Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5859/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-5859/2020 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxxxx” İKB ASC və X5 cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 235184 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və cəmiyyətin direktoru Cavabdeh4 2012-ci ildə ona müraciət edərək, maliyyə çətinliyi ilə əlaqədar cəmiyyətin balansında olan Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 ünvanında yerləşən 16,2196 ha torpaq sahəsini satmaq istədiklərini, lakin torpağı özəlləşdirmək üçün 200.000 manatdan artıq məbləğdə pul ödəməli olduqlarını, bu məbləğdə pulun isə olmadığını bildirmişlər. Cavabdehlərlə əldə olunmuş ümumi razılığa əsasən torpaq sahəsinin özəlləşdirilməsi üçün zəruri olan pul vəsaiti onun tərəfindən ödənilməli və torpaq cəmiyyətin adına özəlləşdirildikdən sonra satılaraq onun tərəfindən ödənilmiş vəsait geri qaytarılmalı idi. Beləliklə, onun tərəfindən xx xxxxxx 2012-ci il tarixdə torpaq sahəsinin özəlləşdirilməsi üçün Cavabdeh2-nin əvəzinə Dövlət Əmlak Komitəsinin hesabına 235.184 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu hal hazırki iddia ərizəsinə əlavə etdiyi xx xxxxxx 2016-cı il tarixli “X6”ndan da aşkar şəkildə görünür. Ödənişi həyata keçirdikdən sonra Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 ünvanında yerləşən 16,2196 ha torpaq sahəsi Cavabdeh2-nin adına özəlləşdirilərək həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi satılmadığı üçün və cavabdehlər onun pulunu qaytara bilmədikləri üçün Cavabdeh2 2013-cü ilin iyun ayında mülkiyyətində olan 16,2196 ha torpaq sahəsində yerləşən Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 ünvanmdakı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 5.866,7 kvadrat metr olan “E” qeyri-yaşayış binası “4 saylı istehsalat binası” (istehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kvadrat metr olan bütün qeyri-yaşayış binalarını və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsini ona 401.000 manata satmışdır. Beləliklə, həmin torpaq sahəsinə görə onun tərəfindən ümumilikdə 636.184 manat pul ödənilmişdir. Lakin Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə onun arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, AN-İ ******* saylı/Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 ünvanmdakı ümumi sahəsi 5.866,7 kvadrat metr olan “E” qeyri yaşayış binası “4 saylı stehsalat binası” (istehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31.683,50 kvadrat metr olan bütün qeyriyaşayış binalarına və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin alğı-satqısma dair müqavilə və bu müqaviləyə dəyişiklik edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli saziş etibarsız hesab edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyaları məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə onun tərəfindən ödənilmiş 401.000 manatın geri qaytarılması qət edilsə də, alğı-satqıdan qabaq ödənilmiş 235.184 manatın aqibəti həll edilməmiş və bu məbləğ ümumiyyətlə araşdırma predmeti olmamışdır. Belə olan halda hesab edir ki, Cavabdeh2 və Cavabdeh4 235.184 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-506/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmənin iddianın rədd edilməsi üçün istinad etdiyi yeganə dəlil – 235184 manat məbləğində pulun iddiaçı tərəfindən ödənilməsinin guya, iş materialları ilə təsdiq edilmədiyi barədə gəldiyi nəticə tamamilə yanlış olmaqla, həmçinin, prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, mübahisə tərəflərinin münasibətlərinə tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə, öz qətnaməsində tərəflər arasında mövcud olmuş əvvəlki mübahisələrin həllinə dair qəbul edilmiş məhkəmə qərarına istinad etsə də, həmin qərarla müəyyən edilmiş və hazırkı iş üzrə sübut kimi qəbul edilməli olan faktı nəzərə almamışdır. Qeyd edilən hal iddiaçı tərəfindən məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə bu fakta yalnız istinad etməklə kifayətlənmiş, lakin prosessual qanunvericiliyin tələblərini pozaraq, ona lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının istinad etdiyi və hazırda şikayət verilən məhkəmə qətnaməsində də öz əksini tapmış Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(051)-36/2016 saylı qətnaməsi üzrə işə sonradan apellyasiya və kassasiya qaydasında baxan məhkəmələr tərəfindən də iddiaçının 235184 manatı Cavabdeh2-nin əvəzinə ödəməsi faktı birmənalı olaraq müəyyən edilmişdir. Həmin iş üzrə Ali Məhkəmənin xx xxxx 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarının 8-ci səhifəsində məhkəmə müəyyən etmişdir ki: “...Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2nin baş direktoru arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 16,2196 hektar torpaq sahəsi 235184 manata səhmdar cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Həmin məbləğ gələcək alıcı, hazırkı iş üzrə cavabdeh İddiaçı2 tərəfindən ödənilmiş və ASC-nin ona borcu kimi yazılmışdır”. Göründüyü kimi, 234184 manatın ödənilməsinə dair qəbzin Cavabdeh2-nin adına verilməsi qeyd edilsə də, həmin məbləğin Cavabdeh2-nin əvəzinə hazırkı iş üzrə İddiaçı2 tərəfindən ödənilməsi Ali Məhkəmənin qanuni qüvvədə olan qərarında da müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə prosessual qanunvericiliyin imperativ tələblərinə əməl etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və cəmiyyətin direktoru Cavabdeh4, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxxxx” İKB ASC və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, qeyd etmişdir ki, iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-5859/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından “xxxxxxxxxx” ASC-nin Sənaye filialı tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 65 ünvanında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi üçün 235184 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(102)- 5226/17 saylı qərarının 8-ci səhifəsində məhkəmə müəyyən etmişdir ki: “...Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2-nin baş direktoru arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 16,2196 hektar torpaq sahəsi 235184 manata səhmdar cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Həmin məbləğ gələcək alıcı, hazırkı iş üzrə cavabdeh İddiaçı2 tərəfindən ödənilmiş və ASC-nin ona borcu kimi yazılmışdır”. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarınından görünür ki, hazırkı iş üzrə İddiaçı2 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti həmin işdə tərəf olduqlarından, onlara münasibətdə qeyd olunan qərar preyudisial əhəmiyyət kəsb edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquq doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi deyil, məhkəmə səhvlərini ədalət mühakiməsinin düzgün aparılmasını yoluna qoymaq məqsədi ilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Bu isə öz növbəsində qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən mübahisələrin yekunlaşmasının və hüquq sabitliyinin təmin edilməsi üçün məhkəmə qərarlarının yenidən baxılmasına əsasən apellyasiya və kassasiya məhkəmələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Brumaresku Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarda X8 Məhkəməsi göstərmisdir ki, hüququn aliliyinin əsas aspektlərindən bıri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan pul məbləği Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə borc olaraq verildiyindən, hazırkı iddia tələbinin qanını əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. MM-nin 329.2-ci maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-nin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qanunvericilikdə borc müqaviləsinin şifahi formada, tərəflərin razılaşması ilə yazılı formada bağlana bilməsi göstərilsə də, konkret hansı formada olması qeyd olunmamışdır. Hazırki işdən görünür ki, tərəflər öz aralarında əqdlər üçün müəyyən edilmiş qaydaya uyğun olaraq, şifahi formada müqavilə bağlamışlar. Kollegiya qeyd edir ki, İddiaçı2 tərəfindən Cavabdeh2-yə 16,2196 hektar torpaq sahəsinin özəlləşdirilməsi üçün 235184 manat məbləğində pulun verilməsi qüvvədə olan yuxarı instansiya məhkəməsinin qərarı ilə müəyyən olnduğundan, həmin qərar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etdiyindən, yenidən sübut edilməyə ehtiyac qalmadığından, iddia qismən təmin edilməli, tələb olanan 235184 manat məbləğində pul Cavabdeh2-dən İddiaçı2 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)- 5859/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2-dən İddiaçı2 xeyrinə 235184 (iki yüz otuz beş min yüz səksən dörd) manat məbləğində pul tutulsun. Cavabdeh2-dən İddiaçı2 xeyrinə 20 (iyirmi) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-5859/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5859/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver