Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5866/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(004)-4128/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 08 avqust 2023-cü il tarixli qərardad qəbul edilərək, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının borcun ödənilmiş hesab edilməsini tələb etdiyi kredit müqaviləsinə qiymət verilmiş, İddiaçı cavabdeh qismində çıxış etdiyi həmin mülki işdə borc məbləği ondan tutulmuş, yuxarı instansiya məhkəmələrində qətnamə mübahisələndirilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Belə olan halda, mübahisə üzrə yekun məhkəmə aktı qəbul edildiyindən iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Həmin qərardaddan İddiaçı şikayət vermiş, şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı onun konstitusyon hüquqularını pozmuş, məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 18 avqust 2023-cü il tarixli qərardad qəbul edilərək, şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayəti mümkün hesab edərək, icraata qəbul etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının tələbinin predmetini “kredit müqaviləsi üzrə yaranmış borc”, əsasını isə “səs yazısı” təşkil edir. Hansı ki, iddiaçı iddia ərizəsində səs yazısınının sübut kimi qəbul edilməsini və bunun əsasında da, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilmiş hesab edilməsini tələb edir. Digər qeyd olunmalı hal isə ondan ibarətdir ki, vaxtilə Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, yekunda Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli qərar qəbul edərək, kassasiya şikayətini təmin etməmişdir. Nəticədə hazırki mülki işin predmetini təşkil edən kredit müqaviləsi üzrə yaranmış borca, həmçinin hazırki mülki işin əsasını təşkil edən səs yazısına bütün məhkəmə instansiyaları tərəfindən qiymət verilmişdir. Lakin iddiaçı həmin səs yazısını əsas götürməklə yenidən birinci instansiya məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, bununla da, prosessual pozuntuya yol vermişdir. Belə ki, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin maddənin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarından müəyyən olunur ki, məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də, məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Hazırki mülki işdə də, subyekt tərkibi eyni olmaqla yanaşı, iddia tələbinin predmetini və əsasını əvvəllər məhkəmələr tərəfindən qiymət verilmiş hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmçinin həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda birinci instansiya məhkəməsi iddia ərizəsini qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, şikayətdə göstərilən hallar formal mülahizələrdən ibarətdir, birinci instansiya məhkəməsi isə qərardadını qanunamüfaviq əsaslarla qəbul etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8- 1, 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r v e r d i: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(004)-4128/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5866/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5866/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver