Məhkəmə qərarları › İş №2(103)-5888/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5888/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5888/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-399/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2014-cü il tarixli 002L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən X4 oğluna 120 ay müddətinə 100000,0 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır.

2. Uzunmüddətli kredit müqaviləsi üzrə X4 oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 002R********** saylı razılaşmaya görə Bank tərəfindən borcluya 2,1667 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 14000,0 ABŞ Dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən X4 oğlu xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək banka hər ay 567,0 ABŞ Dolları (sonuncu ay 573,94 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür.

3. 002S**********02 saylı, 002S**********03 saylı və 002S**********04 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli 002L**********68 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə zaminlik təminatı vermişlər.

4. Uzunmüddətli kredit müqaviləsi üzrə X4 oğlunun İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 002R143279647S saylı razılaşma ilə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuş, ödəniş cədvəlinə görə X4 oğlu banka xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 424 ABŞ dolları, xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 419 ABŞ dolları (sonuncu ay 418,92 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür.

5. Uzunmüddətli kredit müqaviləsi üzrə X4 oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 002R**********SA saylı razılaşmaya görə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuş, ödəniş cədvəlinə görə X4 oğlu xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək banka hər ay 280 ABŞ dolları, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 678 ABŞ dolları (sonuncu ay 684,64 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür.

6. Uzunmüddətli kredit müqaviləsi üzrə X4 oğlunun İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 002R**********SB saylı razılaşma ilə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişikliklər olunmuş, ödəniş cədvəlinə görə X4 oğlu xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək banka hər ay 275,0 ABŞ Dolları (sonuncu ay 4200 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür.

7. Uzunmüddətli kredit müqaviləsi üzrə X4 oğlunun İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli, 002R**********SC saylı razılaşma ilə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuş, ödəniş cədvəlinə görə X4 oğlu xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək banka hər ay 282,0 ABŞ dolları (sonuncu ay 4450,72 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür.

8. Uzunmüddətli kredit müqaviləsi üzrə X4 oğlunun İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 002R**********SD saylı razılaşma ilə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuş, ödəniş cədvəlinə görə X4 oğlu xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək banka hər ay 200,0 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür.

9. Uzunmüddətli kredit müqaviləsi üzrə X4 oğlunun İddiaçı QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli, 002R**********SE saylı razılaşma ilə kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuş, ödəniş cədvəlinə görə X4 oğlu xx.xx.2017-cı il tarixdən xx.xx.2022-ci il tarixədək banka hər ay 100,0 ABŞ Dolları (sonuncu ay 1798,90 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür.

10. Borclu X4 oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 4988,91 ABŞ dolları məbləğində kredit borcu, 7174,02 ABŞ dolları məbləğində faiz borcu və 4398 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16560,93 məbləğində borcun, ödənilmiş 174,46 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X4 oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 002L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000,0 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə X4 oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 002R********** saylı razılaşma əsasında Bank cavabdehə 2.1667 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 14000,0 ABŞ Dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 002R143279647S saylı, xx.xx.2016-cı il tarixli 002R**********SA saylı, xx.xx.2016-cı il tarixli 002R**********SB saylı, xx.xx.2016-cı il tarixli 002R**********SC saylı, xx.xx.2016-cı il tarixli 002R**********SD saylı, xx.xx.2017-ci il tarixli 002R**********SE saylı sazişlə razılaşmaya və ödəniş cədvəlinə dəyişikliklər edilmişdir. X4 oğlu kredit razılaşmasının 1.2-ci bəndini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. X4 oğlu götürdüyü kredit borcundan 9011.09 ABŞ Dolları ödəmiş, onun 4988.91 ABŞ Dolları məbləğində borcu qalmışdır. X4 oğlunun xx.xx.2022-ci il tarixə 981 gün üçün hesablanmış faiz borcu 7174,02 ABŞ dolları təşkil edir. xx.xx.2022-ci il tarixə 981 gün üçün hesablanmış cərimə borcu 4398 ABŞ Dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə X4 oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklər üçün bank qarşısnda cavabdeh X4 oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 oğlu ölmüşdür.

13. Ləğv prosesində olan İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh X4 oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 002R********** saylı razılaşmasına əsasən banka 4988,91 ABŞ dolları əsas borcun, 7145,20 ABŞ dolları faiz borcu, 4235,67 ABŞ dolları cərimə borcu, ümumilikdə 16369,78 ABŞ Dolları məbləğində kredit borcu vardır.

14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 iyun 2023-cü il tarixli 2(003)-399/2023 nömrəli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin edilməmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, öhdəliyin icrası ilə bağlı bankla borclu olan mərhum X4 oğlu arasında bağlanan əlavə sazişlərlə bağlı zaminlərlə yeni müqavilələr bağlanmadığına görə, onlar zaminlik müqaviləsi ilə müəyyən olunmuş müddət daxilində, yəni xx.xx.2017-ci ilədək məsuliyyət daşımışlar. Ona görə də bank zaminlərə qarşı həmin müddət bitdikdən sonra 1 il müddətində tələb irəli sürə bilərdi. Yəni, iddiaçı bank zaminlərə qarşı xx.xx.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı 1 il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. İddiaçı bank tərəfindən zaminə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi rədd edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2, 442, 385.1, 470.1, 477.0.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 77.1, 88, 107, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, istinad olunan maddi hüquq normasının tələbi üzrə zaminlik müqaviləsinə xitam verilməsi üçün zaminlik müqaviləsində müddət nəzərdə tutulmamalıdır. Hazırkı mülki işin hallarından məlum olduğu kimi, bağlanmış zaminlik müqaviləsi kredit xətti müqaviləsi və kredit razılaşması bağlanan gündə, yəni xx.xx.2014-cü il tarixində bağlanmışdır. Zaminlik müqavilələrində məsuliyyətin xx.xx.2014-cü il tarixli 002L**********68 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən, bu müqavilə uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (il) müddətinə qüvvədədir. Maddənin məzmununun göründüyü kimi, həmin müddət xx.xx.2027-ci il tarixinədək olan müddəti ehtiva edir. İddiaçı ilə cavabdehlər - zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə müddət müəyyən edilmiş və iddiaçı tərəfindən irəli sürülən tələb isə həmin müddətlər daxilində olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

21. Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, 2014-cü il tarixdə kredit müqaviləsi verilərkən zaminlik müqaviləsi bağlayaraq, zamin olmuşlar. Zaminlərdən biri o, biri anası, digəri isə atasının iş yoldaşıdır. Sonra dəyişikliklə bağlı bankdan onlara zəng edib çağırdıqda imtina etmişlər və banka getməmişlər.

22. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

28. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

29. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir.

30. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Qətnamədən tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

41. Göründüyü kimi xx.xx.2014-cü il tarixli 002L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən X4 oğluna 120 ay müddətinə 100000,0 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə X4 oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 002R********** saylı razılaşmaya əsasən Bank tərəfindən borcluya 2.1667 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 14000,0 ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014cü il tarixli 002R********** saylı razılaşmaya Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.

42. Əsas borclu X4 oğlu öldüyündən, bank müqavilə üzrə yaranmış borc məbləğinin zaminlərdən tutulmasını tələb edir.

43. Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

44. Kredit xətti müqaviləsinin özü ilkin müqavilə hesab olunur və bu müqavilənin bağlanması ilə yalnız kreditorun öhdəlikləri yaranır, belə ki, kredit xətti müqaviləsinə görə, kreditor müəyyən müddətədək bir və ya bir neçə dəfə borcluya kredit verməyi öhdəsinə götürür. Borclunun, müvafiq olaraq zaminin öhdəlikləri isə kredit razılaşması üzrə verilən kredit borcu alındıqdan sonra yaranır. Ona görə də apelyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.

45. Kredit xətti müqaviləsi üzrə borclu ilə bağlanmış xx.xx.2014-cü il tarixli 002R********** saylı razılaşmaya əsasən Bank tərəfindən borcluya 2.1667 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 14000,0 ABŞ Dolları məbləğində kredit verilmişdir.

46. Bu müqavilədən zaminlərin hər üçü də məlumatlı olmuş və razılaşmışlar. Zaminlərin məhz həmin razılaşma üzrə məsuliyyəti yaranmışdır.

47. Lakin daha sonra müxtəlif vaxtlarda borclu ilə bank arasında kredit razılaşmasına sazişlər bağlanmış və kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişikliklər olunmuşdur. Həmin sazişlər və dəyişikliklər barədə nə zaminlərlə bağlanmış müqavilələrə əlavə və dəyişikliklər edilmiş, nə də onlar sonrakı ödəniş cədvəllərində bu dəyişikliklərlə tanış olub razılıq vermələrini ifadə etməmişlər.

48. Apellyasiya baxışında iştirak edən zamin bildirmişdir ki, dəyişikliklər barədə bankdan onlara zəng etsələr də, onlar imtina etmişlər.

49. Beləliklə, bank ilə borclu arasında bağlanmış sazişlər zaminlər ilə razılaşdırılmadığından, sazişlə müyyən olunmuş (dəyişdirilmiş) şərtlər isə zaminlərin vəziyyətini ağırlaşdırdığından, həmin sazişlər zaminlər üçün hər hansı məsuliyyət yarada bilməz.

50. Qanunvericiliyin tələbinə əsasən zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

51. Digər tərəfdən məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı bank zaminlərə qarşı xx.xx.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmişdir ki, bu da zaminliyin xitamının müstəqil əsası hesab olunur.

52. Beləliklə, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, düzgün olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-399/2023 nömrəli iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar