Məhkəmə qərarları › İş №2(103)-586/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-586/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-586/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdeh1 iştirakları ilə iddiaçı “xxxxxxxxxxxxxxx” X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-2322/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxx” X6 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 16116,28 ABŞ dolları məbləğində əsas borc və 3455 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 19571,28 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 2322/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 16116,28 ABŞ dolları əsas, 3455 ABŞ dolları faiz, cəmi 19571,28 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq “xxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-2322/2019 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 tərəfindən iddiaçı “xxxxxxxxxxxxxxx” ASC ilə xx xxx 2016-cı il tarixdə bağlamış olduğu Müqavilə təqdim edilmişdir. Həmin müqavilədə qeyd edilmişdir ki, borclu Cavabdeh2 maliyyə vəziyyətinin ağır olduğunu, onun hal-hazırda krediti ödəyə bilmədiyini nəzərə alaraq, iddiaçı əsas borca faiz hesablamağı dayandırır, bunun müqabilində cavabdeh zamin kimi aylıq 500 manatdan az olmamaqla ödəniş etməyi öhdəsinə götürür. Cavabdeh1 kredit borcundan heç bir faydası olmamış, borc alan Cavabdeh2 həmin krediti öz biznesinin inkişafı üçün götürmüş, uzaq qohum və rəsmi əmək haqqı olan kimi ondan zamin durmağı xahiş etmişdir. Cavabdeh1 Cavabdeh2 sözünü yerə salmamış, buna razı olmuşdur. Sonra manatın 2015-ci ilin dekabr ayının kəskin ucuzlaşmasından sonra Fərahimin vəziyyəti ağırlaşmış, biznesi süqut etmiş, özü isə xəstələnmişdir. Zamin olaraq Cavabdeh1 ödənişləri gah özündən, gah o biri qohumlarının hesabına ödəməyə çalışmışdır. Ona görə, ödənişləri 500 manatdan yuxarı qaldıra bilmirdi. Birinci instansiya məhkəməsi sübut kimi təqdim etdiyi yeni müqaviləni nəinki ekspertizaya təqdim etməmiş, qətnamədə təkzib etməmiş, heç ümumiyyətlə, xatırlatmamışdır. Halbuki bu sübut faiz məbləğlərinin hesablanmasında çox vacib sənəddir. Müqavilədə qeyd edilib ki, ödənişlər danışılmış məbləğdə aparılacaq, belə olmayacaqsa, faizlər aktivləşəcək və iddiaçı məhkəməyə müraciət edəcəkdir. Həmin Müqaviləni iddiaçı hazırlamış və oradakı şərtləri də onun işçiləri formalaşdırmışlar. Müqavilənin təhlilindən görünür ki, danışılmış minimum məbləğ (500 manat) ödənilməzsə iddiaçı ləngimədən məhkəməyə müraciət etməli idi və bu halda işə baxılması ilə əlaqədar faiz hesablanması dayanacaqdır. Faizləri bərpa edib, məhkəməyə müraciət etmə müqavilədə eyni zamanda yaxud qısa fasilə ilə görülməli hərəkətlər kimi nəzərdə tutulub. Ödəniş cədvəlindən görünür ki, həmin Müqavilə bağlanandan elə ilk aydan başlayaraq ödənilən aylıq məbləğləri 500 manata çatdıra bilməmişdir. Lakin iddiaçı məhkəməyə 3 il sonra müraciət etmiş və bütün bu müddət ərzində xarici valyutada faizləri hesablamaqda davam etmişdir. Bu minvalla iddiaçı iddiasını gecikdirib, daha gec verə, dollarla sayılan faiz məbləğlərini daha da artıra bilərdi. Beləliklə, xarici valyutada hesablanan faiz məbləğləri iddiaçı tərəfindən süni olaraq şişirdilmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində iddia tələbini faiz hissəsində olduğu kimi təmin etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi, vəkil X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni faiz borcunun tutulması hissəsində ləğv edilməklə, həmin hissədə iddianın rədd edilməsi bardə yeni qətnamə qəbul edilməli, qətnamə əsas və ümumi borcun müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, “xxxxxxxxxxxxxxx” ASC və borclu Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 1540 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik 30% ödəmək şərtilə 18379 ABŞ dolları məbləğində kredit verilmiş, zamin Cavabdeh1 borclu Cavabdeh2 “xxxxxxxxx” BOKT ASC qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin kredit alan cavabdeh üzərinə düşən öhdəlikləri icra tam etməmiş və nəticədə onun banka borcu yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyinə əsasən xx xxxxxxx 2018-ci il tarixə Cavabdeh2 “xxxxxxxxxxxxxxx” ASC-yə olan borcunun əsas borc üzrə 16387 ABŞ dolları, faiz borcu üzrə 3455 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirərək iddia tələbini əsaslı sayaraq təmin etmiş və cavabdehlərdən tutulacaq əsas və faiz borcunu müəyyən etmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində araşdırma zamanı Cavabdeh1 tərəfindən onunla “xxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxx 2016-cı il tarixli müqavilə təqdim olunmuşdur. Həmin müqavilənin şərtlərinə əsasən BOKT daxili verilən qərara əsasən, borc alanın kredit faizləri dondurularaq müqavilə bağlanan andan etibarən hər ay 500 manatdan az olmamaq şərti ilə gecikmə etmədən kredit borcu bitənə qədər ödənilməsinə razılaşmışdır. Əks halda müqavilənin şərti borc alan və ya zamin tərəfindən pozularsa, BOKT həmin andan etibarən faizləri aktivləşdirərək kreditin tam ödənişinin təmin etmək üçün məhkəməyə müraciət edəcəkdir. İş materiallarından həmçinin müəyyən olunur ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, yuxarıda qeyd olunan xx xxx 2016-cı il tarixli müqavilənin şərtləri nəzərə alınmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx xxxxxx 2020-ci il tarixli, 31874 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx xxxxxxx 2015-ci il tarixli 1540 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 xx xxx 2016-cı il tarixə (sualda göstərilən tarix) banka olan borcu 19394,11 ABŞ dollarıməbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 17188,28 ABŞ dolları, faiz borcu üzrə 2205,83 ABŞ dolları. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarına və ödəniş qəbzlərinə əsasən Cavabdeh1 ilə “xxxxxxxxxx” BOKT ASC arasında bağlanmış xx xxx 2016-cı il tarixli müqavilənin şərtləri qismən icra edilmişdir. Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx xxxxxxx 2015-ci il tarixli 1540 saylı kredit müqaviləsi, xx xxx 2016-cı il tarixli müqavilə şərtləri əsas götürülməklə Cavabdeh2 xx xxxxxxx 2018-ci il və xx xxxxxx 2019-cu il tarixədək (sualda göstərilən tarixlər) banka olan borcu 16214,10 ABŞ dollarıməbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 16214,10 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları. Təqdim edilmiş sənədlərə (çıxarış və qəbzlər) əsasən xx xxxxxx 2019-cu il tarixdən sonra xx xxxxxxx 2015-ci il tarixli 1540 saylı kredit müqaviləsi, xx xxx 2016-cı il tarixli müqavilə üzrə 352,24 ABŞ dollarıməbləğində ödəniş olunmuşdur. Hazırki tədqiqatla hesablamalar xx xxxxxxx 2018-ci il və xx xxxxxx 2019-cu il tarixədək (sualda göstərilən tarixlər) aparıldığından sonradan ödənilən 352,24 ABŞdolları məbləğində ödəniş hazırki hesablamada nəzərə alınmadı. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə borcun məbləğinin müəyyən edilməsində apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertizanın rəyi daha mötəbər sübut qismində qiymətləndirilməli, həmin rəylə cavabdehlərin faiz borcunun mövcüd olmaması müəyyən edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə və müvafiq olaraq cəmi borcun müəyyən edilməsi hissəsində ləğv edilməli, əsas borc isə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən 15764,04 ABŞ dolları (iddia tələbində olan 16116,28 ABŞ dolları - 352,24 ABŞ dolları = 15764,04 ABŞ dolları) müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti borcun müəyyən edilməsi hissəsində əsaslı olduğundan, iş üzrə birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri tərəflərə bərabər olaraq aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 385.1.1, 385.1.2, 385.1.4, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 2322/2019 saylı qətnaməsi faiz və cəmi borcunun tutulması hissəsində ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddiaçı “xxxxxxxxxxxxxxx” X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbi faiz və cəmi borcun tutulması hissəsində əsassız olduğundan təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 2322/2019 saylı qətnaməsi əsas borcun müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15764,04 ABŞ dolları (on beş min yeddi altmış dörd ABŞ dolları, dörd sent) məbləğində əsas borc tutularaq (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) “xxxxxxxxxxxxxxx” X4 xeyrinə ödənilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 2322/2019 saylı qətnaməsi qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə ekspertizalarının xərci hesabına “xxxxxxxxxxxxxxx” X3 100 (bir yüz) manat, Cavabdeh2 və Cavabdeh1 100 (bir yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar