Məhkəmə qərarları › İş №2(103)-5859/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5859/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5859/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-354/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xarici valyutada olan 21.12.2012-ci il tarixli, 109625-1-4895 saylı müqavilə üzrə yaranmış kredit borcu olan və 06.01.2016-cı il tarixə olan 9749,81 ABŞ dolları olan əsas borc barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin Cavabdeh1 ASC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-354/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə, 109625-1-4895 saylı, 21.12.2012-cı il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə 06.01.2016-cı il tarixə olan əsas borcun 9.749,81 ABŞ dolları məbləğində olması barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh1 ASCyə həvalə edilməsi qət edilmişdr. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mərkəzləşdirilmiş Kredit Reyestri bankların və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bank olmayan kredit təşkilatlarının cari və potensial borcalanları haqqında etibarlı məlumatlar almaq, borcalanları bazar intizamına, borcalma nüfuzunun qorunmasına təşviq etmək və bankların və bank olmayan kredit təşkilatlarının kredit risklərini azaltmaq məqsədilə yaradılmışdır. “Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında” Qaydaların 6.1-ci maddəsinə əsasən bütün banklar qanuna və qaydalara uyğun olaraq Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatları təqdim etməlidirlər. Bank tərəfindən sistemdə olan məlumatlar vaxtı-vaxtında Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.02.2020-ci il tarixli 2(105)- 295/2020 saylı qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas və faiz borclarının məbləğləri hissəsində iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülərək Cavabdeh1 ASC-nin iddiası qismən təmin edilmişdir . Həmin qətnamə ilə hər hansı bir məlumatın “xxxx” MMC-yə təqdim edilməsi nəzərdə tutulmamışdır. “Azərbaycan kredit bürosu”na (orüB) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 4.2-ci bəndinə əsasən Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Həmçinin, hesab edirlər ki, tərəflər arasında olan münasibət kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olduğu üçün iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişdir. Belə ki, “Azərbaycan kredit bürosu”na (orüB) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 4.3-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər haqqında toplanan məlumatların qeyri-dəqiq olması barədə şikayətlər məlumat təchizatçılarına və ya Büroya verilir. Göründüyü kimi, həmin qaydalarda kredit tarixçələrinin məlumat bazasında şəxsin qeyridəqiq məlumatlarının dəqiqləşdirilməsi qaydası müəyyən edilmişdir. Nəzərə alınsa ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.02.2020-ci il tarixli, 2(105)-295/2020 saylı qətnaməsi kassasiya qaydasında mübahisələndirildiyi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.09.2020-ci il tarixli 2(102)-3372/2020 saylı qərarı qəbul edildiyi tarixdən qanuni qüvvəyə minmişdir, iddiaçı həmin tarixdən sonra mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə Banka hər hansı bir müraciət etməmiş, kredit tarixçələrinin məlumat bazasında onun qeyri-dəqiq məlumatlarının olması ilə əlaqədar heç bir şikayət verməmiş və müraciət etmək imkanını itirməmişdir. Bundan başqa, iddiaçı Bağırov Hüseynalı Əmir oğlunun iddia ərizəsindən də görünür ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən kompensasiya ödənişinin alınmasıdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının (bundan sonra mətndə - Fərman) 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi, 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə isə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur. Mübahisələndirilən qətnaməyə əsasən isə Bağırov Hüseynalı Əmir oğlunun Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə 06.01.2016-cı il tarixə olan əsas borcun 9.749,81 ABŞ dolları məbləğində olması barədə məlumatların "xxxx" MMC-yə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 bildirdi ki, “xxxx” MMC bütün kreditlərin reyestrinin aparılması üçün Prezidentin Fərmanına əsasən yaradılmış rəsmi qurumdur. Burada borcun nə qədər götürülməsi barədə məlumatlar olur. Məlumatın verilməsi üçün vətəndaş ya Banka, ya da Büroya müraciət etməli idi. Əgər bu iddiada məqsəd kompensasiya alınmasıdırsa, iddiaçı yenidən inzibati qaydada Mərkəzi Banka qarşı iddia qaldırmalı idi. Məhkəmə iclasında iddiaçı Bağırov Hüseynalı Əmir oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 38.800 ABŞ dolları banka pul ödəmişdir. Amma bank prinsip apardığı üçün heç öz verdiyi sənədə də möhür vurmur ki, o, Mərkəzi Banka qarşı iddia qaldırsın. İşə baxılması vaxtı və yeri haqqında üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 17.02.2020-ci il tarixli, 2(105)- 295/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 30 mart 2016-cı il tarixli 2(012)-877/2016 saylı qətnaməsi cavabdeh İddiaçı munasibətdə dəyişdirilmişdir. xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 109625-1-4895 saylı, 21.12.2012-cı il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə yaranmış 06 yanvar 2016-cı il tarixə olan 9.749 (doqquz min yeddi yüz qırx doqquz) ABŞ dolları 81 (səksən bır) sent məbləğində əsas borc, 1.546 (bir min beş yüz qırx altı) ABŞ dolları 96 (doxsan altı) sent məbləğində faiz, 57.80 (əlli yeddi dollar 80 sent) ABŞ dolları məbləğində cərimə, cəmi 11.296 (on bir min iki yüz doxsan altı) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlər İddiaçı və X1 müştərək qaydada tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, ödəmə ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan «Hyunday Santafe-minik» minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaitindən 11296.77 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaiti İddiaçı xxxx (Azərbaycan) ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 29.09.2020-ci il tarixli, 2(102)-3372/2020 saylı qərarından görünür ki, iddiaçı “xxxx” (Azərbaycan) ASC və cavabdeh İddiaçı ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməmiş, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli, 2(105)-295/2020 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 ASC tərəfindən Mərkəzi Banka və İddiaçı ünvanlanmış 06.03.2020-ci il tarixli məktubdan görünür ki, qeyd olunan məsələ ilə bağlı Cavabdeh1 ASC (bundan sonra Bank) tərəfindən araşdırma aparılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının eyni məsələ ilə əlaqədar olaraq öncə daxil olmuş 25 dekabr 2019-cu il tarixli, ********** saylı məktubuna Bank tərəfindən 27 dekabr 2019-cu il tarixli, 14106 saylı cavab məktubu ilə məlumatlar təqdim olunmuşdur. Belə ki, İddiaçı (bundan sonra Müştəri) ilə Bank arasında bağlanmış 21 dekabr 2012ci il tarixli, 109625-1-4895 saylı “Avtomobil krediti müqaviləsi"nə (bundan sonra Müqavilə) əsasən müştəriyə 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 33 673,00 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Borc öhdəliyinin Müştəri tərəfindən vaxtında və lazımınca icra edilməməsi səbəbindən, Bank tərəfindən ərizə ilə aidiyyəti Məhkəməyə müraciət edilmişdir. Nəticədə, Abşeron Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2-(012)-877/2016 saylı Qətnaməsinə (bundan sonra Qətnamə) əsasən Müştəridən xxxx (Azərbaycan) ASC-nin xeyrinə ümumilikdə 13 591,87 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Hundai Santafe” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin hərrac vasitəsi ilə satılması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və məcburi icra tədbirləri başlamışdır. Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinin icra olunması üçün icra məmurları tərəfindən ipoteka ilə yüklü edilmiş əmlak saxlanılaraq Cavabdeh1 ASC-yə saxlanca verilmişdir. Lakin Müştəri tərəfindən apellyasiya şikayəti verilmişdir. Məsələ üzrə yekun qərarın verilməsindən sonra Bank tərəfindən Azərbaycan Respublikasının (bundan sonra AR) qanunvericiliyinə əsasən müvafiq tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına Müqavilə üzrə 21 fevral 2015-ci il və 21 dekabr 2015-ci il tarixlərinə olan 10871.42 ABŞ dolları məbləğində əsas borc barədə məlumat təqdim olunmuşdur. Fərmana uyğun olaraq qeyd edirlər ki, vətəndaşların ümumi borcu 10.000 (on min) ABŞ dolları ekvivalentindən artıq olduğu halda kompensasiya həmin vətəndaşlara şamil olunmur. Bildirirlər ki, Bankın müvafiq struktur bölməsinin rəyinə əsasən, hər hansı bir güzəştin edilməsi hal-hazırda Bankın imkanları xaricindədir. Müştəri tərəfindən borc öhdəliyinin vaxtında və lazımınca icra edilməməsi səbəbindən, Bank tərəfindən Azərbaycan Respublikasının (bundan sonra AR) qanunvericiliyinə əsasən müvafiq tədbirlər görülməkdədir. İnzibati xətalar Məcəlləsi Maddə 528-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Araşdırılmış iş materiallarından göründüyü kimi, Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 17.02.2020-ci il tarixli, 2(105)-295/2020 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 30 mart 2016-cı il tarixli 2(012)-877/2016 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmişdir. Nəticədə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 109625-1-4895 saylı, 21.12.2012-cı il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə İddiaçı tərəfindən tutulmalı olan əsas borcun məbləği 9.749,81 ABŞ dolları, faiz borcunun məbləği 1.546,96 ABŞ dolları, cərimə borcunun məbləği 57.80 ABŞ dolları, cəmi 11.296,77 ABŞ dolları təşkil etmişdir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən cavabdeh məhkəməyə müraciət etmiş, vaxtında icra edilməmiş öhdəlik üzrə yaranmış borcun İddiaçı tutulmasına dair qətnamə qəbul edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 17.02.2020-ci il tarixli, 2(105)-295/2020 saylı qətnaməsinə əsasən iddiaçının banka olan borcun məbləği dəqiqləşdirilmiş, İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə 06.01.2016-cı il tarixə olan əsas borcun məbləği 9.749,81 ABŞ dolları, faiz borcunun məbləği 1.546,96 ABŞ dolları, cərimə borcunun məbləği 57.80 ABŞ dolları, cəmi 11.296,77 ABŞ dolları kimi müəyyən edilmişdir. Lakin cavabdeh müvafiq məlumatı “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməmiş, halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar tərəfindən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olması haqqında məlumat verməlidir. Beləliklə, bank "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da iddiaçının müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 109625-1-4895 saylı, 21.12.2012-cı il tarixli kredit müqaviləsi barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh1 ASC-yə həvalə edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh şikayətin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılmasını göstərsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın “ona aid hissədə təmin edilməsi” hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissəsinə isə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar), tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdeh bank tərəfindən sistemdə olan məlumatlar vaxtı-vaxtında Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edildiyini göstərsə də hazırki iddia tələbində göstərilən məlumatı təqdim etməməsinin həqiqi səbəblərini göstərmir yaxud göstərmək istəmir. Əksinə iddia tələbinə etiraz edir, hətta Sumqayıt Apelyasiya Məhkəməsinin 17.02.2020-ci il tarixli 2(105)- 295/2020 saylı qətnaməsində hər hansı bir məlumatın “xxxx” MMC-yə təqdim edilməsinin nəzərdə tutulmadığını göstərir. Həmin işdə hansısa məlumatın “xxxx” MMC-yə təqdim edilməsinə dair tələb olmadığından qətnamədə də bu məsələyə dair hansısa göstəriş ola bilməzdi. Göründüyü kimi, bu cür dəlillərdən istifadə edilməsi cavabdehin açıq-aşkar haqsız mövqeyinin olduğuna dəlalət edir. İkincisi, tərəflər arasında olan hazırki münasibət kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin nəticəsi olaraq qətnamənin icrası ilə bağlı olduğundan iddiaçının da mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməsi tələb olunmurdu. Çünki, tələb olunan məlumatların “Azərbaycan kredit bürosu”na təqdim edilməsi cavabdehin qanunvericiliyin tələbinə əsasən vəzifəsi və borcudur və bu vəzifəni də icra etməli idi. Lakin icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə iddiaçının banka hər hansı bir müraciət etmədiyini göstərsə də, bu dəlil də iş materialları ilə təkzib olunur. Çünki, iş materiallarında(bax.i.v.10-11) cavabdehin iddiaçıya ünvanladığı 06.03.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, əksinə iddiaçı tələbində göstərdiyi məsələlərlə bağlı cavabdehə dəfələrlə müraciət etmişdir. Ona görə də, cavabdehin iddiaçıya bu cür münasibəti haqlı olaraq mülki dövriyyənin iştirakçısı kimi iddiaçıda narazılıq yaratmışdır. Bu hal isə yolverilməzdir. Çünki, əgər həqiqətən qeyd olunan kredit müqaviləsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş kredit borcunun, o cümlədən əsas borcun məbləği barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə dəqiq məlumat verilmiş olsa idi, ümumiyyətlə bu iddianın irəli sürülməsinə əsaslar olmazdı. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, bu hissədə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-354/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar