Məhkəmə qərarları › İş №2(103)-5858/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5858/2020

22.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5858/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(008)-2021/2019) ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2018-ci il təvəllüdlü əkiz övladlarının – X3 və X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü Nilayın 3 yaşına çatana kimi 50 manat əlavə xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmadan 2015ci ildə ailə münasibətlərinə daxil olmuşlar. Bu münasibətlərdən onların 2 övladları doğulmuşdur. Övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaqlar iddiaçının himayəsində yaşayır, onların qayğıları ilə o, şəxsən özü məşğul olur və onların tələb və ehtiyaclarını özü qarşılayır. Hazırda Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulur. Uşaqlar böyüdükcə və bazar qiymətləri artdıqca qeyd edilən alimentin məbləği uşaqların saxlanılması üçün kifayət etmir. Buna görə də, iddiaçı hesab edir ki, əvvəlki qətnamə ilə hər uşağa görə tutulan alimentin məbləği artırılmalı və hər uşağa görə 170 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, uşaqlar hələ 3 yaşına çatmayıb və iddiaçı uşaqlara qulluq etdiyi üçün işə düzələ bilmir. Bu səbəbdən də, uşaqlar 3 yaşına çatana kimi, cavabdehdən əlavə xərc olaraq hər ay 50 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(008)-2021/2019) ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasını, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq, xx.xx.2018-ci il təvəllüdlü Nilayın və Nurun yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat (cəmi 340 manat), xx.xx.2020-ci il tarixdən hesablanmaqla, uşaqlar 3 yaşına çatanadək uşaqlara qulluğa görə iddiaçının özünə hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi alimentin məbləğini artırmaqla və cavabdehi əlavə xərclərə cəlb etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxmış Rayon Məhkəməsi cavabdehin daimi iş yerinin olmamasını nəzərə almamışdır. Cavabdeh, gündəlik 8 manata restoranda ofisiant işləyir. 260 manat məbləğində alimenti birtəhər ödəyir, lakin daha artıq məbləğdə aliment ödəməyə imkanı yoxdur. Cavabdeh bütün əmlakları iddiaçıya vermiş və hazırda heç bir əmlaka malik deyil. Bundan başqa, iddiaçı müəllimədir və aylıq qazancı var. Həmçinin, Rayon Məhkəməsi alimentin məbləğini artırmaqla yanaşı, eyni zamanda cavabdehi əsassız olaraq əlavə xərclərə də cəlb etmişdir. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı da öz növbəsində apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni uşaqlar üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə əlavə xərc olaraq 50 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməli və həmin tələbin təmin edilməməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş üzrə tərəflərin bildirdiklərindən müəyyən edilir ki, iş üzrə tərəflər nikaha daxil olmadan ailə münasibətlərinə daxil olmuşlar. Bu münasibətdən onların iki övladları doğulmuşdur – xx.xx.2018-ci il təvəllüdlü Nilay və Nur. Övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən (İş № 2(008)-2021/2019) görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə cavabdehin xx.xx.2018-ci il təvəllüdlü Nilayın və Nurun atası olması faktı müəyyən edilmiş və cavabdehdən hazırkı iş üzrə iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Göstərilənləri və iş üzrə tərəflərin bildirdiklərini nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-2021/2019 №-li iş üzrə xx.xx.2019-cu il tarixdə qətnamə qəbul etdikdən sonra ölkədə uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 160 manat, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, onun daimi iş yeri yoxdur. O, restoranda ofisiant işləyir və gündəlik 8 manat əmək haqqı alır. Əvvəlki qətnamə ilə müəyyən edilmiş 260 manat məbləğində alimenti birtəhər ödəyir, lakin daha artıq məbləğdə aliment ödəməyə imkanı yoxdur. Məhkəmə qeyd edir ki, hazırda cavabdehin daimi iş yerinin olmaması onu iddiaçı ilə onun ümumi uşaqlarına münasibətdə öz valideynlik vəzifəsinin icrasından azad edə və uşaqların ehtiyaclarının minimum təmin edilməsi şəraitində böyümək hüququndan məhrum edə bilməz. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi əvvəlki qətnamə ilə iki uşağa görə müəyyən olunmuş alimentin miqdarının artıraraq hər ay hər uşağa görə 170 manat (cəmi 340 manat) məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Həmçinin, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə xx.xx.2018-ci il təvəllüdlü uşaqların 3 yaşı tamam olanadək uşaqlara qulluğa görə iddiaçının özü üçün hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini qət etmişdir. İşləməməsini əsas gətirən cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Rayon Məhkəməsi onun əsassız olaraq qeyd edilən bu əlavə xərcə cəlb etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili formal xarakter daşımır; dəlil əsaslıdır. Bununla bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsi bu nəticəyə gələrkən Ailə Məcəlləsinin “Ər-arvadın bir-birini saxlamaq vəzifəsi” adlı 84-cü maddəsinə əsaslanmışdır. Hazırki iş üzrə tərəflər arasında nikahın olmamasını nəzərə alan Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 13.4-cü maddəsinin tələbindən çıxış edərək bildirir ki, Ailə Məcəlləsinin 84-cü maddəsinin mənasına görə, ümumi uşaqların valideynləri bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və valideynlər arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində uşaqların anası buna zəruri vəsaitə malik olan uşaqların atasından aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir (maddə 84.2.2.). Göründüyü kimi bu kimi alimentin tutulması üçün zəruri şərtlərdən biri uşaqların atasının bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasıdır. Nəzərə alınsa ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM; maddə 14.2. və 77.1.), onda müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı sübut etməlidir ki, cavabdeh qeyd edilən alimenti ödəmək üçün zəruri vəsaitə malikdir. Amma apellyasiya baxışı zamanı iddiaçı bildirdi ki, o bu kimi sübutlara malik deyil. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, müzakirə edilən iddia sübuta yetmədiyindən əsaslı hesab edilə bilməz. Buna baxmayaraq, işə baxmış Rayon Məhkəməsi bu tələbi də təmin etmişdir. Beləliklə də, apellyasiyanın nəticələrini və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384-cü maddəsinin tələbindən çıxış edən, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə qismən, yəni xx.xx.2018-ci il təvəllüdlü X4 və X6 3 yaşına çatanədək uşaqlara qulluğa görə iddiaçının özü üçün hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək qeyd edilən iddia tələbi təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnamə qalan hissədə, yəni Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(008)-2021/2019) ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2018-ci il təvəllüdlü əkiz uşaqların – X3 və X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üçü yüz qırx) manat məbləğində alimentin xx xxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar