Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5884/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2023-cü il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı MMC cavabdeh Nazirliyə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, gömrük orqanın ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 4.779 manat və 6.030 ABŞ dolları, gömrük orqanın qanunsuz hərəkəti nəticəsində itirdiyi (əldən çıxmış) faydanın əvəzi olaraq 15.480 manat, hüquqi xidmət xərcinin əvəzi olaraq 500 manat və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 183,40 manat məbləğində pulun cavabdeh Nazirlikdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC, ölkə xaricindən yeni 18 ədəd soba almış və yükdaşıma şirkəti vasitəsilə sobaları ölkəyə gətizdirərək xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə istehsalçı şirkətin təqdim etdiyi sənədlərdəki XİF MN üzrə koda və digər məlumatlara istinad etməklə malları bəyan etmişdir. Lakin Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının vəzifəsini düzgün icra etməməsi səbəbindən əsassız olaraq MMC-nin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 209.1-ci maddəsi ilə cinayət işi başlanılmış, daha sonra isə xx.xx.2021-ci il tarixli qərarla CM-nin 39.1.2-ci maddəsinə əsasən MMC-nin direktoru Aslan Hacıyev barəsində cinayət işinin başlanması rədd edilmişdir. X9 və digər ekspertlərin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlər görülməsi qərara alınmışdır. Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ekspertlər tərəfindən sobaların XİF MN üzrə düzgün sinifləşdirilmədikləri, bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduqları müəyyən edilmiş, Dövlət Gömrük Komitəsinin sədrinin xx.xx.2022-ci il tarixli əmri ilə əməkdaş Əli Abbasova sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, əməkdaş Tefik Ayhana isə irad bildirilmişdir. Malların gömrükdən vaxtında buraxılmaması və əsassız cinayət işinin başlanması nəticəsində MMC-yə maddi ziyan dəymişdir. Belə ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayının ortalarına qədər sobalar gömrük orqanının anbarında saxlanılmış və sobaların orada saxlanıldığı hər gün üçün anbara ödəniş edilmişdir. Bununla bağlı "xxxx" MMM ilə xx.xx.2021-ci il tarixli “İcarə müqaviləsi” imzalanmış, iddiaçı MMC tərəfindən gömrük anbarında saxlanılma üçün icarəyəverənə cəmi 4.779 manat icarə haqqı ödənilmişdir. Həmçinin, sobaları gətirən tırın və konteynerin Bakı Baş Gömrük İdarəsində qanunsuz saxlanılmasına görə 2021-ci ilin noyabr ayında 4.700 ABŞ dolları və 1.330 ABŞ dolları pul vəsaiti malları daşıyan “U.F.E Shipping Georgia LLCZ” şirkətinə MMC tərəfindən ödəniş edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, sobalar MMC-nin yeni açılacaq restoranlarda yerləşdirilməli idi, restoranların açılış tarixi sobaların ölkəyə gətirilmə tarixinə, yəni 2021-ci ilin oktyabr ayına planlaşdırılmışdır. “Zefir Mall”-da yerləşən restoranla bağlı icarə müqaviləsi xx.xx.2021-ci il tarixdə imzalanmışdır, xx.xx.2021-ci il tarixdə müqaviləyə əlavə imzalanaraq 5 ay müddətində, yəni xx.xx.2021-ci il tarixə qədər MMC, restoran üçün lazım olan soba və digər avadanlıqların quraşdırılması üçün icarə haqqından azad edilmişdir. Həmin əlavə imzalanan tarixdə sobaların 2021-ci ilin oktyabr ayında ölkəyə gətirilməsi planlanırdı, amma sobaların gömrük anbarından çıxarılması 2022-ci ilin yanvar ayının ortalarına qədər çəkmişdir. Bu səbəbdən MMC məcburi olaraq fəaliyyətdə olan digər restoranlardan sobaları gətirərək “Zefir Mall”-da yerləşən restoranın açılışını etmişdir. Nəticədə soba cəhətdən çatışmazlıq yaranan digər restoranların işi ləngimiş, müştərilərin haqlı narazılığı yaranmışdır. Eyni zamanda Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 63 ünvanında yerləşən “İSR Residence” yaşayış kompleksinin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə “İcarə müqaviləsi” imzalanmışdır, müqavilənin 2.1-ci bəndinə əsasən restoranı soba və digər avadanlıqlarla təchiz etmək üçün 5 ay vaxt verilmişdir. MMC 2021-ci ilin noyabr ayında restoranı açmağa məcbur olmuş və yenə fəaliyyətdə olan restoranlardan sobaları gətirmək məcburiyyətində qalmışdır. xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəyə götürülmüşdür. Həmin restoranın açılışı 2021-ci ilin oktyabr ayına planlansa da, açılışı ancaq 2021-ci ilin dekabr ayında etmək mümkün olmuşdur. xx.xx.2021-ci il tarixdə “Sumqayıt Bağça Şəhər”də yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı “İcarə müqaviləsi” bağlanmışdır. Lakin bugünə qədər həmin restoranın açılışını etmək mümkün olmamışdır. Digər tərəfdən gömrük orqanı tərəfindən anbarda qanunsuz saxlanılmış sobalar 3 dəqiqə ərzində pizza və digər un məmulatlarını bişirmək imkanına malikdir. Yeni restoranların açılışı üçün mövcud 3 restoranın hər birindən 1 ədəd soba gətirilərək yeni restoranlarda yerləşdirilmişdir. Nəticədə isə 6 ədəd restoran (3 ədəd mövcud və 3 ədəd yeni) 1 ədəd soba ilə fəaliyyət göstərməli olmuşdur. Bu hal isə iddiaçı MMC üçün əldən çıxmış faydanın yaranmasına səbəb olmuşdur. Belə ki, 1 ədəd soba 1 saat ərzində 90 ədəd pizza bişirmək imkanına malikdir, lakin məlum olduğu kimi normal şəraitdə soba tam gücü ilə işləmir. Minimum hesabla nəzərə alınsa, 1 ədəd soba saat ərzində tam gücünün 5 faizi miqdarında işləyir və 4 ədəd pizza bişirir. Restoranlar 24 saat işləyir, amma minimum hesabla 3 saat ərzində aktiv pizza bişirildiyi götürülsə, gün ərzində 12 ədəd pizza bişirilir. Sobalar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, yəni 86 gün ərzində qanunsuz olaraq gömrük anbarında saxlanılmışdır. Bu isə sadə riyazi hesablama ilə 1.032 ədəd pizza edir. 1 ədəd pizzanın ortalama qiyməti 15 manatdır, nəticədə isə (4x3=12x86=1.032x15=) 15.480 manat məbləğində əldən çıxmış fayda əmələ gəlir. Əgər 18 ədəd soba qanunsuz olaraq gömrük anbarından saxlanılmasa idi, 6 ədəd restoran 2 ədəd soba ilə işləyəcəkdi və nəticədə 86 gün ərzində MMC 30.960 manat gəlir əldə edəcəkdi, amma baş verən qanunsuzluq ucbatından MMC 15.480 manat məbləğində gəlirdən məhrum olmuşdur. MMC həmçinin öz hüququnu bərpa etmək üçün bir sıra xərclər çəkmək məcburiyyətində qalmışdır. Məhkəmədə təmsilçilik üçün “Ədalət Vəkil Bürosunun” vəkili ilə müqavilə bağlayaraq bank köçürməsi yolu ilə 500 manat məbləğində hüquqi xidmət xərci ödəmişdir. Bundan əlavə iddia ərizəsinin verilməsi üçün MMC tərəfindən 183,40 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Beləliklə, Dövlət Gömrük Komitəsinin təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində MMC-yə 4.779 manat və 6.030 ABŞ dolları maddi zərər vurulmuş və 15.480 manat məbləğindəki fayda əldən çıxmışdır. Şirkət 500 manat hüquqi xidmət və 183,40 manat dövlət rüsumu üçün xərc çəkmişdir. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat
3. İş üzrə cavabdehin iddiaya yazılı etirazı daxil olmamışdır. c) iş üzrə qəbul edilmiş məhkəmə aktları
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş №: 2(006)-1013/2023) ilə iddianın təmin edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan” göründüyü kimi iddiaçı MMC barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 39.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verildiyindən iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Dövlət Gömrük Komitəsinin istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyan “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ödənilməlidir. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçıya vurulmuş zərərin miqdarı iş materialları ilə öz təsdiqini tapdığından, iddia tam əsaslıdır.
6. Cavabdeh Maliyyə Nazirliyi həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun adından da göründüyü kimi həmin qanun hüquqi şəxslərə deyil, fiziki şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Hazırki iş üzrə iddiaçı qismində hüquqi şəxs – MMC çıxış edir və tələb olunan vəsait həmin MMC-yə dəyən zərər ilə bağlıdır. Ona görə də, gömrük qanunvericiliyinə əsasən, gömrük orqanlarının qanunsuz hərəkətləri nəticəsində MMC-yə vurulmuş zərərə görə məsuliyyəti gömrük orqanlarının vəzifəli şəxsləri daşıyırlar və iddia tələbi də həmin orqanlara (şəxslərə) qarşı yönəlməli idi. Bundan başqa, işə baxmış Rayon Məhkəməsi iddiaçı MMC-yə dəymiş zərəri hesablayarkən sübutlara və konkret faktlara deyil, iddiaçının mülahizələrinə əsaslanmışdır. Rayon Məhkəməsi, məhkəmə aidiyyəti qaydalarını da pozaraq inzibati mühakimə icraatı qaydasında baxılmalı olan işə mülki mühakimə icraatı qaydasında baxmışdır. Halbuki hazırki mübahisə predmeti inzibati orqanın hüquqi şəxsə qarşı yönəlmiş inzibati aktının qəbulu və bunun nəticəsində dəymiş zərərlə bağlıdır.
8. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad (İş №: 2(103)- 3322/2023) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini, iş üzrə icraata (“iddiaya mülki mühakimə icraatı qaydasında baxıla bilməz” əsası ilə) xitam verilməsini qərara almış və iddiaçı MMCyə izah etmişdir ki, o, bu kimi iddia tələbi ilə inzibati məhkəməyə müraciət edə bilər.
9. İddiaçının verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (İş №: 2(102)-2046/2023) ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi qərardadının ləğv edilməsini, mülki işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.
10. Göstərilən səbəbdən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
11. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh Nazirlik apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
12. İddiaçı MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
14. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1000-190/1xx-xx/009751 saylı məktubundan görünür ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin rəisi Məsum Rəsulovun xx.xx.2021-ci il tarixli, 34/154/061517 nömrəli raportunun araşdırılması zaman X3 İdarəsinin Əqli mülkiyyət obyektlərinin emal proseduru altında yerləşdirilmiş malların və mənşə ölkəsinin ekspertizası Şöbəsinin inspektoru gömrük xidməti leytenantı X2 həyata keçirdiyi ilkin, həmin İdarənin Ekspress diaqnostik tədqiqat bölməsinin rəisi, gömrük xidməti mayoru X6 isə həyata keçirdiyi təkrar gömrük ekspertizası zamanı xx.xx.2021-ci il tarixli, **********3546 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 20 ədəd pizza bişirmək uçun sobanın mal kodunu X4 Mal Nomenklaturası üzrə düzgün sinifləşdirmədikləri, bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduqları müəyyən edilmiş, Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2022-ci il tarixli 1000/06TŞ nömrəli əmri ilə gömrük orqanı əməkdaşlarından Əli Abbasova “Gomruk orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3cü bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli Töhmət elan edilmiş, Tevfık Ayhana isə həmin Əsasnamənin 69-cu maddəsinin 1-ci bəndinə əsasən irad tutulmuşdur.
15. İşdə olan xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan” görünür ki, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı MMC-nin ünvanına 99HF424/99ZB996 nömrəli avtonəqliyyat vasitəsi ilə 91880 saylı, xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında daxil olmuş yük **********3646 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş, həmin gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN (X5 Mal Nomenklaturası) üzrə “**********” saylı kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinıfləşdirilməsinın X3 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmış, X3 İdarəsindən gələn 2200-016/0xx-xx/005037 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən malın XİF MN üzrə “**********” alt yarımmövqeyində “15%” gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi məlum olmuşdur. Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, **********3646 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə İddiaçı MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 29653.03 AZN/ƏDV üzrə 5337 55 AZN təşkil etmişdir. İddiaçı MMC-nin ünvanına göndərilmiş 91880 nömrəli 13.07 2021 -ci il tarixli invoysun 4-cü mövqeyində göstərilən “15%” gömrük rüsumu dərəcəsində sinifləşdirilən “Qara metal konstruksiya” adlı malın invoys dəyəri 680 ABŞ dolları (1.156 AZN), 91880 nömrəli, xx.xx.2021-ci il tarixli invoys sənədində qeyd edilməyən gömrük orqanına bəyan edilməmiş “Brophy” markalı əllə idarə olunan qaldırıcı talın ekspert rəyinə əsasən orta bazar dəyəri 340 AZN təşkil edir və həmin məbləğlər Azərbaycan Respublikası CM-nın 206.1 və 209.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmır. Beləliklə, MMC-nin direktorunun əməllərində CM-nin 206.1 və 209.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət işinin başlanması CPM-nın 39.1.2-ci maddəsinə əsasən rədd edilməlidir. MMC-nin direktorunun barəsində inzibati məsuliyyət məsələsinə qiymət verilməsi üçün toplanmış materiallar Bakı Baş Gömrük İdarəsinə göndərilməlidir. Bakı Baş Gömrük idarəsi “İpək Yolu” gömrük postunun 8-ci anbarında saxlanılan MMC ünvanına göndərilmiş 91880 nömrəli, xx.xx.2021-ci il tarixli invoysda göstərilən mallar gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra cəmiyyətin səlahiyyətli nümayəndəsinə qaytarılmalıdır. Dövlət Gömrük Komitəsinin X3 İdarəsinin Ekspress Diaqnostik Tədqiqatlar Bölməsinin rəisi X7 və həmin İdarənin digər vəzifəli şəxslərinin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbir görülməlidir.
16. İddia ərizəsindən görünür ki, iddiaçı MMC, gömrük orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini cavabdeh Nazirlikdən tələb edir.
17. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, Dövlət Gömrük Komitəsinin istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçı MMC-yə dəymiş zərər “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən ödənilməlidir.
18. Cavabdeh Nazirlik iddia tələbinə etiraz edərək, gömrük orqanı vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində hüquqi şəxsə vurulmuş zərərə görə gömrük orqanlarının (vəzifəli şəxslərinin) özünün məsuliyyət daşıdığını, Nazirliyin iddiaya cavab verməli şəxs olmadığını bildirir.
19. Məhkəmə cavabdehin bu dəlilini əsaslı hesab edərək qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun preambulasından göründüyü kimi, həmin Qanunla hüquqi şəxslərə deyil, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı münasibətlər tənzimlənir.
20. Hazırki iş üzrə iddiaçı hüquqi şəxsdir və tələb hüquqi şəxsə vurulmuş ziyanın əvəzinin ödənilməsi ilə bağlıdır.
21. Ona görə də Rayon Məhkəməsi iddianın həllinə tətbiq edilməli olmayan “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun tətbiq etməklə səhvə yol vermişdir.
22. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 53.8-ci maddəsinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri hüquqazidd qərarlarına, hərəkətlərinə, hərəkətsizliklərinə görə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
23. Həmin Məcəllənin 90.2-ci maddəsinə görə, qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
24. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin” 133-cü bəndinə görə, gömrük orqanlarında xidməti tənzimləyən normativ hüquqi aktların pozulmasına görə gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
25. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən, gömrük orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərə görə məsuliyyəti bu orqanların vəzifəli şəxsləri daşıyır. Lakin Rayon Məhkəməsi cavabdeh Maliyyə Nazirliyinin hazırki iddiaya cavab verməli olmayan şəxs olmasını nəzərə almayaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
26. Odur ki, Məhkəmə hesab edir ki, iddia ona cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyü üçün əsassızdır.
27. İddianın ona cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyü üçün əsassız olması qənaətinə gəlmiş Məhkəmə, iddianın sübuta yetməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini araşdırmağa və qiymət verməyə lüzum görməmişdir.
28. Məhkəmə, apellyasiya şikayətinin məhkəmə aidiyyəti qaydalarının pozulması dəlili ilə bağlı qeyd edir ki, həmin məsələyə hazırki iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında qiymət verilmişdir. Ali Məhkəmə qəbul etdiyi həmin qərarında bildirmişdir ki, hazırki iddiaya mülki mühakimə icraatı qaydasında baxılmalıdır.
29. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassız hesab edilir.
30. Beləliklə Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdeh Nazirliyə qarşı irəli sürülmüş iddianı təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən də, qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir.
31. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
32. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.