Məhkəmə qərarları › İş №2(103)-5859/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5859/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5859/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və 9 saylı Notariat kontoruna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 9 saylı Notariat kontoruna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(005)-1110/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və 9 saylı Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu 9 saylı Notarial kontorunda 26 dekabr 2019-cu il tarixində bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(005)- 1110/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Qətnamənin əsaslarına görə, iddiaçı əqdin etibarsızlığı tələbini qoysa da, bununla bağlı məhkəməyə heç bir sübutu təqdim etməmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

4. İddiaçı qətnamədən şikayət verərək, ləğv edilib, təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadı: “- 26. Qeyd edildiyi kimi, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. - 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. ... - 51. Beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. - 52. Ona görə də, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. - 53. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPMin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

8. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X2 qarşı pul və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddianın əsası 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsi olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(005)-247/2021 nömrəli qətnaməsi ilə iddiaçının tələbi qismən təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.

9. İddiaçının hazırkı iddia ilə də məhz 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin etibarsızlığını xahiş edir.

10. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından da göründüyü kimi, hər hansı bir əqdə əsaslanaraq verilən iddia üzrə hüquqi dəyərləndirmə aparılarkən məhkəmə tərəfindən ilk növbədə həmin əqdin etibarlı olub-olmaması araşdırılmalıdır. Belə bir yoxlama ilə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(005)-247/2021 nömrəli qətnaməsi ilə iddiaçının hazırda mübahisələndirdiyi 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin etibarlılığı təsbit olunmuşdur.

11. Buna görə də, birinci instansiya məhkəməsi hazırkı tələbə baxaraq mahiyyəti üzrə qətnamə çıxarmaqda haqlı olmamışdır.

12. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qətnamə qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qismən təsdiq edilməklə qətnamənin ləğvinə əsas verir. Buna görə də şikayət qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir.

13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(005)- 1110/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh2 və 9 saylı Notariat kontoruna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iş üzrə icraata xitam verilsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar