Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5854/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin vəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(004)-2616/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçıya məxsus ipoteka predmeti olan “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC tərəfindən dəyərindən aşağı qiymətləndirilmiş, həmin qiymətləndirmə rəyi məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. 2.İddiaçı həmin qiymətləndirmə rəyinə əsasən avtomobilin dəyərindən dəfələrlə aşağı qiymətə satıldığını, nəticədə ona zərər dəydiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərər qismində 11200 manat, dövlət rüsumuna görə ödnilmiş 124 manat və vəkilə göstərdiyi hüquqi yardıma görə 320 manat olmaqla, cəmi 11644 manat miqdarında pul məbləğinin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı NAPSLSRALDD1191046 ban nömrəli qara rəngli avtomobili 2013-cü ildə "xxxx" MMC-dən 15000 manata kreditlə almışdır. Həmin avtomobil üçün 4800 manat ilkin ödəniş etmiş, qalan 10200 manatı isə “Nikoyl” İKB-nin 6 saylı filialı ilə xx.xx.2013-cü il tarixli 17-A-1-0-2622-13 saylı kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə illik 21% olmaqla kredit götürmüşdür. "xxxx" MMC həmin kredit müqaviləsi üzrə 27 iyun 2013-cü il tarixdə 17-A-1-0-2622- 13 saylı zaminlik müqaviləsi ilə iddiaçıya zamin durmuşdur. Daha sonra iddiaçı qeyd olunan avtomobili daha yaxşı avtomobil almaq üçün satmaq qərarına gəlmiş və onu etibarnamə əsasında satmışdır. Razılaşmaya əsasən, həmin şəxs ilkin ödənişi iddiaçıya ödəmişdir. Bundan sonra həmin şəxs avtomobilin kredit müqaviləsi üzrə borcları ödəməli və avtomobil yüklülükdən azad olduqdan sonra etibarnamə əsasında öz adına keçirməli idi. Lakin, həmin şəxs kredit borcunu ödəməmişdir. Buna görə də zamin "xxxx" MMC iddiaçının əvəzinə 7954 manat məbləğində pulu banka ödəməli olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(010)-1916/2014 saylı qətnaməsinə əsasən, ipoteka predmeti olan “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması qət edilmişdir. Bundan sonra Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-13134-14/12-923 saylı, 12 yanvar 2018-ci il tarixli məktubuna əsasən, ipoteka predmeti olan “Renault Tondar” markalı, 99-ET904 dövlət qeydiyyat nişanlıavtomobil 15 fevral 2018-ci il tarixində saat 11:00-da “X5” MMC tərəfindən ünvan 1 ünvanında keçirilən hərraca çıxarılmışdır. “X5” MMC tərəfindən hərracın keçirilməsi barədə iddiaçıya qanunvericiliyin tələbinə uyğun olaraq məlumat verilməmişdir. “X5” MMC-nin hərracın yekunları barədə 15 fevral 2018-ci il tarixli, 30 saylı protokolundan görünür ki, “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil son satış qiyməti 2830 manat olmaqla X1. Hərrac zamanı Cavabdeh MMC-nin QR 326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyi ilə əmlakın bazar qiymətini 2800 manat olaraq müəyyən etmişdir. Aşağıda qeyd olunan dəlillər Cavabdeh MMC tərəfindən sözügedən əmlakın bazar dəyərinin yanlış qiymətləndirildiyini, həmin qiymətləndirmənin iddiaçının əmlak vəziyyətinin ağırlaşmasına səbəb olaraq hüquq pozuntusuna şərait yaratdığını və buna görə də iddiaçıya dəymiş maddi zərərin "xxxx" MMC-dən tutulmalı olduğunu ortaya qoyur. Həmin hərracda sözügedən əmlakın qiyməti cavabdeh tərəfindən bazar dəyərindən ən azı 5 dəfə az qiymətləndirilmişdir: Belə ki, Cavabdeh MMC-nin QR 326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2017-ci il tarixə bazar qiyməti cəmi 2800 manat olaraq müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehlər "xxxx" MMC (əvvəlki “X5” MMC) və Cavabdeh MMC-yə qarşı “hərracın nəticələrinin və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, e-2(005)-55/2023 saylı qətnamə ilə əmlakın hərrac dəyərindən dəfələrlə aşağı qiymətləndirilməsi barədə arqument əsaslı hesab edilmişdir. Belə ki, ipoteka predmetinin hərraca çıxarılması proseduru çərçivəsində (icra icraatı zamanı) keçirilmiş mübahisələndirilən qiymətləndirmə rəyi ilə “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2017-ci il tarixi üçün 2800 manat bazar qiyməti qoyulmuş, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən təyin edilən qiymətləndirici "xxxx" MMC isə həmin avtomobilin xx.xx.2017-ci il tarixinə real bazar dəyərini 14720 manat, likvid dəyərini isə 12800 manat kimi müəyyən etmişdir. Bu səbəbdən məhkəmə tərəfindən təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və əldə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7147 saylı ekspert rəyi ilə “Renault Tondar” markalı 2013-cü il buraxılışlı avtomobilin 2017-ci ilin dekabr ayına nəzəri orta bazar qiymətinin 14000 manat, likvid dəyərinin isə 13500 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Məhkəmə əldə olunmuş qiymətləndirici rəylərinə əsasən qət etmişdir ki, Cavabdeh MMC avtomobili qiymətləndirərkən həmin vaxt təşəkkül tapmış qiymətləri araşdırmamış, qiymətləndirməni səthi aparmış, avtomobilə dair zəruri sənədlərlə tanış olub onun dəyərinə təsir edən amilləri nəzərə almamış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməmiş, nəticədə əmlakı real dəyərindən aşağı qiymətləndirməklə iddiaçının hüququnun pozuntusuna şərait yaratmış və nəticədə, əmlak real dəyərindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən xx.xx.2023-cü il tarixli, e-2(005)-55/2023 saylı qətnaməsi isə artıqqanuni qüvvəyə mindiyinə görə sözügedən əmlakın qiymətinin cavabdeh tərəfindən bazar dəyərindən azı 5 dəfə az dəyərləndirilməsi faktı artıq öz təsdiqini tapmış sayılır və preyudisial əhəmiyyət daşıyır. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 14 avqust 2024-cü il tarixli, 2(004)-2616/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Fariz Əlizadə) iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan: 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-55/2023 saylı qətnaməsindən görünür ki, mübahisə predmeti olan avtomobilin dəyərindən dəfələrlə aşağı qiymətləndirilməsi və hərrac prosedurasının pozulması əsası ilə keçirilmiş müvafiq hərracın yekun protokolu etibarsız hesab edilmişdir. Həmçinin, müəyyən edilir ki, sözügedən avtomobil vicdanlı üçüncü şəxs tərəfindən əldə edilmişdir. 7.İddia tələbini rədd edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1.Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2.Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3.Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə 1-ci dispozitiv şərt yerinə yetirilmir. 8.Belə ki, qiymətləndirmə fəaliyyəti haqqında müvafiq qanunvericiliyin (rəy verilmiş müvafiq dövrdə qüvvədə olmuş) təhlili nəticəsində cavabdeh qiymətləndirici hüquqi şəxsin məsuliyyətinin (təqsir) hüquqi əsası müəyyən edilmir. Belə ki, müvafiq qanunvericiliyə əsasən qiymətləndiricinin məsuliyyətinin əsasları (konkret hərəkətlər), həddləri müəyyən edilməmişdir. 9.Məhkəmə məsuliyyətin (öhdəlik) yükləyici olması xüsusatını nəzərə almaqla anologiya üzrə tətbiq edərək cavabdehin təqsirini müəyyən etməyi, özünü digər məhkəmə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi) qətnaməsindən tam asılı etməyi əsaslı hesab etməmişdir. 10.Məhkəmə həmçinin qeyd etmişdir ki, müvafiq rəy sifariş vermiş orqan tərəfindən mötəbər hesab edildikdə hüquqi əsas kimi nəzərdən keçirilə bilər. Yəni, hər hansı qiymətləndirmə rəyi imperativ xarakter daşımır, sifariş tərəfindən yenidən qiymətləndirmənin həyata keçirilməsi yolveriləndir. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1 və216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 12.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsivə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən delikt hüquq institutu üçün əsas olan 3 zəruri dispositiv şərtdən ikisinin mövcudluğunu təsdiqləsə də, birinin mövcud olmamasına istinad etmişdir. Həmin dispozitiv şərt isə cavabdehin təqsirinin öz təsdiqini tapmaması ilə bağlıdır. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, qiymətləndirmə fəaliyyəti haqqında müvafiq qanunvericiliyin (rəy verilmiş müvafiq dövrdə qüvvədə olmuş) təhlili nəticəsində cavabdeh qiymətləndirici hüquqi şəxsin məsuliyyətinin (təqsir) hüquqi əsası müəyyən edilmir. Belə ki, müvafiq qanunvericiliyə əsasən qiymətləndiricinin məsuliyyətinin əsasları (konkret hərəkətlər), hədləri müəyyən edilməmişdir. Məhkəmənin burada mövqeyinin yanlış olmasıhəmin dövrdə qüvvədə olan qanunvericilikdə qiymətləndirmə fəaliyyəti nəticəsində üçüncü şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı ayrıca xüsusi normanın mövcud olmamasının cavabdehin təqsirinin olmaması kimi dəyərləndirilməsində ifadə olunur. Mülki hüquq nəzəriyyəsindən bizə məlum olduğu kimi təqsir zərər vuran şəxsin zərər vurulmasına gətirib çıxaran hərəkətinin qəsdən və ya kobud ehtiyatsızlıq səbəbi ilə törədilməsində ifadə olunur. Yəni şəxsin əməli qəsd və ya kobud ehtiyatsızlıq səbəbilə törətməsi təqsirin mövcudluğunu təsdiq etməkdədir. Bu zaman ayrıca həmin peşə fəaliyyəti üçün xüsusi normanın mövcud olmaması aşkar surətdə zərər vurmağa gətirib çıxardan əməldə təqsirin mövcudluğunu istisna edə bilməz. Çünki qanunvericilikdə bütün peşə fəaliyyətlərinin həyata keçirilməsi zamanı vurulmuş zərər üçün ayrıca məsuliyyət nəzərdə tutan normaların qəbulu hüquqyaratma texnikasına uyğun gəlməməklə, qeyrimümkündür. (Bu mənada vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ AR Mülki Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Zərərin, təqsirin, zərər vuran hərəkət və ya hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin mövcud olması vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək üçün yetərli olmalıdır. Misal üçün, mənzil mülkiyyətçisinin evindən qonşusuna su axıdılması qonşunun əmlakına zərər vurduqda və dəymiş zərər öz təsdiqini tapdıqda mülki məsuliyyətin mövcud olması üzə çıxır. Bunun üçün ayrıca qonşunun mülkiyyətində olan əmlaka su axıdılması nəticəsində dəymiş zərərə görə məsuliyyətlə bağlı normanın mövcud olması şərt deyildir). Bu zaman məhkəmələr mülki məsuliyyət üçün qanunvericilikdə nəzərdə tutulan ümumi maddələri, mülki hüququn təməl prinsiplərini rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq ədalətli Qətnamə qəbul etməlidir. İşin faktiki halları və daha əvvəl qəbul edilmiş məhkəmə qətnamələri cavabdehin hüquqlarını vicdanla həyata keçirmədiyini, qiymətləndirmə fəaliyyəti zamanı nəqliyyat vasitəsini 5 dəfə aşağı məbləğdə dəyərləndirərək iddiaçının mənafeyini kobud surətdə pozduğunu gösərir. Ayrıca qiymətləndirmə fəaliyyəti sahəsinə həsr olunmuş məsuliyyət nəzərdə tutan xüsusi normanın mövcud olmaması, qiymətləndirmə şirkətinin təqsirini istisna edə bilməz. Əks halda pozulmuş hüquqların müdafiəsi qeyri-mümkün olar. (AR Mülki Məcəlləsinin 6.1.8-ci maddəsi) Bu mənada hazırki işdə təqsirin mövcud olmaması ilə bağlı məhkəmənin mövqeyi qanunsuz və əsassız olmaqla iddiaçının qanuni mənafelərini kobud surətdə pozmaqdadır. İşin faktiki halları iddiaçıya zərər vurulduğunu, zərər vurulmasının əsasında cavabdehin nəqliyyat vasitəsini dəfələrlə aşağı məbləğdə qiymətləndirməsində ifadə olunan hüquqların vicdanla yerinə yetirilməməsinin dayandığını, həmin hərəkətlə nəticə arasında da qarşılıqlı səbəbli əlaqənin olduğunu təsdiq edir. Təqsir cavabdehin həmin əməli qəsdən və ya kobud ehtiyatsızlıqdan törətməsində ifadə olunur ki, hər iki halda təqsirin mövcud olduğu aydındır və hər iki ehtimal bu dispositiv şərtin mövcud olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi təqsirin mövcud olması üçün cavabdehin peşə fəaliyyəti ilə bağlı ayrıca xüsusi normanın mövcud olmasını əsas gətirdikdən sonra qanunun və ya hüququn analogiya üzrə tətbiqi məsələsinə də münasibət bildirmiş, bu zaman məsuliyyətin (öhdəlik) yükləyici olması xüsusatını nəzərə almaqla anologiya üzrə tətbiq edilməsinin əsaslı olmadığını qeyd etmişdir. Yuxarıda hazırki işdə analogiyanın tətbiqi üçün əsas olmadığını qeyd edərək mövqeyimizi əsaslandırsaq da, təqsir üçün xüsusi normanın mövcudluğunu əsas götürən birinci instansiya məhkəməsinin bu mövqeyinə də münasibət bildirməyi məqsədəuyğun hesab edir. Birinci instansiya məhkəməsi hazırki işdə hüququn analogiya üzrə tətbiqinin cavabdeh üçün əlavə öhdəlik müəyyən edici olduğuna görə əsaslı olmayan hesab etsə də bu zaman nədənsə iddiaçının pozulmuş mənafelərini nəzərə almamışdır. Halbuki məhkəmə işin faktiki hallarına uyğun olaraq cavabdeh tərəfindən qiymətləndirmə fəaliyyəti zamanı nəqliyyat vasitəsinin həqiqətən də dəyərindən dəfələrlə aşağı məbləğdə qiymətləndirildiyini təsdiq edirdi. Yuxarıdakı normaların işin faktiki halları ilə təhlili məhkəmənin cavabdeh üçün öhdəlik (məhdudiyyət) yaradılmasına səbəb olacağına görə analogiyanın tətbiqindən imtina etməsinin tamamilə qanunsuz olduğunu göstərir. Çünki hüquqları vicdanla yerinə yetirməyən və iddiaçının mənafelərini kobud surətdə pozan cavabdeh üçün öhdəlik müəyyən olunmaması, hüquqları pozulan iddiaçının pozulmuş hüquqlarının təmin edilməmiş saxlanılmasından daha ədalətli ola bilməz. Ədalət və insanpərvərlik, vicdanlılıq prinsiplərini rəhbər tutaraq işin faktiki hallarını nəzərə aldıqda hər hansı əmlakı dəfələrlə aşağı məbləğdə qiymətləndirərək hüquqlarını vicdanla yerinə yetirməyən qiymətləndirmə sahəsində fəaliyyət göstərən bir hüquqi şəxs üçün öhdəlik müəyyən edici hüququn tətbiqinin həm iddiaçının pozulmuş hüquqlarını təmin edəcəyini, həm də mübahisənin ədalətli şəkildə həll ediləcəyi məlum olur. Birinci instansia məhkəməsi qiymətləndirmə şirkətinin rəyinin imperativ xarakter daşımadığını, sifarişçinin özünün həmin qiymətləndirmə şirkətinə müraciət etdiyini qeyd etsə də, bu məqam hazırki işin ədalətli həlli üçün hər hansı əhəmiyyət kəsb etməməkdədir. Belə ki iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə münasibəti mövcud olmamış, cavabdehin seçilməsində iddiaçının heç bir iradə ifadəsi bəyan edilməmişdir. İddiaçı ilə cavabdeh arasında müqvilədən irəli gələn öhdəlik münasibətləri yaranmış olsa idi, öhdəliyinin lazımi keyfiyyətdə icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddiaçının tələb hüququ formalaşmış olacaqdı. İşin faktiki halları iddiaçının iradəsindən kənar formada seçilmiş qiymətləndirmə şirkətinin hüquqlarını vicdanla yerinə yetirməyərək iddiaçının mülkiyyətindəki əmlakı dəfələrlə aşağı qiymətləndirərək onun mənafelərini pozduğunu göstərməklə bu arqumentin zərərin əvəzinin ödənilməsini istisna etmədiyini təsdiq edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 16.İş üzrə Cavabdeh MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X5” MMC və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Qanunvericilik: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 17.Maddə 5.1.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 18.Maddə 6.1.8.Pozulmuş hüquqların bərpasının təmin edilməsi Mülki qanunvericiliyin prinsipləridir. 19.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 20.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.Maddə 1096.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 23.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.Maddə 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 25.Maddə 61.1.Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 26.Maddə 61.2.İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 27.Maddə 1.0.9.İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 28.Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. 29.Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 30.Maddə 1.Qiymətləndirmə fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyəti haqqında qanunvericilik bu qanundan, digər qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 31.Maddə 5.Hissə 8.Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda; (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) 32.Maddə 7. Hissə 1.Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. 33.Maddə 10. Hissə 8.Qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. 34.Maddə 18.Qiymətləndirici və sifarişçi bu Qanunun və qiymətləndirmə haqqında müqavilədə göstərilən şərtlərin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 37.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 38.Maddə 115.0.6.Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 39.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 40.Maddə 121.1.Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 41.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 42.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 45.Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 46.Belə ki, işdən görünür ki, iddiaçı qiymətləndirici şirkətin qeyri-düzgün qiymətləndirmə rəyi verməsi nəticəsində əmlakının bazar qiymətindən dəfələrlə aşağı qiymətə satıldığını və buna görə zərər çəkdiyini iddia edir. İddia tələbi cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş maddi zərərin ödənilməsinə yönəlib. 47.Birinci instansiya məhkəməsi delikt hüququnun tətbiqi üçün tələb olunan üç dispozitiv şərtdən (təqsir, zərər, səbəbli əlaqə) təqsir elementinin mövcud olmadığını əsas gətirərək iddianı rədd etmişdir. 48.Məhkəmə həmçinin qiymətləndirmə fəaliyyətini tənzimləyən qanunvericilikdə qiymətləndiricinin məsuliyyətinə dair konkret normaların olmamasını, həmçinin qiymətləndirmə rəyinin hüquqi qüvvəsinin sifarişçidən asılı olduğunu vurğulamışdır. 49.İddiaçı apellyasiya şikayəti üzrə mövqeyini belə əsaslandırır ki, təqsirin mövcudluğunu xüsusi normanın olmaması ilə inkar etmək hüquqi cəhətdən yanlışdır, cavabdeh qiymətləndirmə fəaliyyəti zamanı nəqliyyat vasitəsinin dəyərini dəfələrlə aşağı qiymətləndirməklə iddiaçının hüquqlarını pozmuş, məhkəmə işin faktiki hallarını qiymətləndirərkən ədalətli qərar qəbul etməmişdir. 50.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli 2(010)-1916/14 saylı qətnaməsi ilə İddiaçı Bərham oğlundan 27 iyun 2013-cü il tarixli, 17-A-1-0-2622-13 saylı kredit müqasiləsinə əsasən cəmi 11153 manat məbləğində pul vəsaiti alınaraq, “Nikoyl” İKB-yə verilməsi, 27 iyun 2013-cü il tarixli, 17-A-1- 0-2622-13 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh İddiaçı Bayram oğluna məxsus ipoteka predmeti olan “Renault Tonldar” markalı, 90-ET- 904 dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və cavabdeh İddiaçı “Nikoyl” İKB-yə olan borcunun ödənilməsi və.s qət olunmuşdur. Yasamal rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli 2(010)-1916/14 saylı qətnaməsinin icrası proseduruna başlanılmış, ipoteka predmeti olan “Renault Tonldar” markalı, 90-ET- 904 dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, QR326 saylı rəyinə əsasən avtomobil 2800 manata qiymətləndirilmişdir. “X4” MMC-nin “hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli protokoluna əsasən həmin avtomobil hərracda iştirak edən şəxsə satılmışdır. 51.Hazırki iş üzrə cavabdehin tərəf olduğu (cavabdeh qismində) mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-55/2023 saylı qətnaməsindən görünür ki, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən təyin edilən qiymətləndirici "xxxx" MMC tərəfindən həmin avtomobilin xx.xx.2017-ci il tarixinə real bazar dəyərini 14720 manat, likvid dəyərini isə 12800 manat kimi müəyyən etmişdir. Bu səbəbdən məhkəmə tərəfindən təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və əldə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7147 saylı ekspert rəyi ilə “Renault Tondar” markalı, 2013-cü il buraxılışlı avtomobilin 2017-ci ilin dekabr ayına nəzəri orta bazar qiymətinin 14000 manat, likvid dəyərinin isə 13500 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. 52.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-55/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş, hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən hallara əsasən iddiaçı hərracın keçirilməsindən məlumatlandırılmamış, Cavabdeh MMC avtomobili qiymətləndirərkən həmin vaxt təşəkkül tapmış qiymətləri araşdırmamış, qiymətləndirməni səthi aparmış, avtomobilə dair zəruri sənədlərlə tanış olub onun dəyərinə təsir edən amilləri nəzərə almamış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməmiş, nəticədə əmlakı real dəyərindən aşağı qiymətləndirməklə İddiaçı hüququnun pozuntusuna şərait yaratmış və nəticədə, əmlak real dəyərindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarılmışdır. 53.Belə olan halda məhkəmə kollegiyası apellyatroun dəlillərini əsaslı hesab edərək qeyd edir ki, təqsir şəxsin qəsdən və ya kobud ehtiyatsızlıqla hərəkət etməsini əhatə edir. Qiymətləndiricinin fəaliyyəti zamanı peşə standartlarına riayət etməməsi, dəyərləndirmənin səthi aparılması, bazara uyğun araşdırmasının həyata keçirilməməsi təqsirə dəlalət edir. Hansı ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 8-ci bəndinə əsasən bu birbaşa qiymətləndiricinin vəzifəsinə aiddir. 54.Kollegiya hesab edir ki, cavabdehin hərəkətlərinin (səthi qiymətləndirmə əsasında verilmiş rəy) nəticəsi olaraq iddiaçının əmlakının dəyərindən dəfələrlə aşağı qiymətə satılması və bunun nəticəsində iddiaçıya zərər dəyməsi, zərərlə cavabdehin hərəkətləri arasınlda səbəbli-əlaqənin olması işin fakitki hallarından müəyyən olunur. 55.Kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(005)-55/2023 saylı preyudisial əhəmiyyətə malik olan qətnaməsi ilə bu fakt artıq müəyyən olunmuş, yenidən müəyyən edilməsinə zərurət qalmır. 56.Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, hərrac nəticəsində əmlakı əldə edən üçüncü şəxs vicdanlı sayılmış, hazırki iddia isə yalnız qiymətləndirmə şirkətinə qarşı yönəldilib. 57.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus avtomobil cavabdeh qiymətləndirici şirkət tərəfindən səthi qiymətləndirilərək dəyərindən aşağı qiymətə satıldığından iddiaçıya maddi zərər dəymiş, buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 58.Dəymiş zərərin məbləği ilə bağlı kollegiya qeyd edir ki, mübahisə predmeti olan avtomobil cavabdeh tərəfindən 2800 manat qiymətləndirilərək həmin qiymətə hərraca çıxarılmasına baxmayaraq, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7147 saylı ekspert rəyi ilə “Renault Tondar” markalı 2013-cü il buraxılışlı avtomobilin 2017-ci ilin dekabr ayına likvid dəyərinin isə 13500 manat müəyyən edilmiş, nəticədə iddiaçıya 10700 manat (13500- 2800=10700) zərər dəymişdir. 59.Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 60.Qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(004)-2616/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçıu xeyrinə 10700 manat (on min yeddi yüz) pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 61.Həmçinin dövlət rüsumuna görə ödənilmiş 124 manatın 118 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 62.Kollegiya qeyd edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manatın 300 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 63.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(004)-2616/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçıu xeyrinə 10700 (on min yeddi yüz) manatpul tutulsun. Ödənilmiş dövlət rümunun əvəzi olaraq 118 (yüz on səkkiz) manat Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manatın 300 (üç yüz) manatı Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5854/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5854/2024
18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver