Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5889/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(0050-868/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3015 manat qalıq borc, 5170 manat gecikməyə görə illik bank-uçot faiz dərəcəsi, 13760 manat avtomaşının istismarı və amortizasiya xərcləri üzrə, ümumilikdə 21945 manat və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(0050-868/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutu, yəni xx.xx.2020-ci il tarixli vəsatəti və ona əlavə edilmiş 6 adda arayışı müzakirə etmədən geri qaytarmış, bununla da birinci instansiya məhkəməsi araşdırmadan qərəzli olaraq imtina etmiş, həmin vəsatətə əhəmiyyət və hüquqi qiymət verməmiş, prosessual pozuntuya yol vermişdir. Hesab edir iki, əgər birinci instansiya məhkəməsi həmin sübutu qəbul edib, iş üçün həlledici əhəmiyyəti olan xüsusatlar aydınlaşdırılmalı idi. Belə olan halda, məhkəmənin həmin nəticəsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsinin həmin nəticəsi tamamilə qanunsuz olmaqla yanaşı, həm də ədalətsizdir. Odur ki, xx.xx.2020-ci il tarixli vəsatət və ona əlavə edilmiş 6 adda arayış araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə təqdim edilir. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının izahatına, həmçinin iddiaçı tərəfindən verilmiş cavabdehin prosesdə iştirakının təmin edilməsi barədə vəsatəti də təmin etməmişdir. Belə ki, iddiaçının cavabdehə, işin nəticəsi üçün həlledici əhəmiyyəti olan sualları olmuş, lakin birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməsi səbəbindən çəkişmə prinsipinə riayət edilməmiş, bununla da növbəti dəfə prosessual pozuntuya yol vermişdir. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsinin həmin nəticəsi tamamilə qanunsuz olmaqla yanaşı, həm də ədalətsizdir. Odur ki, cavabdehin prosesdə iştirakının təmin edilməsi barədə vəsatət apellyasiya instansiyası məhkəməsi qarşısında qaldırılır. Məhkəmə iclasında İddiaçı bildirdi ki, Tofiq ilə uzunmüddətdir biri-birini tanıyır. Cavabdeh ondan pulu qardaşının hərbi prokurorluqda olan işinə görə götürmüşdür. Krediti vermədiyi üçün ailəsində də problemlər yarandı. Həyat yoldaşı bu məsələlərdən sonra vəfat etdi. Özü də xəstəxanadan çıxıb. Cavabdeh ona həm maddi, həm də mənəvi ziyan vurub. Onunla da görüşüb danışmır, yayınır. Zənglərinə, mesajlarına cavab vermir. Baş prokurorluğa müraciət etmişdir. Ona məktubla cavab verildi ki, məhkəmənin qərarını gözləyirlər. Cavabdeh rəsmi izahat vermir, amma hər dəfə deyir ki, qaytaracaq. Amma heç bir yerdə rəsmi olaraq borcunu etiraf etmir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh ərizə təqdim edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, mübahisənin əsasını xx.xx.2014-cü il tarixli kredit müqaviləsində göstərilən 10000 manat kredit borcuna görə yaranmış 3015 manat borcun Cavabdeh İddiaçı qaytarmaması və pulun qaytarılmamasına görə iddiaçıya dəyən maddi ziyan təşkil edir. İddiaçı təqdim etdiyi fotoşəkil və özünün təqdim etdiyi arayışlara, həmçinin arvadı X1 adından imzalanan izahata əsaslanaraq qeyd olunan pulu iddiaçı Cavabdeh verdiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və iş materiallarında olan özü tərəfindən tərtib edilmiş arayışlar və s. mövcuddur. Onun izahatları və arayışlar isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi fotoşəkil və özünün təqdim etdiyi arayışlara, həmçinin arvadı X1 adından imzalanan izahata, habelə bank sənədlərinə istinad edərək, cavabdehin ona borclu olduğunu və bu səbəbdən də ondan pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə məhkəmə iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Eyni zamanda cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia tələbinə dair iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh tərəf qeyd edir ki, hazırda iddiaçının tələbi sübuta yetmir, hətta sübut edilsə belə iddiaçının iddia ərizəsindən görünür ki, müqavilənin bağlanması tarixindən 6 il müddət keçmişdir. Məhkəmə ərizəyə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Sadalanan qanunvericilik müddəalarına əsasən məhkəmə bildirir ki, tərəflərin arasında olan mübahisə vaxtaşırı ödəmələr üzrə olan pul ödənişi ilə bağlı deyil. Hər bir halda bu situasiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə istinad edilə bilərdi. Ancaq bu halda da iddia müddəti ötürülməmiş olacaqdı. Ona görə də cavabdehin ərizəsində qeyd etdiyi hallar müəyyən edilmədiyindən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə ərizə əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, göstərdiyi bu halları iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu halları sübut edə bilmir. Bu barədə onun izahatı mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. Bununla yanaşı, apellyasiya baxışı zamanı iddiaçının vəsatəi təmin edilərək Respublika Hərbi Prokurorluğuna sorğu verilmiş və alınmış araşdırma materiallarından da görünür ki, cavabdeh həmin İdarədə aparılmış araşdırma zamanı verdiyi izahatında iddiaçıdan hər hansı bir məbləğdə borc almadığını və ona borcu olmadığını bildirmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(0050- 868/2020 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5889/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5889/2020
15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver