Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-586/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2014-cü il tarixli 2(007)-2440/2014 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 07.05.2014-cü il tarixinə banka borclu olduğu 35218,48 ABŞ dolları məbləğində əsas borc, 956,50 ABŞ dolları məbləğində faiz və 26,0 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 36200,98 ABŞ dolları pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ASC-yə ödənilməsi, tələbin cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan ipoteka predmeti “Kia Cadenza” markalı avtomaşına yönəldilməsi, həmin avtomaşının açıq hərracda satılması, avtomobilin açıq hərracda satılmasından əldə olunan vəsaitdən qeyd olunan pul məbləğinin ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə Bank arasında bağlanmış 23.07.2013-cü il tarixli 115401-1-7873 saylı “Avtomobil krediti müqaviləsinə” əsasən cavabdehə avtomobil alınması məqsədi ilə illik 18% ödənilməsi şərti ilə, 60 ay müddətinə 37653 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin üsulu kimi cavabdeh 23.07.2013-cü il tarixli 115401-16-11016 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan “Kia Cadenza” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazimınca yerinə yetirməmişdir. Cavabdehlə aparılmış şifahi danışıqlar və xəbərdarlıqlar nəticə verməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2014-cü il tarixli 2(007)-2440/2014 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 35218,48 ABŞ dolları əsas, 956,50 ABŞ dolları faiz, 26,0 ABŞ dolları cərimə olmaqla, cəmi 36200,98 ABŞ dolları borcun alınacaq gündə Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh Tofiq oğlunun mülkiyyətindəki “Kia Cadenza” (buraxılış ili:2013, tip:sedan, ban:KNALN, 414BES129497, rəngi: ağ mirvari) markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, həmin avtomaşının ilkin satış qiyməti 41837 ABŞ dolları olmaqla, açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi, avtomaşının satışından əldə edilmiş məbləğ iddiaçının tələbindən artıq olduqda, həmin məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. 2014-cü ilin əvvəlində maddi problemi olduğu üçün bir neçə ay ödənişlərdə gecikmələr olmuşdur. 2014-cü ilin iyun ayının əvvəlində müqavilə üzrə bütün gecikmələri ödəmiş və ödəniş qrafikinə uyğun olaraq 33000 ABŞ dollara yaxın borcu qalmışdır. Qətnamə qəbul olunan tarixə müqavilə şərtlərini pozan borcu olmamışdır. Qətnamənin olmasından xəbəri olmadığından, qrafik üzrə ödənişləri etmiş və 24.07.2015-ci il tarixdə borcu vaxtından əvvəl tam ödəmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qiymətləndirmə rəyi ilə razılaşmadığını bildirərək, avtomobilin yenidən qiymətləndirilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məkhəmə-xətşünaslıq ekspertizasının rəyi ilə razılaşmadığını və yenidən ekspertiza keçirilməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, izahatları dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 23.07.2013-cü il tarixli 115401-1-7873 saylı “Avtomobil krediti müqaviləsinə” əsasən borcverən İddiaçı ASC-nin Nizami filialı tərəfindən borcalan Cavabdeh “Kia Cadenza” minik markalı avtomobilin alınması məqsədi ilə illik 18% ödənilməsi şərti ilə, 60 ay müddətinə 37653 ABŞ dolları məbləğində kredit verilmişdir. 23.07.2013-cü il tarixli 115401-16-11016 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh ipoteka saxlayan İddiaçı ASC-nin Nizami filialı qarşısında 23.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən öhdəliyinin icrasının təminatı olaraq mülkiyyət hüququ ilə ona məxsus olan “Kia Cadenza” markalı minik avtomobilini ipoteka ilə yüklü etmişdir. AA 094216 23.07.2013-cü il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışa əsasən borcluya məxsus “Kia Cadenza” markalı minik avtomobili ipoteka predmeti kimi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-də 23.07.2013-cü il tarixdən 23.07.2018-ci il tarixədək qeydiyyata alınmışdır. 12.05.2014-cü il tarixli arayışa əsasən Cavabdeh 07.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas məbləğə görə borcu 35218,48 ABŞ dolları, faizə görə borcu 956,50 ABŞ dolları, cəriməyə görə borcu 26,00 ABŞ dolları olmaqla, cəmi 36200,98 ABŞ dolları borcu vardır. İş materiallarında olan pretenziya məktubları və “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə” bildirişdən görünür ki, cavabdehə öhdəliyin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Apelyasiya baxışı zamanı təqdim edilmiş 115401-1-7873 nömrəli “Avtomobil krediti müqaviləsinə” dəyişiklik və əlavə edilməsi barədə 01 saylı 24.07.2015-ci il tarixli Razılaşmaya əsasən kredit alanın banka 24.07.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 30688,28 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin Razılaşmaya əsasən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 36 ay müddət ərzində istifadə etməyi və 23.07.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 18% ödəməyi öhdəsinə götürmüşdür. Yeni ödəniş qrafiki tərtib edilmiş və əvvəlki ödəniş qrafiki qüvvədən düşmüşdür. Həmçinin 23.07.2013-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı 24.07.2015-ci il tarixli Razılaşma təqdim edilmişdir. Cavabdeh təqdim edilmiş razılaşmalardan xəbəri olmadığını, tərəfindən imzalanmadığını bildirmiş və bu dəlilin araşdırılması məqsədi ilə Kollegiya tərəfindən kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.01.2022-ci il tarixli 4/1871- 9505 nömrəli ekspert rəyinə əsasən, məhkəmə-xətşünaslıq ekspertizası üzrə mülki işin 199-cu vərəqəsində olan 115401-1-7873 nömrəli avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 24.07.2015-ci il tarixli razılaşmada “Kredit alan Cavabdeh imza” qrafasındakı imza, i/v 202-də olan ödəniş cədvəlində “Kredit alan Cavabdeh imza” qrafasındakı imza, i/v 200-201-də olan 23.07.2013-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı 24.07.2015-ci il tarixli razılaşmanın 1-ci vərəqəsinin aşağı sağ küncündəki imza, 2-ci vərəqədə “İpoteka qoyan Cavabdeh imza” qrafasındakı imza, i/v 198-də olan 24.07.2015-ci il tarixli ərizədə “İmza” yazısı qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə-mühasibat ekspertizası üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları 23.07.2013-cü il tarixli 115401-1-7873 saylı kredit müqaviləsi və 24.07.2015-ci il tarixli 01 saylı razılaşmada qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 23.07.2018-ci il tarixə "xxxx" (Azərbaycan) ASC-yə olan borcu əsas borc üzrə 30688,28 ABŞ dolları; faiz borcu üzrə 14632,69 ABŞ dolları təşkil edir. Bundan başqa, Kollegiya tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi keçirilmiş, "xxxx" MMC-nin 27.12.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən “Kia Cadenza” markalı minik avtomobilinin 27.12.2021-ci il tarixinə hesablanmış likvid dəyəri 31000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında sonuncu razılaşma 24.07.2015-ci il tarixdə imzalanmışdır. Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, sonuncu müqavilə tərəflər arasında eyni predmet üzrə daha əvvəllər bağlanmış müqavilə(lər) üzrə öhdəliklərə novasiya nəticəsində xitam vermişdir. Belə ki, Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Göründüyü kimi, tərəflər arasında 23.07.2013-cü il tarixli 115401-1-7873 saylı “Avtomobil krediti müqaviləsi” bağlanmış, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2014-cü il tarixli 2(007)- 2440/2014 saylı qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Lakin bundan 1 il sonra tərəflər arasında 115401-1-7873 nömrəli “Avtomobil krediti müqaviləsinə” dəyişiklik və əlavə edilməsi barədə 01 saylı 24.07.2015-ci il tarixli Razılaşma bağlanaraq, mövcud olan borc kapitallaşdırılmış, yeni ödəniş qrafiki (müddəti) və faiz dərəcəsi müəyyən edilmişdir. Cavabdeh həmin razılaşmadan xəbəri olmadığını, tərəfindən imzalanmadığını qeyd etsə də, məhkəmə-xətşünaslıq ekspertizası nəticəsində eskpert rəyi ilə imzanın cavabdehə məxsus olduğu müəyyən edilmişdir. Belə olan halda tərəflər arasında mövcud olan 23.07.2013-cü il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmiş, bağlanmış yeni Razılaşma əsasında yeni öhdəliklər yaranmışdır. Ona görə də əvvəlki müqavilə üzrə borcun tutulması barədə qətnamə ləğv edilməlidir. Eyni zamanda Kollegiya iddiaçıya izah edir ki, cavabdehlə bağlanmış 115401-1- 7873 nömrəli “Avtomobil krediti müqaviləsinə” dəyişiklik və əlavə edilməsi barədə 01 saylı 24.07.2015-ci il tarixli Razılaşma üzrə cavabdehin öhdəliyini icra etməməsi nəticəsində yaranmış borcun tələb edilməsi barədə müstəqil iddia qaldırmaq hüququna malikdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2440/2014 saylı iş üzrə 07 iyul 2014-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ASC-nin Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi tələbinə dair” iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilsin. Aparılmış tədqiqatın dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: "xxxx" ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-586/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-586/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver