Məhkəmə qərarları › İş №2(103)-5878/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5878/2022

07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5878/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3034/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 may 2012-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8980/2019 saylı, 15 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən hər ay müəyyən olunmuş 160 manat miqdarında alimentin artırılaraq, hər ay sabit pul məbləğində 193 manat miqdarında müəyyən olunması və bundan əlavə azyaşlı oğulları X4 müayinə və müalicə xərclərində Cavabdeh iştirak etməsini, hər ay alimentə 400 manat pul əlavə olunmasını, ümumilikdə 593 manat miqdarında alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh arasında 28 avqust 2012 ci il tarixdə nikah bağlanmışdır. Belə ki, aralarında baş verən münaqişələr nəticəsində birgə yaşamaları qeyri mümkün olmuş və aralarında olan nikah məhkəmə qərarı ilə rəsmi qaydada pozulmuşdur. Birgə nikahlarından dünyaya gəlmiş 17 may 2012-ci il təvəllüdlü X4 mənim himayəmə verilərək, hər ay sabit pul məbləğində 70 (yetmiş) manat aliment Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra aliment miqdarının az olduğuna əsasən məhkəmə qərarı ilə hər ay sabit pul məbləğində 160 manat miqdarında alimentin cavabdehdən alınaraq ona verilməsi müəyyən olunmuşdur. Hal-hazırda uşağı onun himayəsindədir. Eyni zamanda eşitmə qüsurludur. Bundan əlavə, digər yaşıdlarına nisbətən beyin olaraq inkişafında geriləmə var. Uşağın bu yaşda müayinə və müalicəsinə ciddi yanaşılmazsa böyüdükcə daha da pisləşəcək. Hər ay azyaşlı uşağın müayinə və müalicəsinə alimentdən əlavə kifayət qədər pul vəsaiti sərf olunur. Lakin bu cavabdehi ümumiyyətlə maraqlandırmır. Bundan əlavə, səhhəti ilə bağlı xüsusi müəllimlər vasitəsi ilə təhsil aldığı üçün bütün bunlar çox miqdarda pul vəsaiti hesabına başa gəlir. Hər ay tək ana olaraq o, azyaşlı uşağının müalicələrinə, dərman preparatlarına, aparatlara valideynlərinin maddi köməyi ilə 600 manatdan çox pul xərcləyir. O, uşağa baxmaqda çətinlik çəkir. Artıq valideynlərinin də maddi durumu çox zəifdir. Uşağı əziyyət çəkir. Qulağında 2 xüsusi aparatla eşidir. Nitqi zəifdir. Bir ata olaraq cavabdeh bütün bunları düşünməlidir. Ata kimi məsuliyyətli olmalıdır. Alimentdən əlavə digər xərclərdə maddi kömək etməlidir. O, əlindən gələni edir. Bununla bağlı əlində olan müəyyən qədər sübutları qoşmaya əlavə etmişdir. Sadəcə istəyir ki, cavabdeh uşağına baxmaqda məsulliyyətli olsun, onun kimi uşağının gələcəyini düşünsün. Tək ana olaraq uşağın maddi təminatını ödəməkdə çox çətinlik çəkir. Buna görə də uşağın saxlanması üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulması və keçmiş alimentin artırılması zəruridir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3034/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-8980/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması, 17 may 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, 17 may 2012-ci il təvəllüdlü X4 müalicəsi üçün əlavə xərclərə görə hər ay 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin və əlavə xərclərin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir (sədrlik edən: İlkin Əliyev).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə daha əvvəl müəyyən olunmuş alimentinn miqdarının dəyişdirilməsinə baxarkən və qətnamə qəbul edərkən Ali Məhkəmə Plenumnun 28 mart 2016-cı il tarixli Qərarındakı tövsiyəni, Ailə Məcəlləsinin 78.2, 78.3, 112.1-ci maddələrində göstərilmiş halları nəzərə almamışdır. Qətnamədə də qeyd olunduğu kimi, cavabdehin Tuncaydan əlavə daha 3 uşağı vardır. Bu uşaqlar iddiaçı ilə cavabdehin birgə nikahından olmasa da, onların saxlanılması vəzifəsi cavabdehin üzərinə düşür. Onlar da Tuncay kimi baxılması tələb olunan azyaşlı uşaqdırlar. Cavabdeh həm Tuncaya, həm də əlavə bir uşağa aliment ödəyir. Digər iki uşaq onunla birgə olurlar. Ailə Məcəlləsinin 78.3-cü maddəsinə görə tərəflərdən hər biri ilə uşaq qalıbdırsa, bir valideyindən az təminatlı digər valideyinin xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı bu Məcəllənin 78.2-ci madəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi qanunvericilik AM-nin 78.3-cü maddəsindəki halları, həmin Məcəllənin 78.2ci maddəsi il əlaqələndirmişdir. Hansı ki, həmin 78.2-ci maddədə qeyd olunur ki, Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilməlidir. Hazırkı işdə məhkəmə bu maddələrdə qeyd olunan hallara dair tərəflərin faktiki vəziyyətlərini sübut kimi ümumi qaydada göstərsə də, onları təhlil etməmiş, onlara hüquqi qiymət verməmiş, bu və ya digər sübutların nə üçün qəbul etdiyini və nə üçün qəbul etmədiyini əsaslandırmamışdır. Alimentin miqdarını hansı sübuta əsaslanaraq artıqdığını da əsaslandırmamışdır. Ona görə də qətnamə tam olaraq əsassız hesab edilə bilər. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili V.Şərifov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8980/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, Cavabdeh 17 may 2012-ci il təvəllüdlü uşağ X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində aliment məbləğinin alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən 28 avqust 2012-ci il tarixində verilən, AZ-İİ seriyalı, 939004 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 17 may 2012-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 28 avqust 2012-ci il tarixində 526 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X9r.

11. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 224098 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X14 arasında xx.xx.2017-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixində 243 3 ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir.

12. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 032431 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixində Şabran rayonunda doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.2017-ci il tarixində 746 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X12r.

13. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 032432 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixində Şabran rayonunda doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.2017-ci il tarixində 747 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X12r.

14. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-T seriyalı, 057320 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixində Şabran rayonunda doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.2013-cü il tarixində 806 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X5r.

15. Təqdim edilən çekdən görünür ki, X4 xx.xx.2022-ci il tarixində Microsyst prediktiv tibb klinikasında həkim qəbulunda olması üçün 80 manat ödəniş edilmişdir.

16. "xxxx" MMC tərəfindən verilən 139516 saylı çekdən görünür ki, Elsaton 100 ml, luchetam 400 mq, Botamin 30 ml, Nukleo SMR Forte adlı dərmanlara görə və əlavə şpiris üçün ümumilikdə 146,39 manat ödəniş edilmişdir. Alınan dərman vasitələrinin adları 17 may 2012-ci il təvəllüdlü X4 adına həkim nevroqol Günel Ümid Z.L tərəfindən yazılmış resept kağızındakı dərmanlarla uyğunluq təşkil edir.

17. Həmçinin iş materiallarında olan Vita Aptekləri” MMC tərəfindən verilən digər ödəniş çeklərindən görünür ki, uşağın dərmanlarına ayrı-ayrı vaxtlarda, 82,57 manat, 26 manat, 31,70 manat pul vəaiti xərclənmişdir ki, alınan dərman vasitələri iş materiallarında olan həkim reseptləri ilə uyğunluq təşkil edir.

18. Azərbaycan Respublikası qulaq, burun, boğaz və eşitmə mərkəzi tərəfindən verilən audiometriyadan görünür ki, 17 may 2012-ci il təvəllüdlü X4 hər iki qulağından ağır dərəcədə (İV) sensonevral tip eşitmə qeyd olunur. Hüquqi dəyərləndirmə:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.

22. İşin faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində nikah bağlanmışdır. Tərəflərin birgə nikah münasibətlərindən 17 may 2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Tərəflər arasında baş vermiş anlaşılmazlıq səbəbindən nikahları pozulmuş və bu barədə Şabran rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə AZ-İ seriyalı, 141458 syalı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Nikah pozulduqdan sonra 17 may 2012-ci il təvəllüdlü X8 anası İddiaçı yanında saxlanılmışdır. 17 may 2012-ci il təvəllüdlü X1 tip eşitməsində pozuntusu diaqnozu qoyulmuş və hər iki qulağında eşitmə aparatından istifadə etmək məcburiyyətindədir. Səhhətində olan problemlərlə əlaqədar mütəmadi olaraq müalicə alır. İş materiallında olan nevroloq tərəfindən yazılan sadəcə bir dərman reseptində olan dərman vasitələrinin alınmasına 146 manat pul xərclənmişdir. Həmçinin iş materiallarında olan fotoşəkillərdən görünür ki, onun hər iki qulağında eşitməsi zəif olduğundan mütəmadi olaraq əlavə vasitələrdən istifadə edir. Şabran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(031)-247/2013 saylı qətnaməsinə əsasən Cavabdeh 17 may 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin Nadirova (Nadirli) Röya Nizami qızının xeyrinə tutulması qət edilmişdir. Daha sonra alimentin artırılması tələbi ilə Nadirova (Nadirli) X15 Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2268/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Nadirova (Nadirli) Röya Nizami qızı qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8980/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmışdır. Həmin qətnamə ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 17 may 2012-ci il təvəllüdlü uşağ X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində aliment məbləğinin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

23. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8980/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin uşağın saxlanılması üçün kifayət etmədiyini, uşağın səhhətində olan problemlərin həlli üçün cavabdehin əlavə xərclərdə iştirakının təmin edilməsi məqsədilə aliment məbləğinin artırılaraq 193 manat olmasını və cavabdehdən hər ay əlavə xərclərə görə 400 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə apellyasiya şikayətində 3-cü dəfə nikaha daxil olduğunu, həmin nikahdan tərəflərin xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşaqlarının olmasını, hal-hazırda işsiz olmasını, Tuncaydan əlavə 3 uşağının olmasını, ən birinci nikahından olan Damla adlı qızının saxlanılması üçün hazırda 100 manat aliment ödədiyini, hazırda Tuncaydan başqa digər övladlarının da maddi ehtiyaclarını ödəmək məcburiyyətində olmasını, tələb edilən alimenti və 400 manat məbləğində əlavə xərcləri ödəmək iqtidarında olmamasını və onun maddi vəziyyətində 2019-cu ildən hər hansı bir dəyişiklik olmamasını qeyd etmişdir.

24. Kollegiya alimentin məbləğinin artırılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

26. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

27. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

28. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

29. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

30. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

31. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi).

32. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

33. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

34. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

35. Odur ki, kollegiya hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsinə dair məhkəmənin gəldiyi qənaətlə razılaşır və hesab edir ki, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin artırıldığı (müəyyən edildiyi) 2019cu ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alınaraq, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək hər ay 193 manat məbləğində müəyyən edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

36. Bundan başqa, kollegiya qətnamənin cavabdehdən əlavə xərc kimi uşağın müalicəsi üçün 50 manat pul vəsaitinin tutulmasına dair hissəsinə münasibətdə aşağıdakıları qeyd edir:

37. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

38. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

39. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

40. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

41. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

42. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriyakurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları birbirindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.

43. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında “göstərilən kənar xidmət” və “digər hallarda” müddəlarını şərh edərkən yetkinlik yaşına çatmış övladlara münasibətdə hüquqi qiymət verilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan uşaqlar üçün həmin halların şamil edilməsini istisna etməmişdir.

44. Belə ki, AM-nin 81.1-ci maddəsində qeyd edilmişdir ki, Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

45. Göründüyü kimi qanunvericilik aliment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə, əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Burdan o nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulduqda da, məhkəmə müstəsna hallarla bağlı digər valideyni çəkilmiş və gələcəkdə çəkilməli olan əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.

46. Müstəsna hallarla bağlı isə Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriyakurort müalicəsi və s.) olsun.

47. Bu normanın yetkinlik yaşına çatmayan uşaqlar üçün şamil edilməsi istisna olunmadığından, həmin halların mövcudluğu yetkinlik yaşına çatmayan uşaqlar üçün də müstəsna hal hesab edilə bilər.

48. Eyni zamanda kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağa münasibətdə əlavə xərclərin ödənilməsinin mümkünlüyünün müstəsna halı kimi yalnız uşağın ağır xəstə və şikəst olması ilə məhdudlaşdırılması məntiqsiz olardı. Belə ki, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan övladlara münasibətdə, qanunvericilik yetkinlik yaşına çatmayan, onsuz da əmək qabiliyyəti olmayan uşaqlara nisbətən daha geniş imkan müəyyən edə bilməz. Bu həm Ailə Məcəlləsinin ümumi prinsiplərinə, həm də humanizm və ədalət prinsiplərinə uyğun deyildir.

49. Bu baxımdan işin hallarından da göründüyü kimi tərəflərin yetkinlik yaşına çatmayan uşağı X2 vaxtlarından xəstədir. Ona sensonevral tip eşitməsində pozuntu diaqnozu qoyulmuş və hər iki qulağında eşitmə aparatından istifadə etmək və tam bərpa olunanadək müalicə qəbul etmək məcburiyyətindədir.

50. İş materiallarında olan sübutlardan da göründüyü kimi, 2 aydan bir uşaq həkim müalicəsində olmalı və həkimin müəyyən etdiyi müalicə kursunu qəbul etməlidir. Bunun üçün 2 aydan bir təqribən 300 manat məbləğində vəsait tələb olunur. Yəni uşağın təqribən bir aylıq müalicəsi üçün 150 manat məbləğində vəsaitə ehtiyac vardır.

51. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə cavabdehdən tutulması tələb edilən məbləği qismən əsaslı hesab etməkdə haqlı olmuşdur.

52. Belə ki, uşağı saxlamaq hər iki valideynin borcudur və üstəlik uşağın 1 aylıq müalicəsi ilə bağlı gərəkli olan məbləğin 150 manatı tədqiq olunmuş materiallar əsasında sübut olunmuşdur.

53. Bu baxımdan kollegiya birgə nikahdan olan uşağın sağlamlıq imkanlarını, cavabdehin maddi vəziyyətinin çətinliyini, digər uşağa görə aliment ödəməsini, uşaqları saxlamağın hər iki valideynin borcu olmasını nəzərə alaraq hesab edir ki, 17 may 2012-ci il təvəllüdlü X4 müalicəsi ilə bağlı əlavə xərclərə görə cavabdehdən tutulmalı olan vəsaitin 50 manat məbləğində müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin qənaəti həm uşağın, həm də tərəflərin mənafeyi və maddi vəziyyəti baxımından məqsədəmüvafiq olmuşdur.

54. Cavabdeh apellyasiya şikayətində Məmmədov Tuncaydan əlavə 3 uşağının olmasını və maddi vəziyyətinin pis olmasını, həmçinin maddi vəziyyətində dəyişiklik olmamasını bildirmişdir.

55. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, qeyd edilən hallar cavabdehin uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

56. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

57. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, hazırda cavabdehin mübahisələndirdiyi məbləğ alimentin artırıldığı 33 manat və əlavə xərclərə görə tutulan 50 manat olmaqla, cəmi 83 manat olduğundan, 1 il ərzində iddia alimentin artırılan hissəsi və əlavə xərclərin cəmi 996 manat təşkil edir ki, bu da hazırki qətnamədən kassasiya şikayəti verilməsini mümkünsüz edir.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

60. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:

61. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3034/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar