Məhkəmə qərarları › İş №2(103)-5856/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5856/2025

01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5856/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-1945/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Babək prospektində Cavabdeh idarə etdiyi, Ford markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil, iddiaçının idarə etdiyi Chevrolet markalı, 77EY-269 dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəymiş və sonuncu da öz qarşısında dayanan Kia markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməklə, yol-nəqliyyat hadisəsi baş vermişdir.

2. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.

3. "xxxx" ASC-nin Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli hesabatına əsasən, iddiaçının zədələnmiş avtomobilinə keçirilmiş baxış nəticəsində dəymiş zərərin məbləği 6.244 manat müəyyən edilmişdir.

4. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya 3.433 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı cavabdehdən vurulmuş maddi zərər üçün 2.811 manat, vəkil ödənişi üçün 300 manat, etibarnamə üçün 17,50 manat, dövlət rüsumu olaraq 48,11 manat, ümumilikdə 3.176,61 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehdən vurulmuş maddi zərər üçün 2.811 manat, vəkil ödənişi üçün 300 manat, etibarnamə üçün 17,50 manat, dövlət rüsumu olaraq 48,11 manat, ekspertiza rəyi üçün ödənmiş 350 manat, ümumilikdə 3.526,61 manat pul vəsaitinin tutularaq iddiaçının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat 00:30 radələrində Bakı şəhəri Xətai rayonu Babək prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə cavabdehin idarə etdiyi Ford markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi Chevrolet markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəymiş və sonuncu da öz qarşısında dayanan Kia markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə iddiaçının avtomobilinə Atəşgah Sığorta ASC tərəfindən verilmiş Hesabata əsasən 6.244 manat zərər dəymişdir. Cavabdehin sığorta şirkəti tərəfindən İddiaçıya dəymiş zərərin 3.433 manat hissəsi ödənilmişdir. Geri qalan 2.811 manat cavabdeh tərəfindən ödənilməmiş və ödənilməkdən imtina edilmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və cavabdeh hadisənin törədilməsində təqsirli bilinərək İXMnin 327.1-ci maddəsinə əsasən cərimə olunmuşdur. Bundan başqa cavabdehin Bakı şəhəri BPİ-nin DYPİ-də vermiş olduğu izahata əsasən o öz təqsirini etiraf etmişdir. Bundan başqa Yol-nəqliyyat hadisəsinin sxeminə əsasən cavabdeh nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 1945/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, tədqiqatın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.

9. "xxxx" MMC tərəfindən aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Chevrolet markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2025-ci il tarixə dəymiş zərərin həcmi 3.870 manat təşkil edir.

10. "xxxx" MMC-nin məhkəməyə dəvət edilmiş mütəxəssisi ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, rəy qüsur aktına uyğun tərtib edilmişdir. Sığorta ödənişindən məlumatı yoxdur. Avtomobilin istehsal ili 2016-cı ildir. Bilinmir ki, onun üstündə olan detallar təzə idi. Onlara lazım olan avtomobilin bərpa dəyərini müəyyən etmək idi. Avtomobil təzə olmadığı üçün təzə qiymətlərlə maraqlanmamış, 2-ci əl detalların qiyməti ilə hesablamışdır. Hamı avtomobilini 2-ci əl detallarla bərpa etdirir. Əgər avtomobil yeni detallarla təmir olunubsa, çekləri təqdim etsinlər.

11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 1945/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 2691 manat, göstərilmiş hüquqi yardıma görə 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,11 manat, notariat qaydasında etibarnamə alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 17,25 manat, qiymətləndirilmə aparılması üçün çəkilmiş xərcin əvəzi olaraq 350 manat, ümumilikdə 3.406,36 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsinin Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verməsi öz təsdiqini Bakı şəhər Baş Polis İdarəsi DYPİnin araşdırması əsasında tapmışdır. Odur ki, bu hal məhkəmə tərəfindən mübahisəsiz hal kimi qiymətləndirilir. Digər tərəfdən yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet” markalı, 77- EY-269 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə mövcuddur.

13. Belə ki, ilkin olaraq "xxxx" ASC avtoqəza baş verdikdən sonra avtomobilə baxış keçirmiş və dəymiş ziyanı 6.244 manat kimi qiymətləndirmişdir. Cavabdeh bu məbləğ ilə razılaşmadığından məhkəmənin təşəbbüsü ilə yenidən qiymətləndirilmə aparılması "xxxx" MMC-yə həvalə edilmiş. Sonuncunun rəyinə əsasən dəymiş ziyanın dəyəri 3.870 manat müəyyən edilmişdir. Lakin iddiaçı tərəf "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirilmə ilə razılaşmayaq bir daha “X5 və ekspertiza mərkəzi” MMC tərəfindən qiymətləndirilmə aparılmasının məhkəmə tərəfindən təşkil edilməsinə xahiş etmişlər. Məhkəmə yenidən qiymətləndirilmə aparılmasını məqsədəuyğun hesab etmiş, bu işi “X5 və ekspertiza mərkəzi” MMC-yə həvalə etmişdir. Sonuncu araşdırma apararaq Chevrolet markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyərini 6.124 manat kimi təsbit etmişdir. Məhkəmə işdə olan qiymətləndirmə rəylərini müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlmişdir ki, avtomobilə dəymiş ziyanın dəyərinin 6.124 manat kimi qiymətləndirilməsi ağlabatan hesab edilməlidir. Belə olan halda iddiaçıya ödənilmiş 3.433 manat məbləğdən əlavə olaraq 2.691 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

14. Məhkəmə həmçinin 48,11 manat məbləğində dövlət rüsumunun, 300 manat vəkil tərəfindən göstərilmiş xidmət haqqının, 17,25 manat notariat qaydasında etibarnamə alınması üçün və 350 manat qiymətləndirilmə aparılması üçün çəkilmiş xərclərin, alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, cavabdehin iddiaçı qarşısında qanuna zidd hərəkətləri nəticəsində ziyan vuraraq və həmin vurulmuş ziyanın əvəzinin qarşılanmamasına görə, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərərlər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərərlər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkıiş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Əvvəla, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın həcmi məhkəmənin qətnaməsində göstərildiyi kimi 6.124 manat deyil. Bu məbləğ həddindən artıq şişirdilmiş, reallığı əks etdirməyən formal bir rəqəmdir. "xxxx" MMC tərəfindən verilmiş rəyə görə dəymiş ziyanın həcmi 3870 manat təşkil edir. Sözügedən məbləğin müəyyən edilməsi zamanı ekspert tərəfindən bütün texniki parametrlər nəzərə alınmış, müvafiq hesablamalar aparılmış, zərərin həcmi əsaslandırılmışdır. Lakin iddiaçı tərəf bu nəticə ilə razılaşmamış, özlərinin müraciəti əsasında “X5 və Ekspertiza Mərkəzi” MMC tərəfindən hazırlanmış rəyini məhkəməyə təqdim etmişdir. Həmin rəydə iddiaçının avtomobilinə dəymiş ziyanın məbləği 6.124 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi isə öz təşəbbüsü ilə təyin edilmiş ekspertiza nəticəsində verilmiş qiymətləndirmə rəyini əsas götürmək əvəzinə, iddiaçı tərəfin təqdim etdiyi rəyi mötəbər sübut kimi qəbul etmiş, ziyanın məbləğini 6.124 manat hesab etmişdir. Halbuki, birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə təyin edilmiş ekspertiza nəticəsində müəyyən olunmuş rəyi kənara qoyaraq, məhz iddiaçının təqdim etdiyi rəyə istinad etmiş, həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. Halbuki, məhkəmə qətnaməsində bu mövqeyini əsaslandırmamış, nəyə görə məhz iddiaçının təqdim etdiyi rəyi qəbul etdiyini, nəyə görə isə məhkəmənin öz qərardadı ilə təyin etdiyi ekspertizanı etibarlı hesab etmədiyini izah etməmişdir. Bu isə MPM-in sübutların qiymətləndirilməsi barədə müddəalarının pozulması deməkdir Qeyd edilməlidir ki, iddiaçı tərəfin təqdim etdiyi qiymətləndirmə rəyi mötəbər sübut kimi qəbuledilə bilməz. Çünki, həmin rəydə göstərilən məbləğ süni şəkildə şişirdilmişdir; qiymətləndirmə iddiaçının birbaşa öz təşəbbüsü ilə aparıldığından, obyektivlik prinsipi təmin edilməmişdir; rəydə ziyanın hansı üsul və vasitələrlə hesablandığı ümumiyyətlə göstərilməmişdir. Əksinə, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın aparıcısı – "xxxx" MMC-nin mütəxəssisi məhkəmə iclasında dindirilmiş, gəldiyi nəticələri hansı səbəblərdən formalaşdığını, hansı metodlardan istifadə etdiyini kifayət qədər ətraflı və aydın şəkildə izah etmişdir. Bu da onu göstərir ki, məhkəmənin öz təşəbbüsü ilə təyin olunmuş ekspertiza tam hüquqi qüvvəyə və mötəbər sübut statusuna malikdir. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçının avtomobilinə dəymiş zərərin əvəzi olaraq 3.433 manat sığorta şirkəti tərəfindən ödənilmişdir. Bu fakt da göstərir ki, iddiaçının iddia etdiyi 6.124 manat məbləği reallıqdan uzaq və əsassızdır. Göründüyü kimi, iş üzrə iki ziddiyyətli rəy mövcuddur və onların hər ikisi özəl qurumlar tərəfindən verilmişdir. Belə vəziyyətdə məhkəmənin düzgün və ədalətli qərara gəlməsi üçün iş üzrə yenidən ekspertiza təyin edilməsi və həmin ekspertizanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə həvalə olunması zəruri idi. Lakin birinci instansiya məhkəməsi bu addımı atmamış, nəticədə işin halları tam araşdırılmadan qətnamə çıxarmışdır. İddiaçının çəkdiyi xərclər əsaslı deyil, süni şəkildə şişirdilmişdir. Buna görə də, məhkəmənin həmin xərclərin onun üzərinə qoyulması barədə qənaəti hüquqi əsasa malik deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. İşin mübahisəsiz halı odur ki, cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törətmiş, bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir.

27. İşdən görünür ki, cavabdehin mülki məsuliyyətinin icbari sığortaçısı "xxxx" ASC tərəfindən iddiaçıya 3.433 manat məbləğində sığorta ödənişi verilmişdir.

28. Eyni zamanda, həmin ASC tərəfindən sığorta hadisəsi baş verərkən iddiaçının nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı qiymətləndirmə aparılmış və dəymiş zərərin məbləği 6.244 manat müəyyən edilmişdir.

29. İşdə olan “X5 və ekspertiza mərkəzi” MMC tərəfindən tərtib edilmiş qiymətləndirilmə rəyinə əsasən iddiaçıya dəymiş zərərin məbləği 6.124 manat müəyyən edilmişdir.

30. Göründüyü kimi, sözügedən rəy ilə müəyyən edilmiş məbləğ cavabdehin mülki məsuliyyətinin icbari sığortaçısı, yəni iddiaçıya vurulmuş zərəri ödəməli olan təşkilat tərəfindən müəyyən edilmiş məbləğlə təqribən eynilik təşkil edir.

31. "xxxx" MMC-nin mütəxəssisinin birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi izahatından isə müəyyən edilir ki, həmin MMC tərəfindən rəy tərtib edilərkən zərərin məbləği ikinci əl ehtiyat hissələri nəzərə alınmaqla hesablanmışdır.

32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən haqlı olaraq “X5 və ekspertiza mərkəzi” MMC tərəfindən tərtib edilmiş qiymətləndirilmə rəyinə istinad etmişdir.

33. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə qətnamə qəbul edilərkən məhkəmə xərcləri ilə bağlı da birinci instansiya məhkəməsi tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə əməl edilmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, qiymətləndirmə fəaliyyəti xüsusi bilik tələb etmədiyindən hazırki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən rəyin alınmasına zərurət yoxdur.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

36. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-1945/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar