Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5858/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisi və Bakı şəhəri 53 saylı notariat ofisinə qarşı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisi və Bakı şəhəri 53 saylı notariat ofisinə qarşı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 18 sentyabr 2023-cü il tarixli 8İ-9783 nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X8 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən X4 xeyrinə İddiaçı 44400 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi tutulmalı məbləğ 44425 manat pul tutulması təklif edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla X10 arasında 23 may 2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı X2 borc almış və borcu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə götürülmüş borc bu günədək tam şəkildə şahidlərin iştirakı ilə X6 iddiaçı tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq, Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən 44425 manat məbləğində pulun tutulması barədə xx.xx.2023-cü il tarixində icra qeydi vermişdir. Hazırda icra məmuru iddiaçıdan 44425 manat pulun ödənilməsini tələb edir, halbuki iddiaçı X6 olan borcu icra qeydində göstərilən məbləği tam şəkildə qaytarmışdır. Bundan başqa Notarius tərəfindən iddiaçıya tələbin icra edilməsi barədə bildiriş göndərilməmişdir. Bu barədə iddiaçının məlumatı olmamışdır. İddiaçının icra qeydi barədə məlumatı yalnız icra məmuru tərəfindən ona xəbər verilməsindən sonra olmuşdur. Göründüyü kimi icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuş, o cümlədən, tələbin icra olunması barədə iddiaçıya bildiriş göndərilməmişdir. Bu da onu göstərir ki, icra qeydi qanunsuz və əsassızdır. Buna görə də icra qeydini mübahisələndirmək zərurəti yaranmışdır. İddiaçı hesab edir ki, icra qeydi 44425 manat pulun tutulmasına dair verildiyindən, o, isə borcu tam şəkildə ödədiyindən və buna dair şahidlər olduğundan iddia tələbi təmin olunmalı və icra qeydi ləğv edilməlidir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3810/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisinə və Bakı şəhəri 53 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericilikdə icra qeydinin ləğv edilməsi, deyil icra qeydi aparılmış tələbin borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Məhkəmə iclasında verdiyi izahatda da iddiaçı iddianın irəli sürülməsinə əsas kimi icra qeydi üzrə tələb olunan borcun qismən qaytarılmasını, 44000 manat məbləğində borcunun olmamasını qeyd etmişdir. Cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən tərəfindən 18 sentyabr 2023-cü il tarixli 8İ-9783 nömrəli icra qeydi verilərkən hər hansı qanun pozuntusuna yol verilməsi təsdiq edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, yuxarıda qeyd edilmiş qanun normasının tələbinə görə məhkəmə qaydasında icra qeydi aparılmış tələbin borclu tərəfindən mübahisələndirilməsi imkanı nəzərdə tutulduğu halda borclu tərəfindən kredit müqaviləsi üzrə borc məhkəmə qaydasında mübahisələndirilməmiş, icra qeydinin ləğv edilməsi tələbi irəli sürülmüşdür. İddiaçı notarius tərəfindən verilmiş icra qeydinin ləğv edilməsi ilə bağlı iddia tələbi ilə iki cavabdehə qarşı məhkəməyə müraciət etsə də, həmin cavabdehlərə qarşı iddiasını əsaslandırmamışdır. Bununla yanaşı məhkəmə iclasında iddiaçı 18 sentyabr 2023-cü il tarixli 8İ-9783 nömrəli icra qeydinə əsasən tələb edilən borcun cavabdehə qismən ödənilməsini, yerdə qalan məbləğin ödənilməsi üçün vaxta ehtiyacı olduğunu bildirməklə, icra qeydinin verilməsi ilə bağlı heç bir halı mübahisələndirməmiş, eyni zamanda iddiaçı 25000 manat məbləğində pul vəsaitinin ödənilməsini qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Maddi və prosessual normalara əsaslanaraq, mülki işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddələri, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76, 79-cu maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı və Mülki Prosessual Məcəlləsinin 4.2, 77.1, 88, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, müstəqil tələb sürməyən X10 ilə İddiaçı arasında 23 may 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, İddiaçı X10 tərəfindən 06 ay müddətinə 44000 manat məbləğində pul borc verilmişdir. X2 notariusda 44000 manat borc almış, notariusdan çıxdıqdan sonra Səyyah Əliyev 10000 manat pulu geri götürmüş, iddiaçıya cəmi 34000 manat pul verilmişdir. Notarius xərclərini də iddiaçı özü qarşılamışdır. İddiaçı faizləri ödəmiş, ümumilikdə 25000 manat civarında pul qaytarmışdır. Bu pulların verilməsində iddiaçının yanında şahidlərdə olmuşdur. Həmin şahidlər rayon məhkəməsində dindirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən verilmiş və istinad edilmiş sübutlar və sənədlər məhkəmə tərəfindən düzgün qiymət verilmədən qətnamə qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3810/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi qanunsuz və əsasızdır, ləğv olunmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
9. Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Əliyev Səyyahın anası ilə yaxın münasibəti olub. Ondan faizə pul götürüb. Sonuncu dəfə 20.000 dolları götürüb, 6 ay ərzində 10.000 manat faizi olduğunu ona bildirib. Ona müəyyən vaxtlarda pulu qaytarıb. Maşını var idi onu satıb, 17.000 manat verib. O demir ki, məbləğin hamısını verib, 25.000 manatı verib, qalan pulu da ödəmək istəyir. 2023-cü ildən Xətai rayonundakı evdə yaşayır. Bildiriş ona gəlməyib. Bildiriş köhnə ünvana göndərilib. Ödəniş etməyi ilə bağlı qəbzləri yoxdur, şahidləri var.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onlar icra qeydinin ləğv edilməsini xahiş edir. Çünki məbləğ ödənilib və iddiaçı notariat ofisi tərəfindən düzgün məlumatlandırılmayıb.
12. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin X10 bildirir ki, iddiaçı ona pul qaytarmayıb. İki dəfə iddiaçının yaşadığı ünvanlara bildiriş göndərilib. İcraçıda bildirişlərin göndərilməsi ilə bağlı sənədlər var.
13. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin X4 nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, apellyasiya şikayətinə etiraz edir.
Tətbiq edilən hüquq normaları:
14. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
20. X10 ilə İddiaçı arasında bağlanmış 23 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı X10 tərəfindən 6 ay müddətinə 44400 manat məbləğində pul borc verilmişdir.
21. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 18 sentyabr 2023cü il tarixli 8İ-9783 nömrəli icra qeydi verilərək, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən X4 xeyrinə İddiaçı 44400 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi tutulmalı məbləğ 44425 manat pul tutulması təklif edilmişdir.
22. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarixli 8İ-9783 nömrəli icra qeydinin ləğv edilməsini xahiş edir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən 18 sentyabr 2023-cü il tarixli 8İ-9783 nömrəli icra qeydi verilərkən hər hansı qanun pozuntusuna yol verilməsi təsdiq edilməmişdir. Bununla yanaşı məhkəmə qaydasında icra qeydi aparılmış tələbin borclu tərəfindən mübahisələndirilməsi imkanı nəzərdə tutulduğu halda borclu tərəfindən kredit müqaviləsi üzrə borc məhkəmə qaydasında mübahisələndirilməmiş, icra qeydinin ləğv edilməsi tələbi irəli sürülmüşdür.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılması zamanı maddi hüquq normalarının tətbiq edilməsində yanlışlığa yol verilmişdir.
25. Belə ki, birinci instansiya məhkəməsi icra qeydi aparılmış tələbin borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilməməsinə istinad edərək, iddia tələbini təmin etməmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsinin əsası kimi ona istinad edir ki, icra qeydinin aparılması ilə bağlı ona hər hansı bildiriş təqdim edilməmişdir.
27. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsində qeyd edilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
28. İşə baxılması zamanı 18 saylı Notariat Ofisindən icra qeydi ilə bağlı notariat işinin materialları tələb edilmişdir. İcra işinin materiallarında olan “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”dən görünür ki, bildiriş ünvan 2 ünvanına göndərilmişdir.Yaşayış yerinin qeydiyyat məlumatlarından görünür ki, İddiaçı qeydiyyat ünvanı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu olmuşdur.
29. Bildiriş isə kredit müqaviləsində göstərilən İddiaçı əvvəlki ünvanına göndərilmişdir. Lakin İddiaçı xx.xx.2023-cü il tarixdə qeydiyyat ünvanı dəyişmişdir. İcra qeyd materiallarında bununla bağlı məlumat olmasına baxmayaraq notarius tərəfindən bu hal nəzərə alınmamışdır.
30. Kollegiya qeyd edir ki, “Notariat haqqında” haqqında Qanunun tələbi pozularaq bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmadığı halda notarius tərəfindən icra qeydi verilmişdir. Bu əsasa görə icra qeydi ləğv edilməlidir.
31. İddiaçının apellyasiya şikayətinin digər dəlili odur ki, borc məbləğinin bir hissəsi qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcunun ödənilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, X10 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş 44425 manat pulun tutulmasına dair Bakı şəhəri 18 saylı Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş icra qeydi ləğv edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. X10 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş 44425 manat pulun tutulmasına dair Bakı şəhəri 18 saylı Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş icra qeydi ləğv edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov