Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5849/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2021-cı il tarixli, 2(004)-4388/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2019cu il tarixli, 2(004)-6842/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(004)- 4388/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərardadı ilə şikayətin qaytarılması qərara alınmışdır (qanunla müəyyən olunmuş qaydada və formada dövlət rüsumunun ödənilməməsi əsası üzrə). Cavabdeh sonradan, yəni 24 iyun 2022-ci il tarixdə prosessual müddətin bərpasına dair ərizə verərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadı ilə cavabdeh ərizə təmin olunmuş, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş və mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsi cavabdehin apellyasiya şikayətini geri qaytardıqdan sonra, həmin tərəf yalnız buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsinə yeni apellyasiya şikayətini əlavə etməmişdir. Halbuki, MPM-in 133-cü maddəsi müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlərin (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) edilməli olmasını tənzimləyir. Əks halda, müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxıla bilməz. Bu səbəbdən də, müddətin bərpasına dair ərizəyə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş yeni apellyasiya şikayəti əlavə olunmalı idi. Çünki, əvvəlki apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılmışdır (işdə əvvəlki, yəni qaytarılmış apellyasiya şikayətinin surətinin qalması vəziyyəti dəyişdirmir). Birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, əsassız olaraq müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2021-cı il tarixli, 2(004)-4388/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5849/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5849/2022
04.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver