Məhkəmə qərarları › İş №2(103)-5868/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5868/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5868/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5868/2022 (Açar sözlər: pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2719/2022 saylı 10 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı 6 ədəd “Samsung A715” markalı, 5 ədəd “Samsung A525” markalı, 3 ədəd “Samsung A515” markalı və 2 ədəd “Samsung A725” markalı, “X3 10” markalı, “Xiaomi Redmi 9T” markalı, “İphone 11” markalı, “İphone 12” markalı mobil telefonlara və 2 fərqli aksessuara görə 24 ay ödəniş cədvəli üzrə hər ay 686 manat olmaqla, ümumilikdə 16452.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq Zamin ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 14736,20 manat əsas borc, 4420,80 manat cərimə olmaqla, cəmi 19157 manat məbləğində borcun və 147,47 manat dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı 6 ədəd “Samsung A715” markalı, 5 ədəd “Samsung A525” markalı, 3 ədəd “Samsung A515” markalı və 2 ədəd “Samsung A725” markalı, “X3 10” markalı, “Xiaomi Redmi 9T” markalı, “İphone 11” markalı, “İphone 12” markalı mobil telefonlara və 2 fərqli aksessuara görə 24 ay ödəniş cədvəli üzrə hər ay 686 manat olmaqla, ümumilikdə 16452.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq Zamin ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 150 manat ödəniş etmiş və qalıq qalmış 14736,20 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə məbləğinin miqdarı 44208 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 4420.8 manat iddiaçıya ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2022-ci il tarixədək MMC-nə olan borcu 14736.2 manat əsas, 4420.8 manat cərimə, ümuilikdə 19157 manat təşkil etmişdir

4. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya olan borcunun məbləği xx.xx.2022-ci il tarixə 14736,20 manat əsas borc, 44208 manat cərimə olmaqla cəmi 58944,20 manat təşkil edir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 may 2022-ci il tarixli e-2(011)-2719/2022 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 14736,20 manat əsas borc, 1420,80 manat cərimə olmaqla cəmi 16157 manat borc və ödənilmiş dövlət rüsumunun 125,35 manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.1, 445.2.1, 467, 472, 601.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə borc məbləğini dəqiq müəyyən etməmiş və bununla bağlı vəsatət verilsə də ekspertiza təyin edilməmişdir. Bununla da borc məbləğindən artıq pulun tutulması ilə mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Müqavilə üzrə iddiaçıya etdiyi ödənişlər maliyyə arayışına daxil edilməmiş və ona əlavə borc hesablanmışdır.

b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

11. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin teleqramda qeyd etdikləri hallarla bağlı sübut təqdim olunmadığını nəzərə alaraq işə prosesə onun və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

15. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

16. Maddə 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

24. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur.

25. Kollegiya, apelyatorun borcunun düzgün hesablanmadığı ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir.

26. Vəsatət versə də, birinci instansiya məhkəməsi borcun düzgün müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etməməsi barədə dəlilə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, hazlıq iclası və məhkəmə baxışında iştirak edən Cavabdeh ekspertiza təyin edilməsi barədə hər hansı vəsatət verməmişdir.

27. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

28. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2719/2022 saylı iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar