aliment məbləği müəyyən olunmuş, iddia təlbi qalan hissədə təmin edilməmişdir.

3. İddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Cavabdeh qətnaməni mübahisələndirmişdir. Apellyasiya şikayəti və onun dəliləri:

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, onun qazancı artmayıb, iddiaçı da onun gəlirinin artması barədə hər hansı mötəbər sübut təqdim edə bilməyib, rayon məhkəmə də qətnamə qəbul edərkən maddi hüquq normalarını pozaraq, yəni alimenti artırarkən alimenti ödəyənin maddi təminat səviyyəsini nəzərə almadan alimentin artırılmasını qət etmişdir. Apellyasiya sikayətində qətnamənin ləğv edilərək tələbin təmin olunan hissəsinin də rədd olunması xahiş olunmuşdur. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, cəmi 658 manat əmək haqqı alır, əvvəlki məhkəmə qətnaməsinə uyğun olaraq hər uşağa görə 150 manat olmaqla, ümumilikdə, əmək haqqının 300 manatlıq hissəsi alimentin ödənilməsi üçün tutulur, əlavə olaraq nikah dövründə ailə ehtiyaclarının ödənilməsi üçün bankdan alınan kreditin də ödənişlərini o həyata keçirir və əmək haqqının 220 manatı da kreditin ödənilməsi üçün sərf olunur.

6. Cavabdeh həmçinin bildirdi ki, hazırda məişət xərcləri də xeyli artıb və onun hazırki əmək haqqı bunu ödəməyə imkan vermir, belə ki onun anası xəstədir və özü də hazırda ikinci dəfə ailə həyatı qurub. Bu ödənişlərin onun əmək haqqına münasibətdə onsuz da çoxdur və aliment məbləği də artırılarsa, əmək haqqından geriyə cüzi məbləğ qalır ki, bununla da normal yaşayışı təmin etmək mümkün deyil. Həmçinin hazırda polis baş serjantı kimi fəaliyyət göstərir və bununla əlaqədar olaraq qazanc əldə etmək üçün hər hansı başqa fəaliyyətlə də məşğul ola bilmir, eyni zamanda alimentin artırılması üçün əsaslardan biri aliment ödəyən şəxsin gəlirində artımların mövcudluğu olsa da, onun əmək haqqında bu müddət ərzində hansısa artım olmamışdır, iddiaçı hazırda heç bir gəlirinin olmadığını bildirsə də, o hazırda gözəllik salınlarının birində çalışır və gündəlik gəlirləri var.

7. Cavabdehin vəkili E.Məmmədov apellyasiya şikayətini müdafiə edərək cavabdehin fikirlərini təsdiqləyərək, göstərdi ki, iddiaçının ilk dəfə aliment tələbi üzrə Nərimanov Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat aliment tutmuş, lakin cavabdehin şikayəti əsasında Bakı Apellyasiya Məkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsinin ilə müəyyən olunmuş alimentin məbləğini azaldaraq hər uşaq üçün 150 manat müəyyən etmişdir. Belə olan halda rayon məhkəməsi tərəfindən bir il sonra cavabdehdən tutulan alimentin məbləğinin yalnız müəyyən vaxt keçməsinə əsasən artırılması aşkar əsassız olmuşdur, ona görə də qətnamənin ləğv olunmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, hazırda ailəsinə məxsus evdə uşaqları ilə birgə yaşayır və hazırki aliment məbləği uşaqların ehtiyaclarını ödəmədiyindən alimentin artırılmasına ehtiyac var, eyni zamanda da bildirdi ki, o, bacısı ilə yaşayır, gözəllik salonunda işləyən də o deyil, bacısıdır, bunun hazırki məsələ ilə əlaqəsi yoxdur, bu halları nəzərə alaraq rayon məhkəməsinin qətnaməsinin qüvvədə qalmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

9. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3 doğulmuşdur.

10. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur.

11. Nərimanov Rayon Məhkəməsinin 2(005)-269/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X9 ilə İsgəndərova (Quliyeva) Nərmin Şahın qızı arasında xx.xx.2014-cü ildə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 1279 nömrəli akt qeydi ilə rəsmləşdirilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-cı il təvəllüdlü X4 (anası) İsgəndərova (Quliyeva) Nərmin Şahin qızının yanında saxlanılması qətnamə edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8493/2020 saylı, xx.xx.2020-ci ıl tarixli qətnaməsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi cavabdehdən hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması hissəsində dəyişdirilməsi və alimentin miqdarı hər uşağa görə hər ay 150 manat, cəmi 300 manat müəyyən edilməsi qət edilmişdir.

13. Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən AZ45464 nömrəli vəsiqənin surətinə əsasən V.İsgəndərov hazırda polis baş serjantı kimi fəaliyyət göstərir.

14. Cavabdeh tərəfindən təqdim edilən 22960 və 68027 nömrəli qəbzlərin surətindən görünür ki, kredit ödənişini həyata keçirmək üçün cavabdeh tərəfindən 220 manat ödəniş edilmişdir.

15. AZ-İİ № 532292 nömrəli nikah haqqında şəhadətnaməsin surətindən görünür ki, cavabdeh 09 sentyabr 2022-ci ildə X8 ilə nikaha daxil olmuşdur.

16. AR DİN Baş Mühafizə İdarəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizə üzrə Polis İdarəsi tərəfindən təqdim edilən arayışa əsasən V.İsgəndərovun hazırki əmək haqql 658,37 manat təşkil edir. Hüquqi dəyərləndirmə:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tələbin təmin olunmuş hissəsində yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Məhkəmə kollegiyası gəlmiş tərəfin izahatını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə tələbin təmin olunmuş hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə də rədd edilməlidir.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda ... nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

22. Həmin Məcəllənin 22.2.1-22.2.2-ci maddələrinə əsasən məhkəmə boşanmadan sonra iddia tələbindən asılı olmayaraq boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların hansı valideynin yanında qalması və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

24. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. Mübahisələndirilən qətnamədən müəyyən olunur ki, əvvəllər müəyyən olunmuş alimentin miqdarının artırılmasına dair iddia tələbini qismən təmin edərkən rayon məhkəmə yalnız 2022-ci il üçün yaşayış minimunun uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmasına istinad etmişdir. Başqa hər hansı əsaslandırma aparmamışdır. Halbuki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li Qərarında 8.13-cü bəndində göstərilmişdir ki,......alimentin miqdarının artırılması barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliklərin olduğunu müəyyən etməlidir...... 27.“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016-cı il tarixli Qərarında da göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər hallarını nəzərə almalıdır. Buna baxmayaraq, rayon məhkəməsi hazırkı işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, eləcə də işdə olan sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticəni yetərincə əsaslandırmamışdır. 28.Belə ki, rayon məhkəməsi iddiaçının bundan əvvəlki tələbi üzrə cavabdehdən tutulan alimentin məbləinin hər uşaq üçün 170 manat müəyyən edən rayon məhkəməsinin qətnaməsinin məhz cavabdehin şikayəti əsasında azaldaraq 150 manat müəyyən etmiş apellyasiya instansiya məhkəməsinin qüvvəd olan qətnaməsi ilə müəyyən olunmuş halları nəzərə almamışdır. Həmin qətnamə ilə cavabdehin konkret məbləğdə əməkhaqqı aldığı, onun başqa gəlirlərinin olmadığı, rayon məhkəsinin müəyyən etdiyi cəmi 340 manat miqdarında əlimentin tutulmasının cavabdehin özünün dolanışığı üçün ədalətli olmadığı müəyyən olunmuşdur. 29.İddiaçı da hazırkı tələbi ilə bağlı məhkəməyə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbulundan keçən müdət ərzində cavabdehin maddi vəziyyətinin -gəlirlərinin artmasına dair hər hansı sübut təqdim etməmişdir. Demək ki, rayon məhkəməsi tərəfindən cavabdehdən tutulacaq alimentin miqdarının artırılmasına dair gəlinən qənat qanuni və əsaslı olmamışdır. 30.Prossesual qanunun tələbinə görə məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır(maddə 217.1.). Rayon məhkəməsi qətnaməsini MPM-in 217.2-ci maddəsinin tələblərinə müvafiq şəkildə əsaslandırmamışdır. Nəticə: 31.Məhkəmə kollegiyası hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsində ləğv olunmalı və həmin hissədə tələbin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidie. 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 33.Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

34. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

35. Hazırkı halda, apellyasiya şikayəti əsasında qəbul edilmiş qətnamə ilə tutulan məbləğ 5000 manatı keçmədiyindən prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1846/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbləri həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar