Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5867/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20500 ABŞ dolları məbləğində pulun ödənildiyi gün Azərbaycan manatına məzənnəsi ilə və ödədiyi dövlət rüsumu olan 30 manatın, cəmi 20530 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Zərifə Əliyeva adına istirahət parkında onu iş qurmaq, yəni Türkiyədən paltar gətirmək adı ilə aldadaraq, 20500 ABŞ dolları məbləğində pulunu ələ keçirmişdir, lakin aralarında olan yazılı razılaşmaya əsasən hər ay 5125 (beş min bir yüz iyirmi beş) ABŞ dollar olmaqla 4 ay müddətində həmin pulu qaytarmalı olduğu halda, bu günə qədər bir qəpik də olsun qaytarmamışdır. Həmin razılaşma şahidlər X3 və X1 iştirakları və imzaları ilə öz aralarında yazılı qaydada rəsmləşdirilmişdir. Javabdehin ona qarşı törətdiyi həmin dələduzluq hərəkətləri barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə yazılı qaydada müraciət etsə də, Cavabdeh tapılıb izahat və ifadələrinin alınmasının mümkün olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İddia ərizəsinə əlavə etdiyi cavabdehlə onun arasında bağlanmış müqavilənin surətindən də görünür ki, o, xx xxxxxx 2018-ci il tarixdə ondan 20500 ABŞ dolları məbləğində pul götürmüşdür, lakin aralarında olan yazılı razılaşmaya əsasən hər ay 5125 (beş min bir yüz iyirmi beş) ABŞ dollar olmaqla, 4 ay müddətində həmin pulu qaytarmalı olduğu halda, bu günə qədər bir qəpik də olsun qaytarmamışdır. Cavabdehin ondan götürdüyü pulu indiyə qədər qaytarmaması müstəntiqin “cinayət işinin başlanması rədd edilməsi haqqında” xx xxxxxxx 2018-ci il tarixli qərarından da görünür. Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdeh onu faktiki olaraq, aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirsə də, aralarında yazılı şəkildə borc müqaviləsi bağlanmışdır və həmin müqavilədə verdiyi borca görə hər hansı bir faizin ödənilməsi nəzərdə tutulmamışdır. Javabdehlə onun arasında bağlanmış borc müqaviləsi üzrə öhdəlik 2018-ci ilin iyun ayına qədər tam icra olunmalı olduğu halda, indiyə kimi icra edilməmişdir. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh 20500 (iyirmi min beş yüz) ABŞ dolları məbləğində pulun ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə və ödədiyi 30 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 20500 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı hər hansı məbləğdə borc pul almamışdır. İddiaçı ilə ticarət əlaqələri olmuşdur.Belə ki, iddiaçı Türkiyə Cümhuriyyətindən ona mütəmadi olaraq mal göndərmiş və o həmin malları Rusiya Federasiyasında satmışdır. Sonuncu dəfə, iddiaçı ona mal göndərdikdə həmin mallar Jargo-dan ona verilməmişdir və o, bu barədə iddiaçıya məlumat vermişdir. O, həmin malları alıb, onları satacağının müqabilində həmin malların dəyərini iddiaçıya ödəməli olsa da, həmin mallar Jargo-dan ona verilməmiş, ümumiyyətlə həmin malları görməmişdir. Lakin iddiaçı ondan həmin malların dəyərini tələb etmişdir. İddiaçı iddia ərizəsində ona xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Zərifə Əliyeva adına istirahət parkında iş qurmaq adı ilə 20500 ABŞ dolları pul verdiyini qeyd etsə də, iddiaçının qeyd etdiyi bu halın məhkəmə iclasında tam əksi sübut edildiyi halda, məhkəmə bu halları qərəzli şəkildə qətnaməsində qeyd etməmiş, əksinə onun hər hansı sübut təqdim edə bilmədiyini göstərmişdir. Belə ki, məhkəmə iclasında tam sübut olunmuşdur ki, o, həmin yazılı razılaşmanı Bakı şəhəri Zərifə Əliyeva adına istirahət parkında deyil, Rusiya Federasiyasında təzyiq altında yazmışdır. Belə ki, məhkəmə iclasında onun pasportuna baxış keçirilən zaman onun ümumiyyətlə həmin tarixdə Azərbaycanda olmadığı aşkar edilmişdir. Lakin bu hal da, hansısa səbəblərdən məhkəmənin diqqətindən kənarda qalaraq, qətnamədə nəinki qiymət verilməmiş, ümumiyyətlə qeyd edilməmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini tam müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, o, iddiaçının təqdim etdiyi müqaviləni iddiaçının özünün və onun yanında gəlmiş şəxslərin təzyiqi nəticəsində məcbur qalıb yazmışdır. Əslində onun iddiaçıya heç bir borcu olmamışdır. Lakin İddiaçı və adları müqavilədə şahid kimi keçən şəxslər Moskva şəhərində onun işlədiyi ticarət mərkəzinə gələrək onu mərkəzin yaxınlığında yerləşən çay evinə dəvət etmiş, orada isə hədə-qorxu gəlməklə borcunun olduğunu bildirmiş, bununla bağlı qəbz yazıb verməsini ondan tələb etmişlər. O da, məcbur qalıb həmin müqaviləni tərtib etmişdir. Məhkəmə iclasında cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, o, pulu Bakı şəhərində Zərifə Əliyeva adına parkda cavabdehə vermişdir. Sonradan Cavabdeh onu aldatdığını başa düşdükdən sonra, Moskva şəhərində Tofiqin işlədiyi ticarət mərkəzinin yaxınlığında yerləşən «Bakinski Bulvar» restoranında onunla görüşmüş, həmin vaxt adları qəbzdə qeyd olunan X5 və X2 da onlarla bir yerdə olmuş, həmin şəxslərin yanında Tofiq ona borcu olduğunu etiraf etmiş və hazırda iş materiallarına əlavə etdiyi borcun etirafına dair müqaviləni öz əli ilə yazaraq imzalamışdır. Həmin vaxt Tofiqə heç kim təsir etməmiş, restoranda oturduqları şəraitdə bu heç mümkün də olmamışdır. Bundan sonra Tofiq dəfələrlə ona vədlər verərək aldatmış, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Qeyd edilənləri nəzərə alıb apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2018-ci ildə 20500 (iyirmi min) ABŞ dolları İddiaçı borc pul götürmüşdür. O, həmin pulu 4 ay ərzində hər ayın sonunda 5125 (beş min yüz iyirmi beş) ABŞ dolları olmaqla xx.xx.2018-ci ilin sonuna qədər üstünə düşən öhdəliyi yerinə yetirməyi öhdəsinə götürmüşdür. xx xxxxxxx 2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı ərizəsindən görünür ki, İddiaçı, X4 və X1 imzaları və onların iştirakları ilə 20500 ABŞ dollar pulu Cavabdeh vermişdir. Cavabdeh Nizami rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahatından görünür ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1794 saylı icra vərəqəsi ilə bağlı bildirir ki, onun həqiqətən də İddiaçı 20500 ABŞ dolları borcu var və həmin borcu ödəməkdən boyun qaçırmır. Söz verir ki, tələbkarla razılaşdıqları kimi xx.xx.2019-cu il tarixdə borcundan 2-3 min ABŞ dolları ödəyəcəkdir. Ödəmədiyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı ona izah olunmuşdur. Əlavə olaraq bildirir ki, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün çağırışa gəlməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə tərtib etdiyi ərizə ilə İddiaçı 20500 ABŞ dolları borc aldığını etiraf etmiş və həmin borcu 4 ay ərzində hər ayın sonunda 5125 ABŞ dollar ödəməklə, xx.xx.2018-ci ilin sonuna qədər qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh öhdəliyi pozaraq iddiaçıya olan 20500 ABŞ dolları borcunu qaytarmamışdır. Cavabdeh apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyator borcun alınmasını təsdiq edən yazılı sənədi təzyiq altında tərtib etdiyini və imzaladığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Borclunun həmin müqavilə tərtib edilərkən Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasına dair apelyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin halı məhkəməyə verdiyi izahatında iddiaçı özü də təsdiq etmiş, hər iki tərəf bu müqavilənin Moskva şəhərində yerləşən borclunun işlədiyi ticarət mərkəzinə yaxın bir yerdə hər ikisinin iştirakı ilə tərtib edildiyini bildirmişlər. İddiaçı borc məbləğinin Bakı şəhərində verildiyini, müqavilənin isə sonradan Moskva şəhərində tərtib edildiyini bildirmişdir. Göründüyü kimi, işin müəyyən edilmiş halları ilə apelyasiya şikayətində cavabdeh şəxsin istinad etdiyi hallar arasında ziddiyyət mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin qeyd edilən normalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1334/2020 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5867/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5867/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver