Məhkəmə qərarları › İş №2(103)-5876/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5876/2023

07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5876/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 100000 manat maddi zərərin, 45000 manat illik 5 faiz olmaqla hesablanmış məbləğin və 10000 manat mənəvi zərərin, cəmi 155000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 46000 manat maddi zərərin, 20700 manat illik 5 faiz olmaqla hesablanmış məbləğin və 10000 manat mənəvi zərərin, cəmi olaraq 76700 manat pulun, Cavabdeh2 onun xeyrinə 54000 manat maddi zərərin, 24300 manat illik 5 faiz olmaqla hesablanmış məbləğin, cəmi olaraq 78300 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 54000 (əlli dörd min) manat məbləğində maddi zərər və Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 46000 (qırx altı min) manat maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilməli olan 228 (iki yüz iyirmi səkkiz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

4. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 46000 (qırx altı min) manat maddi zərərin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ona münasibətdə ləğv edilməsi və ona münasibətdə cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

6. Həmin Məcəllənin 363.1.5-ci maddəsində qeyd edilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

7. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

8. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsində müəyyənləşdirilmiş qaydaya uyğun verilmədiyindən, işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.

10. Belə ki, AZEMİS-Məhkəmə işlərinin elektron idarəetmə sisteminə baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti elektron qaydada imzalanmamış, şikayət skan edilərək elektron məhkəmə sistemi vasitəsilə iş materiallarına əlavə edilmişdir.

11. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti elektron qaydada imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır.

12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar