Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5857/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellasiya şikayətinin mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(005)- 1174/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14002,97 manat məbləğində əsas borcun, 2586,62 manat məbləğində faiz borcunun, 358,9 manat məbləğində cərimə borcunun, cəmi 16948,49 manat borcun və 142 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e- 2(005)-1174/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 13996,71 manat əsas, 2074,78 manat faiz, 358,9 manat cərimə, cəmi 16430,39 manat məbləğində borcun tutulması qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e- 2(005)-1174/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Vəkil tərəfindən imzalanmışdır. Şikayətə order əlavə olunsa da Cavabdeh tərəfindən Vəkil verilmiş etibarnamə əlavə edilməmişdir. Halbuki, MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
6. Belə olduğu halda apellyasiya şikayəti Cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından geri qaytarılmalı idi. Lakin birinci instansiya məhkəməsi yuxarıda göstərilən normaların tələbinə zidd olaraq şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə düzgün olmayan qənaətə gəlmişdir.
7. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
8. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(005)- 1174/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.