Məhkəmə qərarları › İş №2(103)-5860/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5860/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5860/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-7932/2019 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3189,38 ABŞ dolları faiz borcu, 608,94 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək gecikdirilmiş dövr üçün illik beş faizlə hesablanmış 206,4 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 4004,72 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-dən illik 26 faizlə 36 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit götürmüş, borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2015ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 7932/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3189,38 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, gecikdirilmiş dövr üçün illik beş faizlə hesablanmış 206,4 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 3445,78 ABŞ dolları məbləğində borcun ödəniş anında məzənnə üzrə manatla, habelə 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı “xxxxxxxxx” ASC-yə (əvvəlki adı İddiaçı İKB ASC) ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Ə.A.Məmmədov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, kredit müqaviləsi üzrə tərəfindən xeyli ödənişlər edilmişdir. 30.01.209-cu il tarixdə əsas kredit borcunu bağlamış, ondan əvvəl isə 3000 ABŞ dollarından yuxarı məbləğdə ödənişlər etmişdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı qəbul edilmişdir. Həmin Fərmana əsasən bank onun kreditini bağlamalı idi. Sonuncu dəfə banka müraciət etdikdə bildirmişlər ki, onun əsas kreditə görə borcu yoxdur, bu barədə arayış almaq üçün özləri zəng edəcəklər, lakin xəbər etməmişlər. İş üzrə mühasibatlıq ekspertizası təyin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin göstərdi ki, kreditin valyutası ABŞ dolları olduğundan, ümumi razılığa əsasən, manatın devalvasiyasından sonra bank cavabdeh A.Cavabdeh1 apardığı ödənişləri onun əsas borcuna silmiş, faiz borcunun isə əsas borc tam bağlandıqdan sonra ödənilməsi nəzərdə tutulmuşdur, bu həm bankın, həm də borclunun iradəsinə uyğun olmuşdur. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh A.Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, hazırki kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir altına düşməsi barədə apellyasiya şikayətində qeyd etsə də, sonradan ona məlum olmuşdur ki, başqa kredit borcları olduğu üçün, hazırki kredit müqaviləsinə görə kompensasiya ala bilmir. Hazırki kredit müqaviləsinin Fərmanın təsiri altına düşməməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Həmçinin, bankla əldə olunmuş razılığa əsasən, onun apardığı bütün ödənişlər əsas borcun silinməsinə yönəlmiş, faiz borcunun isə sonda ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, maliyyə böhranı ilə bağlı hazırda bankın tələb etdiyi məbləğdə faizlər ödəyə bilmir, bank isə heç bir güzəşt etmir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, iddia qismən təmin edilmiş olsa da, qətnaməni iddiaçı mübahisələndirməmiş, nədəki digər Cavabdeh2 tərəfindən qətnamə mübahisələndirilməmişdir, Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, qətnamə yalnız ona aid hissədə yoxlanılır, qətnamənin bütünlüklə yoxlanılması və digər cavabdehin şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi tərəflərin hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə müahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli, 2-Z-6-0-73-15 saylı Kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında illik 26% olmaqla 36 ay müddətə cavabdehə 9000 ABŞ dolları məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin təminatı olaraq Cavabdeh2 Ağaməli oğlu ilə bank arasında eyni tarixli və nömrəli bağlanmış zaminlik müqaviləsinə əsasən, sonuncu Cavabdeh1 zamin duraraq öhdəliklər yerinə yetirilmədiyi halda məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş kassa məxaric orderinin surətindən görünür ki, 9000 ABŞ dolları məbləğində pul xx.xx.2015-ci il tarixdə Cavabdeh1 tərəfindən bankın kassasından qəbul edilmişdir. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 362,62 ABŞ dolları olmaqla xx.xx.2018-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2015ci il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə banka 3189,38 ABŞ dolları faiz borcu, 608,94 ABŞ dolları cərimə, gecikdirilmiş dövr üçün illik beş faizlə hesablanmış 206,4 ABŞ dolları faiz olmaqla, ümumilikdə 4004,72 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər xx.xx.2015-ci il tarixli 2- Z-6-0-73-15 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı xəbərdar edilmişlər. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan normanın məzmunundan müəyyən edildiyi kimi, əgər kreditor daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, cərimə borcunu azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində irəli sürülən, iş üzrə ekspertizanın təyin edilməsinin zəruriliyi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmış, hər hansı bir konkret dəlil göstərməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya onu da nəzərə alır ki, 2015-ci ildə manatın devalvasiyaya uğraması nəticəsində borclu Cavabdeh1 apardığı ödənişlərin yalnız əsas borca silinməsi barədə razılıq əldə olunmuşdur ki, banka da buna əməl etmiş, aparılmış ödənişləri ancaq əsas borca silməklə faiz borcunun ödənişini sona saxlamışdır (bu halı hər iki tərəf təsdiq etmişdir). Hazırda borclu Cavabdeh1 əsas iradı faiz borcunun düzgün hesablanmaması yox, həmin borcdan ona bank tərəfindən güzəşt edilməməsindəndir ki, bununla bağlı da Kollegiya qeyd edir ki, güzəşt etmək bankın vəzifəsi yox, hüququdur. Beləliklə apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7932/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən (Cavabdeh1 aid) hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar