Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-587/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı (qaz paylayıcısı) ilə cavabdehin (istehlakçının) arasında “Qazın alqısatqısı barədə” xx.xx.2016-cı il tarixli müqavilə bağlanıb. Təbii qazdan istifadə ünvanı “ünvan 1in saldosunda (iş v. 6, 125) istehlakçının ünvanı belə göstərilib. Təbii qazdan istixanada istifadə olunub. Hər iki tərəf bunu təsdiq edir. İddia ərizəsində qeyd olunub ki, cavabdeh qazdan istixanada istifadə edib. Cavabdeh bunu etiraf edir. O cümlədən bu hal abonentin saldosunda qeyd olunub. Hazırkı mübahisə kommersiya mübahisəsi deyil. Cavabdehin VÖEN-si (**********) olsa da, uçot baza məlumatlarına əsasən onun əsas fəaliyyət növü “Yük avtomobil nəqliyyatlarının fəaliyyəti” kimi qeyd olunub (iş v. 149). Yəni cavabdehin qeydə alınmış sahibkarlıq fəaliyyətinin təbii qazla əlaqəsi yoxdur. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, ünvan 2 ünvanında (istixanada) təbii qazadan istifadəyə görə yaranmış borc kimi 18.386,35 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, təbii qazdan istifadəyə görə 18.386,35 manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayətinin 2 əsası var. Birinci, borc düzgün hesablanmayıb; ikinci, İddiaçı İB öz inhisarçı mövqeyindən istifadə edərək qaz tənzimləyici qurğunu qaz sayğacından sonraya keçirib, belə olan halda qaz tənzimlənmədən sayğaca daxil olur və sayğac real istifadə edilən qazın həcmindən dəfələrlə artıq hesabat aparır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh və İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İddiaçı tələbini əsaslandırmaq üçün məhkəməyə 2 sənəd təqdim edib: tərəflərin arasında bağlanmış müqavilə (iş v. 7) və abonentin saldosu (iş v. 6, 125). Apellyasiya icraatı zamanı iş üzrə kompleks məhkəmə-mühəndis və məhkəməmühasibat ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4795 və 9/5281 nömrəli ekspert rəyinə görə, qaz təzimləyici qurğunun qaz sayğacından sonraya keçirilib-keçirilməməsinin müəyyən edilməsi xüsusi bilik tələb etmədiyindən qərardadın birinci sualının həmin hissəsi üzrə tədqiqat aparılmadı. “Qaz təchizatı. Layihələndirmə normaları”nın (AzDTN 2.13-1) 7.14-cü bəndinin tələblərinə əsasən qaz tənzimləyici qurğu nəzarət-ölçü cihazından (sayğacdan) əvvəl quraşdırılmalıdır. Qaz tənzimləyici qurğunun sayğacdan sonraya keçirilməsi istifadə edilən real qazın həcmindən artıq hesabat aparılmasına səbəb ola bilər. Ekspert rəyində daha sonra qeyd olunub ki, abonentin saldosu cədvəlində olan məlumatlara əsasən, Cavabdeh tərəfindən ödənilməli olan məbləğ 18.385,95 manat təşkil edir. Həmin məbləğ İddiaçı İBnin təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış, qeyd edilən borcun düzgün olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. Abonentin saldosundan (iş v. 125) görünür ki, iddia ərizəsində tələb olunan 18.386,35 manat aşağıda göstərilən 3 aya görə hesablanıb: 1-ci ay: 2020-ci ilin mart ayı. Bu ayda qaz sərfinin məbləği 16.886,80 manat, həmin ayın sonuna borc 16.160,55 manat olub; 2-ci ay: 2020-ci ilin aprel ayında qaz sərfinin məbləği 2.225,40 manat, həmin ayın sonuna borc 18.385,95 manat olub; 3-cü ay: 2020-ci ilin may ayında qaz sərfinin məbləği 0,40 manat, həmin ayın sonuna borc 18.386,35 manat olub. 18.386,35 manat belə hesablanıb: 16.160,55 manat (mart ayında qaz sərfiyyatının məbləğindən, yəni 16.886 manatdan edilmiş ödəniş çıxıldıqdan sonra həmin ayın sonuna olan borcun məbləği) + 2.225,40 manat (aprel ayında qaz sərfiyyatının məbləğindən) + 0,40 manat (may ayında qaz sərfiyyatının məbləği) = 18.386,35 manat. Əvvəlki 2 ayda - yanvar və fevral aylarında qaz sərfiyyatı olmayıb, lakin yanvar ayında cavabdeh 1.200 manat ödəyib. Abonentin saldosundan görünür ki, əvvəlki illərdə və aylarda heç vaxt bir ayda qaz sərfiyyatının məbləği 16.886,80 manat və ya 2.225,40 manat olmayıb. 1 ayda bu qədər məbləğdə qaz sərf edilməsi ağlabatan deyil. İddiaçı tərəf abonentin saldosundan başqa heç bir sübut təqdim etmədiyindən məhkəmə qaz sərfiyyatının məbləğinin ağlabatan olub-olmadığını əvvəlki dövrdəki sərfiyyatla müqayisədə qiymətləndirir. Ona görə də belə hesab olunur ki, yanvar ayında ödənilmiş 1.200 manat mart, aprel və may aylarındakı qaz səfiyyatına görə borcu da əhatə edir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 385-ci maddəsinin, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə borcun ödənilməsi barədə” iddiası rədd olunsun. Ekspertiza xərci olan 100 (yüz) manat İddiaçındən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-587/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-587/2022
07.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver