Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5889/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(010)-1203/2006 saylı iş üzrə 30 iyun 2006-cı il tarixli qətnaməsindən X1 verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, qərardaddan onun verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunaraq qərardad ləğv edilməli və mülki iş Marina Hüseynovanın qətnamədən verdiyi apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci və 357.2-ci maddələrinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. İş materiallarından aydın olur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1203/2006 nömrəli iş üzrə qəbul etdiyi 30 iyun 2006-cı il tarixli qətnamə ilə X3 Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınma” tələbi təmin olunmuş, adı çəkilən şəxsin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi 3/4 saylı evə istifadə hüquqlarının tanınması və qeydiyyata alınmaları qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi 3/4 saylı ev X1 mülkiyyətindədir və o, məhz bu xüsusata əsaslanaraq sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmalı olması ilə bağlı qənaətini aşağıdakı kimi əsaslandırmışdır: “X2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilən zaman işin arxivdən qaldırılması məqsədilə sorğu edildikdə məlum olmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin sədri tərəfindən 08 aprel 2022-ci il tarixdə təsdiq edilmiş "Saxlanılmalı olmayan məhkəmə sənədlərinin məhv edilmək üçün ayrılması haqqında” 15 fevral 2022-ci il tarixli akta əsasən bir sıra kateqoriya işlər, xüsusən də hazırki işin aid olduğu "yaşayış (mənzil) məsələləri haqqında” 1999-2010-cu illərə aid 2057 sayda iş ekspertizadan keçirilib, qətnamələr və qərardadlar işlərdən çıxarılıb qovluqlarda saxlanılıb. Beləliklə, hazırki mülki iş üzrə sadəcə qətnamə mövcuddur və qeyd olunan qətnamədən apellyasiya və ya kassasiya şikayətləri verilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə Əlavə-1 "İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” ilə bağlı məsələləri tənzimləyir. Orada nəzərdə tutulmuş normalara görə - itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Hazırki işdən görünür ki, ərizəçi X2 işdə iştirak edən şəxs olmamış, qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını əsas gətirərək ondan şikayət vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda mülki iş mövcud olmadığından, mövcud olmayan iş üzrə apellyasiya şikayəti verilə bilməz”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müvafiq əsaslandırması ilə razılaşmır və hesab edir ki, məhkəmə, mübahisıləndirilən qərardadı ilə ərizəçinin məhkəmə müdafiəsi hüququnun pozulmasına yol açmışdır. Belə ki, birincisi, Suraxanı Rayon Məhkəməsinin sədri tərəfindən 08 aprel 2022-ci il tarixdə təsdiq edilmiş 15 fevral 2022-ci il tarixli akt “Saxlanılmalı olmayan məhkəmə sənədlərinin məhv edilmək üçün ayrılması haqqında”dır və həmin aktın tərtibindən sonra aktda göstərilən sənədlərin məhv edilmiş olub-olmadığı müəyyən olunmur; ikincisi, sözügedən akt, ərizəçinin qətnamənin surətini əldə etmək üçün məhkəməyə müraciət etməsindən (xx.xx.2022-ci il tarixdə) sonra tərtib olunmaqla onun apellyasiya şikayəti verməsindən (xx.xx.2022-ci il) sonra təsdiq edilmişdir – bu hal isə 2(010)-1203/2006 nömrəli işin həmin aktın əhatə etdiyi işlər arasında olub-olmadığının araşdırılmasını, əgər həmin işlərin arasındadırsa hansı səbəblə ərizəçinin müraciətinə baxmayaraq məhv edilməli işlərin dairəsinə əlavə edildiyinin aydınlaşdırılmasını zəruri edir. Üçüncüsü və ən əsası isə, mülki işin məhv edilmiş və ya itirilmiş olması, heç bir halda həmin iş üzrə çıxarılmış qətnamənin maraqlarına toxunduğu şəxsin məhkəmə müdafiəsi hüququnun məhdudlaşdılmasına səbəb ola bilməz və əgər məhkəmə mülki işin mövcud olmamasını əsas gətirib ərizəçinin apellyasiya şikayəti vermək hüququnun olmadığını vurğulayırsa, o zaman onun hansı vasitə ilə hüquqlarını müdafiə edə biləcəyinin izahını verməlidir. Kollegiya bu kontekstdə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə 1-in 2-ci bəndi hərfi mənada qəbul edilməməli, itirilmiş məhkəmə icraatının bərpa edilməsindəki məqsəd nəzərə alınmaqla qətnamənin maraqlarına toxunduğu şəxsin müvafiq ərizə ilə müraciət etməsinin mümkünlüyü məsələsi müzakirə olunmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 saylı iş üzrə 29 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Marina Hüseynovanın qətnamədən verdiyi apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5889/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5889/2022
18.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver