Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5884/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı X3, Cavabdeh iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2120/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 1.800 (bir min səkkiz yüz) manat, 1.200 (bir min iki yüz) manat mənəvi ziyan və 50 manat dövlət rüsumu, ümumilikdə 3.050 (üç min əlli) manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2120/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı X2 xeyrinə vurulmuş maddi ziyana görə 1650 manat məbləğində pul tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh şikayət vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehə qapıların düzəldilməsi üçün 1400 manat pul və şüşə vermiş, o iddiaçının sifarişi əsasında qapını hazırlamış, lakin iddiaçı qapını təhvil almamış, hazırda da pulunu tələb edir. Bundan başqa iddiaçının təqdim etdiyi şüşənin dəyərinin 400 manat olması yalnız iddiaçının izahatı ilə müəyyən edilir. Hesab edir ki, rayon məhkəməsi işə baxarkən maddi və prosessual normaları pozmuşdur, göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə Kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, göstərdi ki, cavabdeh onun sifariş verdiyi qapıları vaxtında hazırlamamış, qapılar hazır olduqda isə həmin məhsul yararasız olmuş və onun işinə yaramamış, o cavabdehdən verdiyi pulunu geri tələb etsə də, cavabdeh buna əhəmiyyət verməmiş, məcbur olub əvvəl polisə, sonra isə məhkəməyə müraciət etmiş, odur ki apellyasiya şikayətinin təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sübutların tədqiqi:
6. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh qeyd etmişdir ki, 2019-cu il tarixdə X1 ilə 3 ədəd qapı düzəltmək üçün razılığa gəlmiş və ilkin olaraq ondan 1800 manat məbləğində pul almışdır. O öhdəsinə götürmüş olduğu işi vaxtında gördüyünü, lakin X2 həmin qapıları bəyənmədiyi üçün hal-hazırda qapıların sexdə olduğunu, qapıların satıldıqdan sonra pulu qaytaracağını bildirmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
7. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
8. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
9. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
10. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
15. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
17. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin olunan hissəsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, Kollegiya hesab edir ki, cavabdeh tərəf istinad etdiyi halları sübut edə bilməmişdir. Yəni, sifarişin iddiaçı tərəfindən deyildiyi formada və tərzdə hazırlandığı halı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Buna əks olaraq, iddiaçının sifariş verdiyi qapıların sövdələşmədə nəzərdə tutulmuşdan daha uzun müddətə cavabdeh tərəfindən hazırlandığı, sonradan iddiaçının etirazı əsasında qapıların yenidən işləndiyi, son nəticədə isə işin iddiaçı tərəfindən bəyənilmədiyi tərəflərin izahatları və iş materialı ilə öz təsdiqini tapır. Sifarişin yerinə yetirilməsi müddətinin uzanması, cavabdeh tərəfindən hazırlanmış məhsulun iddiaçı tərəfindən bəyənilməməsi və son nəticədə podratın nəticəsinin iddiaçı tərəfindən ümumiyətlə qəbul edilməməsi məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, podratın nəticələri qüsurlu olmuş, tərəflər arasında qüsurların aradan qaldırılması ilə bağlı yeni sövdələşmə olmuş, lakin razılaşdırılmış müddət ərzində də, qüsurlar aradan qaldırılmamışdır və nəticədə iddiaçı podratdan imtina etmişdir.
20. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
21. İddiaçı sifariş verdiyi 3 ədəd qapının düzəldilməsi ilə bağlı cavabdehə sifariş vermiş və ona 1400 manat pul ödəmiş, 400 manat dəyərində də şüşə materialı alınıb cavabdehə verilmiş, cavabdeh sifarişi qəbul etsə də, onu vaxtında yerinə yetirməmiş, gecikdirmə ilə hazırlznan qapılar isə sifarişə uyğun olmamış- yararsız olmuş, iddiaçı həmin qapıları qəbul etməmiş, pulunu geri tələb etmiş, cavabdeh iddiaçıya cəmi 150 manat məbləğində pul qaytarmışdır. Ona görə də, rayon məhkəməsi qeyd etmişdir ki, iddia tələbi maddi ziyanın tutulması hissədində qismən, yəni 1650 manat həddində əsaslıdır.
22. İddiaçı sifariş verdiyi 3 ədəd qapının düzəldilməsi ilə bağlı cavabdehə sifariş vermiş və ona 1400 manat pul ödəmiş, 400 manat dəyərində də şüşə materialı alınıb cavabdehə verilmişdir. Cavabdeh iddiaçıya cəmi 150 manat məbləğində pul qaytarmışdır. Ona görə də, rayon məhkəməsi qeyd etmişdir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən, yəni 1650 manat həddində əsaslıdır.
23. Beləliklə, Kollegiya hesab edir ki, rayon məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
24. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
26. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Hazırkı halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2120/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev