Məhkəmə qərarları › İş №2(103)-5864/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5864/2025

02.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5864/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5864/2025 (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4420/2025 nömrəli 26 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixində AKX-02879xx-xx-2021 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır.

2. İddiaçı tərəfindən təbii X2nın pozulması haqqında aktlar tərtib edilmişdir. xx.xx.2013-cü il tarixli 068501 nömrəli akt əsasında 172,80 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 658,80 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 756 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 540 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 950,40 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 596,16 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 298,08 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 596,16 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 1088,64 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 604,80 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1468,80 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1468,80 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəi akt əsasında 544,32 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 609,12 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 302,40 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 251,71 manat, cəmi 14013,07 manat məbləğində maddi zərər hesablanmışdır.

3. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 466,02 manat debitor borcu qalmışdır.

4. Abonent saldosuna görə cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda 14479,09 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İByə vurulmuş 14013,07 (on dörd min on üç manat yeddi qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 466,02 (dörd yüz altmış altı manat iki qəpik) manat və 133,44 (bir yüz otuz üç manat qırx dörd qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 14612,53 (on dörd min altı yüz on iki manat əlli üç qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı İBnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixində AKX-02879xx-xx-2021 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5- ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin ödənilməmiş 2011-ci ilin ayları üzrə qalıq 279,30 manat sərfiyyat borcu, 2024-cü ilin dekabr ayı üzrə 16,68 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-aprel ayları üzrə 33,37 manat sərfiyyat borcu, cəmi 329,35 manat sərfiyyat borcu qalmışdır. Cavabdehin 2012-ci il avqust ayından sayğac dəyişikliyindən sonra isə abonentin 216,70 manat və 2019-cu il mart ayından sayğac dəyişikliyindən sonra isə abonentin 210,80 manat, cəmi 427,50 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (329,35+427,50=756,85). 2013-cü ilin yanvar ayından 2025-ci ilin aprel ayına qədər cavabdeh 290,83 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 466,02 (dörd yüz altmış altı manat iki qəpik) manat borcu (debitor borc) da qalmışdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 avqust 2025-ci il tarixli 2(008)-5864/2025 nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2013-cü il tarixli 068501 nömrəli akt üzrə dəymiş ziyan olaraq 172,80 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan olaraq 251,71 manat, 466,02 manat debitor borc, cəmi 890,53 manat borc və 30 manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir.

8. Məhkəmə göstərmişdir ki, uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni aktlar tərtib etməsi, həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Yəni İddiaçı İB əməkdaşları tərəfindən kənar qoşulma halları aşkar edildiyi halda heç bir tədbir görülməmiş, hər ayın sonunda formal olaraq aktlar yazmaqla kifayətlənmiş və nəticədə kənar qoşulma halının davam etməsinə şərait yaratmışdır.

9. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən ilk aktı əsas götürərək 172,80 manat tutmuş, lakin digər aktlar barədə hesab etmişdir ki, həmin aktların tərtib edilmə zamanı qeyd olunmamış, aktlarda cavabdehin imzasının əks olunmamışdır, həmçinin cavabdehə məxsus evə baxış keçirilməsi, keçirilmişdirsə kənar xətt aşkar edildiyi halda onun qaynaqla qaz xəttindən ayrılması, aktlar tərtib olunan zamanı cavabdehin iştirakının təmin edilməsi müəyyən olunmur, iddiaçının nümayəndələri ünvana baxış keçirilmədən hər ayın sonu akt yazmaqla kifayətlənmişlər. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq “Azərqaz” İB əməkdaşları tərəfindən ikinci dəfə qeyd olunan ünvanda kənar qoşulma halı aşkar edən zaman kənar xətt qaynaqla ayrılaraq inzibati orqana xəbər verilməli olduqları halda etməmiş, hər ay akt yazılmaqla kifayətlənmişlər. Bu səbəbdən məhkəmə xx.xx.2013-cü il tarixdə tətbiq edilmiş 068501 nömrəli aktı əsaslı hesab edərək, sonrakı tarixlərdə tərtib edilmiş aktların yazılmasına “Azərqaz” İB özünün şərait yaratması kimi qiymətləndirərək, onları qəbul etməmişdir.

10. Məhkəmə xx.xx.2024-cü il tarixli təbii X2nın pozulması haqqında ******* nömrəli aktı da əsaslı hesab etmişdir. İş materiallarına əlavə olunan MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Əliyev X3 Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin bununla bağlı videogörüntü CD-disk formasında iş materiallarına əlavə edilmişdir.

11. Məhkəmə həmçinin debitor borc tələbini də əsaslı hesab edərək, həmin hissədə də iddianı təmin etmişdir.

12. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Qanuna, Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”na, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onu iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən İddiaçı İB-nin tələb etmiş olduğu ümumilikdə 14612,53 manat borc məbləğinin heç bir hissəsi araşdırılmamışdır. İş materiallarında mövcud olan fotoşəkillər həqiqətən də, cavabdehin təqsirini sübut etməsinə baxmayaraq, həmin fotoşəkillər araşdırılmamışdır. Qeyd olunanların araşdırılması və həqiqətin müəyyən edilməsi məqsədilə Məhkəmə heç birekspertizaya, xüsusilə X1 mülki işi sərfiyyat məbləğinin həcminin araşdırılması üçün göndərməmişdir. Baxmayaraq ki, fakt elə Energetika Nazirliyi tərəfindən təsdiq edilmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”

25. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

26. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

27. Maddə 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

28. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

29. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Qətnamə yalnız iddiaçının apellyasiya şikayətinə münasibətdə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən (iddia tələbinin təmin edilməyən) hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Cavabdehdən 466,02 manat debitor borc tutulmuş və cavabdeh həmin hissəni mübahisələndirilməmişdir.

40. Təbii qazdan qeyri qanuni istifadə ilə bağlı isə cavabdeh barəsində müxtəlif vaxtalarda 21 akt tərtib edilmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək tərtib olunmuş 7 akt üzrə 4.214,16 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək tərtib olunmuş 14 akt üzrə 9.798,91 manat zərər tələb olunmuşdur.

41. Birinci instansiya məhkəməsi yalnız 1-ci, yəni xx.xx.2013-cü il tarixli akt üzrə hesablanmış 172,8 manat və sonuncu, yəni xx.xx.2024-cü il tarixli akt üzrə hesablanmış 251,71 manat maddi zərər hissəsində iddianı təmin etmişdir.

42. Məhkəmə xx.xx.2022-ci il tarixədək tərtib olunmuş aktlar üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdeh bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni aktlar tərtib etmişdir. İddiaçı İB əməkdaşları kənar qoşulma hallarını aşkar edikləri halda heç bir tədbir görməmiş, hər ayın sonunda formal olaraq aktlar yazmaqla kifayətlənmiş və nəticədə kənar qoşulma halının davam etməsinə şərait yaratmışlar.

43. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

44. Göründüyü kimi, qanunsuz qoşulma halı aşkar etdikdə təbii qazn verilməsinin dayandırılması qazpaylayıcının vəzifəsidir.

45. Məhkəmə xx.xx.2022-ci il tarixdən sonrakı dövr üçün tərtib olunmuş aktlar üzrə gəldiyi nəticəni isə belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin (xx.xx.2022-ci il tarixdən qüvvədədir) tələblərinə tam əməl edilməmiş, yalnız sonuncu - xx.xx.2024-cü il tarixli akt üzrə cavabdehin təqsir məsələsi həll olunmuşdur.

46. Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və göstərilən ənəticəni qanuni və əsaslı hesab edir.

47. Kollegiya hesab edir ki, məhkəmənin qalan hissədə iddia tələbinin rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.

48. Apellyasiya şikayəti əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas vermir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4420/2025 nömrəli 26 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar