Məhkəmə qərarları › İş №2(103)-5869/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5869/2025

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5869/2025 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının, iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında ##.##.2024-cü il tarixdə bağlanmış CP/*****/A*/** nömrəli kredit müqaviləsinə əsasən, Bank borc alana 36 ay müddətinə, illik 16,9 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi, kredit məbləğini və hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada Banka qaytarmağı öhdəsinə götürmüşdür.

2. Bank müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, kredit borcunu müəyyən edilmiş müddətdə ödəməmişdir. Nəticədə, Bankın ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin 14.347,55 manat əsas borc, 1.360,26 manat faiz borcu və 553,10 manat cərimə olmaqla, ümumilikdə 16.260,91 manat məbləğində borcu yaranmışdır.

3. İşin apellyasiya baxışı zamanı tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**-*/*-***/**** nömrəli ## #### 2026-cı il tarixli ekspert rəyinə əsasən tərəflər arasında imzalanmış CP/*****/A*/** nömrəli ##.##.2024-cü il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq cavabdeh Cavabdeh iddiaçı «xxxx” ASCyə pretenziya bildirişinin çatdırıldığı tarixə - ##.##.2025-ci il tarixə əsas borcu 14.345,01 manat, faiz borcu 1.316,20 manat olmaqla, cəmi 15.661,21 manat təşkil etdiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.347,55 manat məbləğində əsas borc, 1.360,26 manat məbləğində faiz, 553,1 manat məbləğində cərimə olmaqla, cəmi 16.260,91 manat pul vəsaiti və ödənilmiş 177 manat məbləğində dövlət rüsumunun 139 manat hissəsinin cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASCnin xeyrinə tutulması, dövlət rüsumunun 38 manat hissəsinin banka geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2024-cü il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 16,9 % olmaqla 15.000 manat məbləğində kredit vermişdir. Hazırda borclu «Ödəniş cədvəli»nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 4.347,55 manat məbləğində əsas borc, 1.360,26 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 15.757,81 manat pul vəsaitinin və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 137,27 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445 və 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

9. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamış, tamamilə iddiaçının xeyrinə bir qətnamə qəbul etmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçının tələb etdiyi məbləğ həddən artıq şişirdilmiş və məhkəmə bu mübahisəni araşdırarkən məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini məqbul saymamış və yalnız iddiaçının təqdim etdiyi sənədlərə əsasən qərar çıxarmışdır. Məhkəmə qətnaməni qəbul edərkən yalnızca bankın məhkəməyə təqdim etdiyi sübutlara əsaslansa da, o, məhkəmə qətnaməsi ilə razı deyil. Halbuki birinci instansiya məhkəməsi yekun məhkəmə aktını qəbul edərkən hazırkı işin bütün faktiki hallarını hərtərəfli, tam, obyektiv araşdırmalı idi. Ancaq birinci instansiya məhkəməsi vicdanlılıq prinsipinin şərtlərini kobud şəkildə pozaraq qeyd etdiyi xüsusatı düzgün qiymətləndirməmiş, tamamilə onların zərəri ilə nəticələnəcək bir qətnamə qəbul etmişdir. Bir daha qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qəti surətdə razı deyil. Hesab edir ki, hazırki iş üzrə düzgün və ədalətli qərarın qəbul edilməsi üçün məhkəmə-mühasbatlıq ekspertizasının keçirilməsi olduqca zəruridir. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin sözügedən qərarında nəzərdə tutulan xüsusatları nəzərə almamışdır. Bu isə əlbəttə ki, mülki qanunvericiliyin prinsiplərindən sayılan mülki hüquq subyektlərinin bərabərliyi prinsipini kobud şəkildə pozur. Belə olan halda onun həm konstitusion hüquqları, həm də mülki məcəllədə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulur. Göründüyü kimi birinci instansiya məhkəməsi sözügedən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmayaraq tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiysının iclasında iştirak edən iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnmamə ilə iddia qismən təmin olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 22.421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

23. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 24.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 25.432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 26.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 27.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 28.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 29.462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 30.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

31.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 32.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.1 və 14.2-ci maddə). 33.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir.

36. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında ##.##.2024-cü il tarixdə bağlanmış CP/*****/A*/** nömrəli kredit müqaviləsinə əsasən, Bank borc alana 36 ay müddətinə, illik 16,9 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi, kredit məbləğini və hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada Banka qaytarmağı öhdəsinə götürmüşdür.

37. Bank müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, kredit borcunu müəyyən edilmiş müddətdə ödəməmişdir. Nəticədə, Bankın ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin 14.347,55 manat əsas borc, 1.360,26 manat faiz borcu və 553,10 manat cərimə olmaqla, ümumilikdə 16.260,91 manat məbləğində borcu yaranmışdır.

38. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə ödənişləri müəyyən edilmiş müddətlərdə həyata keçirməməklə və bununla da müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada, öhdəliyin şərtlərinə uyğun və vicdanlılıq prinsipinə riayət etməklə icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu halda iddiaçının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, pozulmuş və ya mübahisələndirilən hüquq və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Çünki kredit müqaviləsinin mahiyyətinə görə, borc verənin kredit vəsaitini verməsi borc alanın həmin vəsaiti və müqavilədə nəzərdə tutulmuş faizləri müəyyən edilmiş qaydada və müddətdə borc verənə qaytarması öhdəliyini yaradır.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə almış, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, həmin normaların tətbiqində hər hansı pozuntuya yol verməmişdir.

40. Bununla belə, məhkəmə kollegiyası iş üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Bu məqsədlə iş üzrə müvafiq ekspertiza təyin edilmiş və ekspert qarşısında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024cü il tarixli, CP/*****/A*/** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh ##.##.2025-ci il tarixinə (pretenziya bildirişinin təqdim edildiyi tarixə) əsas borcunun və faiz borcunun məbləğinin müəyyən edilməsi barədə rəy verilməsi məsələsi qoyulmuşdur.

41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda müqavilənin ləğvi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həyata keçirilir. Müqavilənin ləğvi barədə iradə ifadəsinin qarşı tərəfə çatdırıldığı andan müqavilə ləğv edilmiş hesab olunur. Nəzərə alınmalıdır ki, Bank tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam vermək iradəsini ##.##.2025-ci il tarixdə cavabdehə göndərilmiş pretenziya bildirişi ilə ifadə etmişdir. Buna görə də müqaviləyə həmin tarixdən xitam verildiyi qəbul edilməli, annuitet ödənişləri (əsas borc və həmin tarixədək hesablanmış faizlər) isə kredit müqaviləsinin qüvvədə olduğu müddət üzrə yaranmış məbləğ həddində tutulmalıdır.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, *-**-**-*/*-***/**** nömrəli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-yə pretenziya bildirişinin təqdim edildiyi tarixə, yəni ##.##.2025-ci il tarixinə əsas borcu 14.345,01 manat, faiz borcu isə 1.316,20 manat təşkil etmişdir.

43. Beləliklə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin ##.##.2025-ci il tarixinədək (pretenziya bildirişinin çatdırıldığı tarixədək) yaranmış əsas borcu Bankın tələb etdiyi 14.347,55 manat deyil, 14.345,01 manat, faiz borcu isə 1.360,26 manat deyil, 1.316,20 manat təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan əsas və faiz borcu ekspert rəyində müəyyən edilmiş məbləğlər, yəni müqaviləyə xitam verilən tarixədək yaranmış borc həcmində müəyyən edilməlidir.

44. Beləliklə də, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi “əsas və faiz borcu üzrə müəyyən edilmiş məbləğ” hissəsində dəyişdirilməli, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə CP/*****/A*/** nömrəli ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış əsas borc olaraq 14.345,01 manat, faiz borcu olaraq 1.316,20 manat məbləğində pul tutulmalıdır. 45.Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 50 manat həddində müəyyən edilməsini daha ağlabatan və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşaraq hesab edir ki, müəyyən edilmiş dəbbə pulu əsas borcun məbləği ilə mütənasib olmaqla işin hallarına uyğundur. Kollegiya bu məbləği ədalətli hesab edərkən borcalanın kredit öhdəliyini vaxtında yerinə yetirməməsi nəticəsində iddiaçı Bankın məruz qaldığı maddi itkiləri, habelə dəbbə pulunun öhdəliyin icrasının təmin edilməsi vasitəsi kimi mahiyyətini nəzərə alır. 46.Mülki-Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 47.Həmin Məcəllənin 119.1-ci və 119.2-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 48.Bu Məcəllənin 124.3-cü maddəsinə görə, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. 49.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi “əsas və faiz borcu üzrə tutulmalı olan məbləğ” hissəsində dəyişdirilsin. İddia bu hissədə qismən təmin edilsin. Cavabdeh Cavabdeh CP/*****/A*/** nömrəli ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış əsas borc olaraq 14.345,01 (on dörd min üç yüz qırx beş manat bir qəpik) manat, faiz borcu olaraq 1.316,20 (bir min üç yüz on altı manat iyirmi qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 300 manatın 150 manatı iddiaçı İddiaçı ASC-dən, 150 manatı cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944) ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 88,50 manatın 3 manatı məbləğində pul iddiaçı «xxxx” ASC-dən tutularaq cavabdeh Cavabdeh ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar