Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5862/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5297/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2017-ci il tarixli 68/17 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 saylı əlavəyə xitam verilməsi, cavabdehlərdən əsas kredit borcu üzrə 191049.14 ABŞ dolları, 9925.67 ABŞ dolları faiz borcu olmaqla, cəmi 200974.81 ABŞ dolları “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tələbin girov predmeti olan əşyalara yönəldilməsi və girov predmetinin açıq hərracdan satılaraq əldə edilmiş pulun bank qarşısında olan borcun bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(006)- 5297/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 68/17 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə xx xxxxxx 2018-ci il tarixli 1 saylı əlavəyə xitam verilməsi, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas kredit borcu üzrə 191049.14 ABŞ dolları, 9925.67 dollar faiz borcu olmaqla cəmi 200974.81 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, tutmanın girov müqaviləsində adları göstərilən və dəyəri 1006748.52 manat məbləğində göstərilən mallara yönəldilməsi, girov müqaviləsində adları göstərilən və dəyəri 1006748.52 manat məbləğində göstərilən malların açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh1 MMC və Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin nəticə hissəsində qeyd olunan girov predmeti olan əmlakın qiymətinin 1.006.748,52 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, iş üzrə tələbin girov predmeti olan əşyalara yönəldilməsi kimi göstərilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin nəticə hissəsində yanlışlığa yol verilmiş, tələb girov predmeti olan əşyalara yönəldilməli olduğu halda, girov predmetinin qiyməti də göstərilmişdir. Lakin qətnamədə girov predmeti olan əmlakın qiymətinin 1.006.748,52 manat məbləğində göstərilməsinə baxmayaraq bu məbləğ onun real bazar dəyərini əks etdirmir. Belə ki, xx.xx.2017-ci il tarixli girov müqaviləsində adları göstərilən malların, avadanlıqların dəyəri sifarişçinin yəni Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 təqdim etdiyi maliyyə mühasibatlıq sənədləri üzrə guya 1 006 748.52 manat müəyyən edilmişdir. Bankın müraciətinə əsasən mallar, avadanlıqlar bazar dəyərinə uyğun qiymətləndirilmiş və xx xxxx 2019-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə rəyində mal və materialların bazar dəyəri 136 750 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız girov predmeti olan əmlakların dəyərinin müəyyən edilməsi hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx xxxxxx 2017-ci il tarixli, 68/17 saylı kredit müqaviləsi bağlanmış vəmüqaviləyə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə, illik 15% olmaqla 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflərarasında xx xxxxxx 2017-ci il tarixli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 MMC-yə məxsus və girov müqaviləsinə 1 saylı əlavədə sadalanmış avadanlıqlar bank qarşısında girovla yüklü edilmişdir. Həmin tərəflər arasında kredit müqaviləsinə xx xxxxxx 2018-ci il tarixli 1 saylı Əlavə bağlanmış və Əlavəyə əsasən xx xxxxxx 2017-ci il tarixli 68/17 saylı kredit müqaviləsinin 2.7-ci bəndinə dəyişiklik edilərək, borcalana xx xxx 2018-ci il tarixə qədər aylıq 2489 ABŞ dolları məbləğində hesablanmış faizləri ödəmək şərti ilə əsas məbləğin ödənilməsinə üç ay güzəşt müddəti verilmişdir. Mübahisələndirilən hissədə iddiaçının mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi girov predmeti olan əmlakların dəyəri hissəsində ləğv edilməlidir. Belə ki, Mülki Məcəllənin “Əşya təminat hüququ. Girov və ipoteka hüququ” adlı 12ci fəslinə aid 269-306-cı maddələrində və “X3 haqqında” Azərbaycan Respublikasının Qanununda məhkəmə tərəfindən girov predmetlərinin dəyərinin (ilkin satış qiymətinin) müəyyən edilməsi ilə bağlı hər hansı bir imperativ göstəriş yoxdur. Eyni zamanda iddiaçı tərəfindən də girov predmeti olan əşyaların dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə görə isə məhkəmənin iddia tələblərindən kənara çıxmağa hüququ yoxdur. Lakin birinci instansiya məhkəməsi bununla bağlı hər hansı bir tələb və qanunun göstərişi olmadığı təqdirdə girov predmeti olan əmlakların dəyərini də müəyyən etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi girov predmeti olan əmlakların dəyəri hissəsində ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5297/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi girov predmeti olan əmlakların dəyəri hissəsində ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-5862/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5862/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver