Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5857/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(004)-301/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçıya dəymiş maddi zərərə görə 5031 manat (fizioterapiya və reabilitasiya xərci kimi ödədiyi 300 manat, 10 gün əlavə reabilitasiya xərci kimi 200 manat, təyyarə bileti kimi ödənilmiş 281 manat, avtomaşına dəyən zərər kimi 2500 manat, avtomaşının cərimə meydançasında qaldığı müddətlə bağlı ödənilməli olan 750 manat və əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı itirilmiş qazanc kimi 1000 manat) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində saat 10 radələrində cavabdeh idarə etdiyi “Lexus LS 460” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi ilə Şərifzadə küçəsi istiqamətində hərəkətdə olarkən iddiaçının idarə etdiyi “VAZ-2103” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, iddiaçıya sağ diz qapağının yerdəyişmiş sınığı, sol qaşüstü və dirsək nahiyələrinin sıyrıqları xasərətləri ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirməklə yol nəqliyyat hadisəsini törətmişdir. Bundn sonra iddiaçı xəstəxanaya yerləşdirilmiş və ayağından əməliyyat olunmuşdur. Cavabdeh əməliyyat xərclərinin bir qismini qarşılasa da digər xərcləri ödəməmişdir. Belə ki, iddiaçı əməliyyat olunduqdan sonra bir ay müddət ərzində ayağı gipsdə olmuş və əmək fəaliyyəti lə məşğul ola bilməmişdir. Digər tərəfdən iddiaçının ayağı gipsdən açıldıqdan sonra ona fizioterapiya və reabitasiya müalicəsi təyin edilmiş və o, 1 ay ərzində bu məqsədlə xəstəxanaya getmişdir. Bununla bağlı 300 manat əlavə ödəniş etmişdir. Bundan əlavə iddiaçı 5-12 oktyabr 2019-cu il tarixlərində Türkiyə Respublikasında istirahət ilə bağlı oraya getməli imiş. Bu səfər üçün “Buta Airways”dən özünün və həyat yoldaşının adına təyyarə biletləri almışdır. Bu biletlərin ümumi dəyəri 281 manat təşkil etmişdir. Ancaq qəza nəticəsində iddiaçının ayağı 1 ay ərzində gipsdə qaldığı üçün və həyat yoldaşı ona qulluq etdiyi üçün onlar bu səfəri həyata keçirə bilməmişlər. Biletlər üçün ödənilən məbləğ isə ona geri qaytarılmamışdır. Bu baxımdan cavabdehin təqsiri üzündən onlara əlavə olaraq 281 manat zərər dəymişdir. Yuxarıda qeyd etdiyi kimi tam fizioterapiya seanslarına qatıla bilməmişdir. Halbuki ona verilmiş arayışa əsasən o, daha 10 gün fizioterapiya seansı keçməli idi. Bu baxımdan hazırda da ayağı ağrıyır və ona əziyyət verir. Bundan əlavə qəza nəticəsində iddiaçının istifadəsində olan və ona verilmiş avtomaşına zərər dəymiş və avtomobil yararsız hala düşmüşdür. Bununla bağlı cavabdeh maşını təmir etmək istəmir və artıq 2 ildir ki, maşın cərimə meydançasna yerləşdirilib. Maşına dəymiş ziyan 2500 manat təşkil edir. Bundan əlavə 2 il ərzində maşının cərimə meydançasında yerləşməsi səbəbi ilə onlara əlavə olaraq hər günə 1 manat hesablanmaqla 750 manat zərər dəymişdir. Bundan başqa xx.xx.2019-cu tarixindən xx.xx.2021-ci il tarixə qədər onun ayağında gips olduğu üçün o, müvəqqəti əmək qabiliyyətini itirmişdir. Bununla bağlı iddiaçıya qazancını itirməyi ilə əlaqədar dəymiş zərər də ona geri qaytarılmalıdır. Yuxarıda qeyd edilən maddi zərərlərlə bağlı cavabdehə dəfələrlə bildirsə də, cavabdeh dəymiş zərəri ödəməkdən imtina edir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İddiaçı sonradan iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh ona dəymiş maddi zərərə görə 6866 manat (fizioterapiya və reabilitasiya xərci kimi 865 manat, 10 gün əlavə reabilitasiya xərci kimi 300 manat, təyyarə bileti kimi ödənilmiş 281 manat, avtomaşına dəyən zərər kimi 3500 manat, avtomaşının cərimə meydançasında qaldığı 940 gün üçün 940 manat və əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı itirilmiş qazanc kimi 1000 manat) və dövlət rüsumu olan 30 manat, cəmi 6896 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(004)- 301/2022 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı hadisə ilə bağlı aldığı xəsarətə görə təqribən 40 gün işə çıxmamış, həmin müddət üzrə müvafiq pul müavinətı alsa da, əmək haqqını almamışdır. Həmçinin, iddiaçı əlavə fizioterapiya kursunu keçməlidir ki, onun da günü 30 manat təşkil edir. İddiaçının avtomobili isə cərimə meydançasında saxlanılır və günü 1 manat olaraq hesablanır. Cavabdeh cəmi 3000 manat pul ödəmişdir ki, həmin pul vəsaiti zərəri tam qarşılamır. Hesab edir ki, iddia tam əsaslıdır. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayəti əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, cavbadehin xx.xx.2019-cu il tarixdə, saat 10 radələrində idarə etdiyi, özünə məxsus “Lexus LS460” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi ilə Şərifzadə küçəsi istiqamətində hərəkətdə olarkən iddiaçının idarə etdiyi «VAZ 2103» markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə iddiaçıya sağ diz qapağının yerdəyişmiş sınığı, sol qaşüstü və disrək nahiyələrinin sıyrıqları xəsarətləri ilə nəticələnən xəsarət yetirilməsi, həmçinin maddi ziyan dəyməsi işin mübahisə olunmayan hallarıdır. Həmçinin işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı sağ diz qapağının yerdəyişmiş sınığı, sol qaşüstü və dirsək nahiyyəsinin sıyrılmış yaraları diaqnozu qoyulmuşdur. Xəstə stasionar müalicədən imtina etmişdir. İşdə olan Güven Klinik tərəfindən verilmiş Ambulator, Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı diz qapağı sümüyünün distal hissəsinin avulsion sınığı, sağ patellar tendonun travmatik cırılması diaqnozu qoyulmuşdur. xx.xx.2019-cu il tarixində xəstəyə spinal anesteziya altında “Sağ dizdə patellar tendon təmiri” əməliyyatı icra olunmuş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. İşdə olan Güven Klinik tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həkim, rentgen müayinəsindən keçmişdir. Ona sağ patella sınığı diaqnozu qoyulmuş, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində fizioterapiya və reabilitaiya müalicəsi almış, 10 günlük yenidən fizioterapiya müalicəsi məsləhət görülmüşdür. İşdə olan "xxxx" MMC tərəfindən təqdim edilmiş dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşən VAZ 2103, minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı olan nəqliyyat vasitəsinin bərpasına tələb olunan vəsait və qəza nəticəsində dəymiş zərərin məbləği 30 sentyabr 2021-ci il tarixə 2500 manat təşkil edir. İşdə olan Güven Klinik tərəfindən ünvanlanmış məktubdan görünür ki, iddiaçı fizioterapiya və reabilitasiya müalicə kursları keçmiş, ümumilikdə 875 manat ödəniş etmişdir. İşdə olan Güven Klinik tərəfindən verilmiş ödəniş qəbzlərindən görünr ki, iddiaçı tərəfindən hadisə baş verən günü (xx.xx.2019-cu il) ümumilikdə 2049 manat pul vəsaiti ödənilmişdir. İşdə olan biletlərin surətindən görünür ki, İddiaçı adına olan biletə görə 150,67 manat, Nigar Abdullayevanın adına olan biletə görə isə 131,35 manat məbləğində pul ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, “VAZ-2103” markalı, 1980-ci il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2019-cu il tarixə orta bazar dəyəri təxminən 3500 manat müəyyən olunur. Nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1980-ci il buraxılışlı “VAZ 2103” markalı 10GV154 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 2300 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, ekspert rəyinə əsasən nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2300 manat, iddiaçının biletlər üçün ödədiyi məbləğ isə 281 manat, yəni zərərin ümumi məbləği 2581 manat təşkil edir. Cavabdeh iddiaçıya 3000 manat məbləğində ödəniş etdiyni bildirmiş, iddiaçı isə həmin ödənişi qəbul etdiyini etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən vurulmuş ziyan qarşılanmışdır. İddiaçının fizioterapiya və reabilitasiya xərcləri üçün 865 manat, 10 gün əlavə reabilitasiya üçün 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə iddia tələbi əsassızsdır. Belə ki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasında səhiyyə xidmətlərinin göstərilməsi ödənişsiz həyata keçirilir. İş materiallarından da göründüyü kimi xəstə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicədən imtina etmiş və özəl xəstəxanada müalicə almışdır. Məhkəmə maşının cərimə meydançasında saxlanılmasına dair 940 manat tələblə bağlı qeyd edir ki, iddiaçının nəqliyyat vasitəsini cərimə meydançasında uzun müddət saxlamasına görə cavabdeh üzərinə hər hansı məsuliyyət qoyulması əsassızdır. Məhkəmə, həmçinin, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı 1000 manat itirilmiş qazancın iddiaçıdan tutulması ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında orta əmək haqqı saxlanılmaqla işçiyə əmək haqqı ödənilir və iddiaçının nümayəndəsi də izahatında qeyd edir ki, iddiaçı Elmlər Akademiyasında işləyir. Həmçinin iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın Cavabdeh tərəfindən ödənildiyini, barışdıqlarını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 3000 manat zərər ödənildiyindən, cavabdehin təqsirli hərəkətləri nəticəsində, iddiaçıya, maşına və uçuş xərclərinə görə 2581 manat zərər vurulduğu müəyyən edildiyindən, digər xərclərə görə cavabdehin təqsiri müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin m.vqeyi ilə razılaşmayaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçının xəsarət alması və əmlakına zərər dəyməsi işin mübahisə olunmayan hallarıdır. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. MM-nin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. MM-nin 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. MM-nin 1118.3-cü maddəsinə əsasən bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. MM-nin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. MM-in 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, cavabdeh zərərvuran şəxs kimi iddiaçı olan fiziki şəxsin səxsiyyətinə və əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödənilməlidir. İşdə olan sübutlara (həmçinin, ekspertiza rəyinə) əsasən – cavabdehin təqsiri səbəbindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus nəqliyyat vasitəsinə 2300 manat həddində ziyan dəymiş, eləcə də iddiaçının biletlər üçün ödədiyi məbləğ 281 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi də qeyd edilən məbləğləri iddiaçıya dəymiş ziyan kimi qiymətləndirmişdir. Bununla yanaşı, işdə olan digər sübutlara (tibb müəssisələri tərəfindən verilmiş çoxsaylı arayşlar, xəstəlik tarixçəsi, ödəniş qəbzləri və s.) əsasən baş vermiş hadisə nəticəsində iddiaçının üzərində aparılmış cərrahiyyə əməliyyatı və sair aidiyyəti xərclər, eləcə də bərpa (fizioterapiya) işləri ilə bağlı müvafiq olaraq 2049 manat və 865 manat pul vəsaitləri real olaraq ödənilmişdir. Qeyd edilən pul vəsaitlərinin cəmi isə 5495 manat təşkil edir və iddiaçının ödədiyi 3000 manat nəzərə alınmaqla, qalıq zərər məbləği 2495 manat təşkil edir ki, cavabdeh həmin pul vəsaitini iddiaçıya ödəmək vəzifəsini daşıyır. Cavabdeh etirazının əsası kimi iddiaçıya 3000 manat pul ödəməsini, sonuncunun ondan şikayət və tələbinin olmaması barədə ərizə yazmasını göstərsə də, bu hal vəziyyəti dəyişdirmir. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh zərərvuran şəxs kimi iddiaçı olan fiziki şəxsin səxsiyyətinə və əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödənilməlidir. Bununla yanaşı, işdə olan həmin ərizədən görünür ki, iddiaçı ərizəni 12 sentyabr 2019-cu il tarixdə, yəni hadisənin baş verməsindən cəmi 3 gün sonra yazmışdır ki, bu hal özü-özlüyündə hadisə ilə bağlı sonradan yaranmış xərcləri istisna edə bilməz. Həmçinin, tərəflərin də bildirdiyi kimi cavabdeh tərəfindən iddiaçıya cəmi 3000 manat pul ödənilmişdir və həmin pul vəsaiti iddiaçıya dəymiş zərər tam aradan qaldırmır. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia 2495 manat hissədə əsaslıdır, bu səbəbdən də həmin hissədə təmin olunmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia qalan hissələrdə təmin olunmamalıdır. Belə ki, iddiaçının digər tələbləri – keçməli olduğu əlavə 10 gün reabilitasiya xərci kimi 300 manat pulun, nəqliyyat vasitəsinin cərimə meydançasında qaldığı müddət üzrə ödənilməli olan 940 manat haqqın və əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı itirilmiş qazanc kimi 1000 manat pulun cavabdehdən onun xeyrinə tutulması ilə bağlıdır ki, həmin hissədə məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Belə ki, iddiaçı əlavə reabilitasiya kursu keçməsinə və onun dəyərini ödəməsinə, eləcə də nəqliyyat vasitəsinin cərimə meydançasında qaldığı müddət üzrə məhz 940 manat ödənilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsinin bildirməsinə görə iddiaçı təqribən 40 gün müddətində əmək qabiliyyətinin itirilməsinə görə işə çıxmamış, lakin həmin müddət üzrə ona müvafiq haqq (müavinət) ödənilmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərə görə 2495 manat pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı iddianı verərkən 30 manat dövlət rüsumu ödəmiş və həmin xərcin də cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir. Həmçinin birinci instansiya məhkəməsində 100 manat məbləğində aparılmış ekspertiza tədqiqatlarının dəyəri (məhkəmə xərci) də mövcud olmuşdur ki, həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının ümumi tələbi 6866 manat təşkil etmiş, məhkəmə kollegiyası həmin tələbin 2495 manat hissəsinin təmin olunması nəticəsinə gəlmişdir. İstər təmin olunan hissə, istərsə də, təmin olunmayan hissədə (yəni, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(004)-301/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(004)- 301/2022 saylı qətnaməsi ləğv edilsin, iddia qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 2495 (iki min dörd yüz doxsan beş) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulsun. İddia qalan hissələrdə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Həmin cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5857/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5857/2022
04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver