Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5882/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 21.04.2012-ci il tarixdə rəsmi nikaha daxil olduğunu, nikahlarından 18.01.2013-cü il tarixdə Sabir adını verdikləri uşaqlarının doğulduğunu, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.06.2014-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu və cavabdehdən uşağın saxlanılması məqsədilə hər ay 103 manat sabit pul məbləğində alimentin tutulduğunu, lakin bu məbləğin uşağın tələbatlarını ödəməyə kifayət etmədiyini bildirmiş, buna görə də cavabdehdən tutulmalı olan alimentin miqdarının artırılaraq 200 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 175 manat müəyyən edilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işi hərtərəfli və obyektiv araşdırmamış, iddiaçının əvvəllər də iki dəfə alimentin məbləğinin artırılmasını istədiyini, Nəsimi Rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli qətnaməsi ilə aliment məbləği 160 manata artırılsa da, Bakı Apellyasiya Məhkəməsinin 15.07.2019-cu il tarixli qətnaməsi ilə bu məbləğin 120 manat müəyyənləşdirildiyini, həmin qətnaməsində apellyasiya instansiyasının onun ikinci dəfə nikah girdiyini və bu nikahdan iki azyaşlı uşağının dünyaya gəldiyini, arvadının növbəti uşağa hamilə olduğunu, X3 Təsərrüfatı Mərkəzində çalışmaqla 346,78 manat maaş aldığını vurğuladığını, sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin 30.10.2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləğinin 140 manat müəyyənləşdirildiyini, həmin dövrdən sonra maddi vəziyyətində hər hansı dəyişikliyin baş vermədiyini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə yanaşı uşağı üçün 150 manat aliment ödəməyə etiraz etmədiyini bildirmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü iddiaçı qətnaməni ümumiyyətlə mübahisələndirməmiş; cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğvini və iddianın təmin edilməməsini xahiş etsə də, şikayətinin məzmunundan qətnaməni məhz qeyd edilən hissədə mübahisələndirdiyi aydın olmaqdadır. Başqa sözlə, iddia tələbinin təmin edilmədiyi hissə apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası cavabdehin izahatını bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına görə, tərəflər 21.04.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından 18.01.2013-cü il tarixdə Sabir adını verdikləri uşaqları doğulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.06.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaq anasının himayəsinə verilmiş və onun saxlanılması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli qətnaməsi ilə aliment məbləği 160 (yüz altmış) manata artırılmış, Bakı Apellyasiya Məhkəməsinin 15.07.2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilərək alimentin məbləği 120 (yüz iyirmi) manat müəyyənləşdirilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 140 manata artırılmış, Bakı Apellyasiya Məhkəməsinin 30.10.2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə, habelə uşaqlar üçün yaşayış minumumunun 175 manat müəyyənləşdirildiyinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas deyildir; çünkü alimentin 120 (yüz iyirmi), sonradan isə 140 (yüz qırx) manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamələrdən və hazırkı işin materiallarından, cavabdehin həmin işlərə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. İş materiallarından görünür ki, cavabdeh hazırda da X3 Təsərrüfatı Mərkəzində çalışmaqla vergilər çıxıldıqdan sonra 464,42 manat əmək haqqı alır, həmçinin növbəti nikahından 3 azyaşlı uşağı var. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Həmçinin qeyd olunmalıdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi iddiaçının əvvəllər irəli sürdüyü müvafiq tələbə 18.08.2020-ci il tarixdə baxdığı zaman uşaqlar üçün yaşayış minumumu 170 manat olmuş, lakin məhkəmə alimentin məbləğinin 140 manata artırılmasını məqsədəmüvafiq hesab etmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, cavabdeh özü alimentin 150 manata artırılmasına etiraz etmədiyi üçün, aliment müvafiq məbləğdə artırıla bilər; belə ki, Mülki Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən cavabdeh iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir və əgər bu etiraf başqa şəxslərin mənafeyinə toxunmursa qəbul olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2333/2021 saylı iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. 18 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən olunsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5882/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5882/2021
24.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver