Məhkəmə qərarları › İş №2(103)-5856/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5856/2022

21.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5856/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1329/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 55 000 ABŞ dolları və 20 000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-1998-ci illərdə Bakı şəhər Ticarət Departamentinin Yasamal rayon meyvə-tərəvəz Ticarət bazasının müdiri vəzifəsində işləmişdir. 1995-ci ilin avqustunda Ticarət Departamentinə yeni təyin olunmuş rəis Faiq Məmmədov onun işdən çıxarılmamağı üçün ondan 5000 ABŞ dolları tələb etmişdir, lakin həmin vaxt pulu olmadığına görə 1992-ci ildə aldığı Bakı şəhəri Nərimanov ravonu Leninqrad prospektində (hazırda Xuluflu küçəsi) 1 otaqlı mənzili satıb həmin pulu Faiq Məmmədova vermişdir. 1998-ci ilin may-iyun aylarında Faiq Məmmədovun barəsində cinayət işi başlanmış, lakin həmin vaxt Faiq Məmmədov ölkədən qaçmışdı və yalnız 2010cu ildə X10 Federasiyasında həbs olunmuşdur. Onun barəsində istintaq aparılarkən ərizə ilə şikayət edib verdiyi pulun müqabilində 1 otaqlı mənzili tələb etmişdir. Çünki həmin mənzili satarkən 1995-ci il idi. Faiq Məmmədov isə 2010-cu ildə həbs olunduğundan hadisədən 15 il keçmiş və evlərin qiyməti xeyli bahalaşmışdı. Bu səbəbdən də ona verdiyi pulu yox, məhz satdığı 1 otaqlı mənzilin müqabilində 1 otaqlı mənzili tələb etmişdir. Faiq Məmmədovun vəkili və qardaşı tərəfindən ona 55000 ABŞ dolları və 20000 manat dəymiş ziyan ödənilmişdir. Həmin pullar ona Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində prokuror İlham Məmmədovun iştirakı ilə verilmiş və iddiaçı da o pulları həmin vaxt onunla birlikdə olan və bacısı olduğu üçün etibar etdiyi Cavabdeh əl çantasına yerləşdirmişdir. 1 otaqlı mənzili 1995-ci ildə satarkən Cavabdeh anası ilə birlikdə anasına məxsus ünvan 1 ünvanında 3 otaqlı mənzildə yaşayırdı. 1996-cı ildə qardaşı X8 cinayət məsuliyyətinə cəlb olunduğuna görə anası və bacısı həmin mənzili satıb qardaşı Babək Xəlilovun işlərinə xərcləmiş, özləri isə evsiz qalmışdılar. Beləliklə, iddiaçının saxlamaq üçün verdiyi pulları cavabdeh mənimsəmiş və öz şəxsi maraqlarına sərf edərək ünvan 3 ünvanında 2 otaqlı mənzili əşyaları ilə birlikdə almış, daha sonra həmin mənzil plana düşmüş və MTK tərəfindən alınaraq Cavabdeh 2 otaqlı və əlavə olaraq 1 otaqlı mənzillər verilmişdir. Hazırda cavabdeh həmin mənzillərə sahiblənmiş və orada tək yaşamaqdadır. Beləliklə cavabdeh vurulmuş ziyana görə Faiq Məmmədov tərəfindən ona ödənilmiş 55000 ABŞ dolları və 20 000 manat pulu mənimsəmiş və həmin pulları bu günədək iddiaçıya qaytarmamışdır. Şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 sentyabr 2021-ci il tarixli Qərar çıxarılaraq mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də cavabdeh tərəfindən mənimsənilmiş 55000 ABŞ dolları və 20000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1329/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 27500 (iyirmi yeddi min) ABŞ dolları (qətnamənin icra olunduğu tarixdə ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Azərbaycan manatı ilə məzənnəsi ilə), 10000 (on min) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 315 (üç yüz on beş) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (sədrlik edən: Təhminə Xəlilova).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissədə ləğv edilərək, iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində 1992-ci ildə aldığı mənzili satdığını və sonradan başına müəyyən hadisələrin gəldiyini bildirir. İddia ərizəsindən də görünür ki, iddiaçının həmin mənzilə heç bir aidiyyatı yoxdur. Belə ki, əvvəla həmin mənzil iddiaçıya məxsus olsaydı onun həmin mənzilin ünvanı barədə məlumatı olardı. Lakin göründüyü kimi iddiaçı iddia ərizəsində belə həmin mənzilin ünvanı haqqında dəqiq məlumat verə bilməmişdir. Eyni zamanda iddiaçı mənzili 1992-ci ildə aldığı bildirsə də apellyasiya şikayətinə əlavə edilən sübutdan da görünür ki, həmin mənzil 1993-cü ildə alınmışdır. Bu isə bir daha sübutedir ki, iddiaçının həmin mənzilə heç bir aidiyyatı yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçının ona məxsus olmasını iddia etdiyi pulun ümumiyyətlə ona aidiyyatı olmamasının müəyyən edilməsinə baxmayaraq məhkəmə bu fakta heç bir əhəmiyyət verməmişdir. Belə ki, iddiaçının iddia ərizəsində satıb pulunu Faiq Məmmədova verməsini iddia etdiyi mənzil əslində X5 mülkiyyətində olmuşdur. O həmin mənzili sataraq pulunu iddiaçıya vermişdir. İddiaçı cinayət işində ona görə zərərçəkmiş şəxs kimi tanınmışdır ki, qardaşı X5 mənzilini sataraq iddiaçıya verdiyi pulu Faiq Məmmədova o vermişdir. Həmin pul qardaşı X5 mülkiyyətində olan mənzilin dəyərinin əvəzi olaraq qaytarılmışdır və iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçı özü də məhkəmə prossesi zamanı həmin mənzilin X5 mülkiyyətində olmasını qəbul etsə də həmin mənzilin pulunun onun tərəfindən ödənildiyini bildirmişdir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qətnamədə özü də bu fakta istinad etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçının tələb etdiyi 20000 (iyirmi min) manat məbləğində pulun da ona heç bir aidiyyatının olmaması müəyyən edilmiş və iddiaçı da öz ifadəsində həmin pulun anası və cavabdehin cehiz əşyalarının xarab olmasına və kirayədə qaldığına görə verildiyini təsdiq etmişdir. Lakin buna baxmayaraq məhkəmə iddianın həmin hissəsini də qismən təmin etmişdir. Əgər həmin pul məbləği iddiaçıya məxsus olsaydı iddiaçı çoxdan cavabdehə qarşı tələb irəli sürərdi. Bu isə bir daha sübut edir ki, iddiaçının həmin pul vəsaitinə heç bir aidiyyatı yoxdur. Ona görə də hazırkı iş üzrə iddiaçının ümumiyyətlə belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə isə iddiaçının məhz subyektiv hüququnun birinci elementinə malik olub-olmamasını müəyyən etmədən işə baxmış və bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, əsassız və qeyri-qanuni qərar çıxarılmışdır. Tərəflərin izahatları:

6. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş 80302 nömrəli cinayət işi üzrə tərtib edilmiş 01 mart 2011-ci il tarixli protokoldan görünür ki, «Cavabdeh və onun qardaşı İddiaçı 1995-ci ilin iyul ayında Bakı şəhəri, F.Xoyski küçəsi, ev 121»A», 24 saylı mənzilin 3200 ABŞ dollarına sataraq üstündə özlərində olan 300 ABŞ dollranı da əlavə etməklə, cəmi 3500 ABŞ dolları məbləğində pulu işdən çıxarılmaması üçün İddiaçı 1995-ci ilin avqust ayında aparıb Bakı şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini X2 verməsini iddia etmələri barədə müxtəlif dövlət orqanlarına şikayətləri ilə əlaqədar Faiq Məmmədovun qardaşı…hal-hazırda isə İddiaçı, Cavabdeh və onun anası Şərqiyyə Xəlilovanın istədikləri …bir otaqlı, əla təmirli, hər bir şəraiti olan mənzilin alınması üçün həmin mənzilin dəyəri olan 55000 ABŞ dolları, habelə uzun illər kirayədə yaşadıqlarına, evlərini satarkən əşyalarını yığdıqları qeyri-yaşayış sahəsində əmlaklarının köhnəlib, xarab olub, yararsız hala düşdüyünü əsas gətirərək həmin məbləğdən əlavə tələb olunan 20000 manat məbləğində pul…onlara təqdim edildi. İddiaçı, Cavabdeh təqdim olunan pulu götürərək bildirdilər ki, Faiq Məmmədovun qohumları tərəfindən ödənilən 55000 ABŞ dolları, həmçinin ev əşyalarının xarab olmasına, kirayədə yaşamalarına görə tələb etdikləri 20000 manat məbləğində pulu tam olaraq aldılar.»

10. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubundan görünür ki, Bakı şəhər, Nərimanov rayonu, X13 küçəsi, ev 121A ünvanında yerləşən 20 saylı mənzil ilkin olaraq xx.xx.1993-cü il tarixində X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 4/7-40018 reyestr nömrəli xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın M-5/1575 reyestr nömrəli xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 3 saylı DNK-nın xx.xx.2003-cü il tarixli 4Ə-02-289 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Apellyasiya baxışının həddləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

15. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hüquqi dəyərləndirmə:

16. Birinci instansiya məhkəməsi Cavabdeh 27500 ABŞ dolları, 10000 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “...55000 ABŞ dolları və 20000 manat məbləği hər iki tərəfə onlara dəymiş zərərin, onlara məxsus olmuş və satılmış mənzilin əvəzi, kirayə haqlarının əvəzi və məişət əşyalarının yararsız hala düşməsi ilə əlaqədar dəyərlərinin əvəzi olaraq verilmişdir. ... tədqiq edilmiş sübutlarla iddia olunan pul vəsaitinin hər iki tərəfə dəymiş zərərin əvəzi olaraq verilməsi müəyyən edildiyindən iddiaçı həmin vəsaitin yalnız yarısını tələb edə bilər.”

17. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən iddiaçının tələb etdiyi məbləğin ona aid olub-olmamasını araşdırmamışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman İddiaçı iddia etdiyi məbləğin ona aid olubolmaması ilə bağlı müvafiq araşdırma aparılmışdır.

18. Belə ki, kollegiya qeyd edir ki, ilk növbədə, İddiaçı mübahisəli mənzilin satıldığı zaman onun mülkiyyətçisi olub-olmaması aydınlaşdırılmalıdır. Çünki, iddiaçı iddia ərizəsində vaxtilə Faiq Məmmədova verdiyi pulu Bakı şəhər, Nərimanov rayonu, X13 küçəsi, ev 121A ünvanında yerləşən 20 saylı mənzilin satışından əldə edilmiş vəsait hesabına verdiyini bildirmişdir.

19. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubundan görünür ki, Bakı şəhər, Nərimanov rayonu, X13 küçəsi, ev 121A ünvanında yerləşən 20 saylı mənzil ilkin olaraq xx.xx.1993-cü il tarixində X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 4/7-40018 reyestr nömrəli xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın M-5/1575 reyestr nömrəli xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 3 saylı DNK-nın xx.xx.2003-cü il tarixli 4Ə-02-289 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

20. Qeyd edilən məktubdan görünür ki, həqiqətən də, Bakı şəhər, Nərimanov rayonu, X13 küçəsi, ev 121A ünvanında yerləşən 20 saylı mənzil xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək X5 mülkiyyətində olmuşdur. Məktubdan həmçinin müəyyən edilir ki, sözügedən mənzil heç vaxt İddiaçı mülkiyyətində olmamışdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

22. İşin qeyd edilən hallarına və Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən kollegiya vurğulayır ki, mübahisəli mənzil heç vaxt İddiaçı mülkiyyətində olmadığından, onun həmin əmlaka dair hər hansı bir hüququ yoxdur.

23. Sadalananlara əsasən kollegiya qeyd edir ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmaması səbəbindən, həmçinin sözügedən mənzilin onun vəsaiti hesabına alınması sübut edilmədiyindən, həmin əmlaka heç bir hüququnun olmadığı halda həmin mənzilin satılmasından əldə edilmiş pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair iddia tələbində haqlı olmamışdır. Başqa sözlə, həmin mənzil heç bir əsasla İddiaçı aid olmadığı halda onun həmin mənzilin satışından əldə edilmiş pulun ona ödənlməsi tələbi əsassızdır və təmin edilə bilməz.

24. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının cinayət işi üzrə icraat zamanı zərərəçəkmiş şəxs kimi tanınması və daha sonra dəymiş zərərin ona ödənilməsi, sözügedən mənzilin vaxtilə onun vəsaiti hesabına alınmasına dair nəticəyə gəlməyə əsas vermir. Belə ki, iddiaçı və cavabdeh vaxtilə Məmmədov Faiq adlı şəxsə pul verdiyinə görə zərərçəkmiş şəxs kimi tanınmışlar və həmin məbləğin mənbəyinin (haradan və kimdən əldə edilməsi) müəyyən edilməsi cinayət işi üzrə icraat zamanı hər hansı əhəmiyyət kəsb etmirdi.

25. Cinayət Prosessual Məcəllənin 87.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır.

26. Qeyd edilən maddənin tələbinə və işin hallarına əsasən kollegiya qeyd edir ki, Məmmədov Faiq adlı şəxslə birbaşa əlaqədə olmuş şəxs İddiaçı və Cavabdeh olduğundan və pul təqsirləndirilən şəxsə İddiaçı və Cavabdeh tərəfindən verildiyindən həmin iş üzrə hər iki şəxs zərərçəkmiş şəxs kimi tanınmış və dəymiş maddi zərər də ona görə onlara ödənilmişdir.

27. Odur ki, hazırki halda, iddiaçının vaxtilə zərərçəkmiş şəxs kimi tanınaraq ona dəymiş ziyanı alması halına istinad etməsi sözügedən mənzilin onun vəsaiti hesabına alınması demək deyildir.

28. Göründüyü kimi, iddiaçı ona məxsus olmayan mənzilin satışı nəticəsində əldə olunmuş məbləği Faiq Məmmədova ödədiyindən həmin məbləğin cavabdehdən tələb etməsi əsaslı deyildir.

29. Lakin, işə baxan birinci instansiya məhkəməsi qeyd edilən xüsusatları araşdırmamış və nəticədə, əslində hər-hansı bir hüquqla iddiaçıya aid olmayan mənzilin satışından əldə edimiş vəsaitin yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul etmişdir.

30. Kollegiya qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında verdiyi izahatında da mənzilin onun deyil, anasının mülkiyyətində olduğunu, lakin mənzilin onun öz vəsaiti hesabına alındığını bildirmişdir. Bu hal mübahisəli mənzilin heç vaxt iddiaçının mülkiyyətində olmadığını bir daha təsdiq edir. İddiaçı mənzilin onun vəsaiti hesabına alındığını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Əksinə, məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının qardaşı Xəlilov Babək izahatında bildirmişdir ki, sözügedən mənzil qardaşı Böyükağanın vəsaiti ilə alınmamışdır və həmin mənzilin alınmasında iddiaçının hər hansı şəkildə iştirakı olmamışdır. Əgər həmin mənzil iddiaçının hesabına alınmış olsaydı, onda Xəlilov Babəkin deyil, İddiaçı adına olmuş olardı.

31. İddiaçının qeyd edilən dəlili, yəni mənzilin onun vəsaiti hesabına alınması bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

32. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir.

33. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

34. Beləlilə yuxarıda sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

37. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

38. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

39. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

40. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir.

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1329/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar