Məhkəmə qərarları › İş №2(103)-5889/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5889/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5889/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X12 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5837/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı X12 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2015-ci il tarixli, 21000789 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh3 18 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 15.300 USD məbləğində kredit verilmişdir.

2. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh2 və X3 aralarında xx.xx.2015-ci il tarixli, ********* nömrəli “zaminlik müqaviləsi” bağlanmışdır.

3. ********* saylı 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, №1-li Əlavə Sazişdən görünür ki, müqavilənin aşağıda göstərilən bəndləri bu cür dəyişdirilir: Bu müqaviləyə əsasən kreditorun borcalana 15300 USD məbləğdə kreditin qalıq məbləği 13.908,03 USD təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin edilir.

4. ********* saylı 14 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, №1-li Əlavə Sazişdən görünür ki, müqavilənin aşağıda göstərilən bəndləri bu cür dəyişdirilir: Bu müqaviləyə əsasən kreditorun borcalana 15300 USD məbləğdə kreditin qalıq məbləği 13.908,03 USD təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin edilir.

5. ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli №2-li Əlavə Sazişdən görünür ki, kredit müqaviləsi aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restruktizasiya edilmiş kredit”) 15625,54 USD təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığının tərkibi 10519,14 USD əsas borc, 3898,92 USD faiz borcu və 1207,48 USD cərimə borcu təşkil edir. Həmçinin həmin saziş ilə restrukturizasiya edilmiş kreditin müddət xx.xx.2022-ci il tarixədək təşkil edir.

6. ********* saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli №2-li Əlavə Sazişdən görünür ki, Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restruktizasiya edilmiş kredit”) 15625,54 USD təşkil edir. Borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığının tərkibi 10519,14 USD əsas borc, 3898,92 USD faiz borcu və 1207,48 USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddət xx.xx.2022-ci il tarixədəkdir.

7. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə LPO İddiaçı ASC-nə 10.4603,64 USD əsas, 3918 USD faiz, 6869 USD cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1499 USD faiz borcu yaranmışdır.

8. Bildiriş məktubundan görünür ki, LPO İddiaçı ASC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9.İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, cəmi borcu 22.751 (iyirmi iki min yeddi yüz əlli bir) ABŞ dolları - bundan 10.463,64 (on min dörd yüz altmış üç ABŞ dolları 64 sent) ABŞ dolları əsas, 3.918,24 (üç min doqquz yüz on səkkiz ABŞ dolları 24 sent) ABŞ dollarıfaiz, 6.869,82 (altı min səkkiz yüz altmış doqquz ABŞ dolları 82 sent) ABŞ dollarıcərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.499,30 (bir min dörd yüz doxsan doqquz ABŞ dolları 30 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 206,03 (iki yüz altı manat 03 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, X12 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış ********* saylı xx.xx.2015- ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “əsas vəsaitin artırılması” məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 15.300 (on beş min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcalan Cavabdeh3 (FİN:xxxxxxx) "əsas vəsaitin artırılması" məqsədilə verilmişdir. Müqavilənin xarakteri və göstərilən məqsəd nəzərə alınmaqla, işə ilkin olaraq kommersiya mübahisəsi kimi baxılması üçün mülki iş Bakı Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Lakin Bakı Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadı ilə işin həmin məhkəmənin ixtisaslaşmasına uyğun olmadığı qənaətinə gələrək işi geri qaytarmışdır. Belə ki, məhkəmə öz qərardadında "Elektron məhkəmə" informasiya sistemindən əldə olunmuş məlumatlara əsaslanaraq qeyd etmişdir ki, “cavabdeh – kredit müqaviləsinin tərəfi Cavabdeh3vergi uçotuna alınmamışdır və VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ilə təmin olunmamışdır. Beləliklə, borcalan hüquqi şəxs və ya fərdi sahibkar olmadığından, aralarında bağlanmış kredit müqaviləsi kommersiya hüquq münasibətləri çərçivəsində deyil, mülki hüquq münasibətləri kontekstində qiymətləndirilməlidir” (qərardad qoşmaya əlavə edildi). Cavabdeh3 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 210007789/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra həmin Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana 15.300 (on beş min üç yüz) ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 13.908,03 (on üç min doqquz yüz səkkiz ABŞ dolları 03 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə 30 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 15.625,54 (on beş min altı yüz iyirmi beş ABŞ dolları 54 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 125/2-K-41-7075/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(004)-5837/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3 10.463,64 (on min dörd yüz altmış üç ABŞ dolları altmış dörd sent) ABŞ dolları əsas, 3.918,24 (üç min doqquz yüz on səkkiz ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları faiz, 1.000 (min) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.499,30 (bir min dörd yüz doxsan doqquz ABŞ dolları otuz sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 16.881,18 ABŞ dolları (on altı min səkkiz yüz səksən bir ABŞ dolları, on səkkiz sent) və 206,03 (iki yüz altı manat üç qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qətnamə ilə təmin edilmiş 16.881,18 ABŞ dolları məbləğində kredit borcunun tutulması zamanı 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbəti 1,40 AZN hesablansı qət edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı LPO İddiaçı ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 15.300 USD məbləğində kredit verilmiş, cavabdeh isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan adıçəkilən müqaviləyə əlavə sazişlərlə dəyişiklilər edilmişdir. Son olaraq bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli №2-li Əlavə Sazişdən görünür ki, Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 15625,54 USD təşkil edir. Borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığının tərkibi 10519,14 USD əsas borc, 3898,92 USD faiz borcu və 1207,48 USD cərimə borcu təşkil edir. Həmçinin həmin saziş ilə restrukturizasiya edilmiş kreditin müddət xx.xx.2022-ci il tarixədək təyin edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə Bankla aralarında bağlanmış eyni tarixli zaminlik müqaviləsi ilə həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşlar. Lakin cavabdeh müqavilə üzrə öhdəliyinə əməl etməyərək iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində Cavabdeh3, eyni zamanda bu öhdəliklərin icrasına zamin durmuş digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd olunan kredit müqaviləsi üzrə əsas və ona hesablanmış faiz borcu yaranmışdır. Bununla da Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda lazımi qaydada ödənişlər etməmiş, nəticədə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya borcu yaranmışdır ki, iddiaçı haqlı olaraq bu borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

14. Məhkəmə həmçinin iddiaçının iddia tələbini zaminlərə münasibətdə əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı zamin(lər)ə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zamin(lər)ə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də iddiaçının zamin(lər)ə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.

15. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, 10.463,64 USD məbləğində əsas borca münasibətdə cavabdehdən 6.869,82 manat cərimə pulunun tutulması, əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 1000 USD cərimə borcu tutulmalıdır. Məhkəmə eyni zamanda kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% faiz dərəcəsi ilə hesablanmış borcun cavabdehdən tutulmalı olması nəticəsinə gəlmişdir.

16. Məhkəmə həmçinin hesab etmişdir ki, kredit borcu tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli №2-li Əlavə Sazişə əsasən, 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbəti 1,40 AZN hesablanmaqla tutulmalıdır. Belə ki, tərəflər ödəniş qaydasını bu formada müəyyən etmişlər və bu hal müqavilələrin azadlığı prinsipinə əsasən mülki qanunvericiliyə zidd deyildir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.1, 445.2.1, 445.7, 462, 470.1, 472.2, 477.0.4, 739.1, 739.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən iddiaçı X12 İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin qismən –kredit borcunun tutulması zamanı 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbəti 1,40 AZN hesablanması ilə bağlı hissədə ləğv edilərək həmin hissəyə “qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla” söz birləşməsi əlavə edilməklə dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Mülki Məcəllənin 439.1-ci maddəsində qeyd edilir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 439.2-ci maddəsində qeyd edilir ki, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Mülki Məcəllənin 439.7-ci maddəsində qeyd edilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarında isə qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən, yanlışlığa yol verərək 01 ABŞ dolları = 1.40 AZN məzənnəsini əsas götürməklə öhdəliyin manatla ödənilməsini hesab etmişdir. Lakin, məhkəmənin bu qərarı qanunvericiliyin tələblərinə ziddir, çünki qanunvericilik xarici valyuta ilə müəyyən olunmuş öhdəliklərin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə yerinə yetirilməli olduğunu müəyyən edir. Bu maddənin mötəbər hüquqi qüvvəsi pozulmuş və məhkəmə, ödənişin faktiki həyata keçirildiyi günün məzənnəsini nəzərə almadan, ümumilikdə 1.40 məzənnəsini tətbiq edərək, hüquqi normalara uyğun olmayan, mövcud qanunvericilik tələblərini və ədalət prinsiplərini pozan, həmçinin tərəflər arasında ədalətsiz bir nəticə doğuran qərar vermişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab etmişdir ki, “xx.xx.2017-ci il tarixli №2-li Əlavə Sazişə əsasən, 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbəti 1,40 AZN hesablanmaqla tutulmalıdır”. Məhkəmənin bu yanaşması Azərbaycan Respublikasının Mülki Məcəlləsi, mövcud məhkəmə təcrübəsi və iqtisadi hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Belə ki, kredit xarici valyutada (ABŞ dollarında) müəyyən edilibsə, ödəniş isə Azərbaycan Respublikasında və manatla həyata keçirilirsə, o zaman cavabdeh öhdəliyini ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə yerinə yetirməlidir. ********* №-li 12 yanvar 2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə dəyişiklik edilərək kredit “ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 ABŞ dolları = 1.40 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir” şərti əsasında restrukturizasiya edilsə də, cavabdeh (borcalan) ödənişləri vaxtında icra etmədiyi üçün müqavilənin şərtləri onun tərəfindən pozulmuşdur. Müqavilənin digər şərtlərindən biri də, Borcalanın ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduğu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə olan məzənnə ilə yenidən hesablanmasıdır. Müqavilədəki şərt o zaman qüvvədə olardı ki, Kredit müqaviləsinə edilmiş dəyişikliyə əsasən Kredit müqaviləsi (Əlavə Saziş) üzrə ödənişlər borcalan tərəfindən gecikdirilmədən müəyyən edilmiş qrafikə əsasən həyata keçirilərdi. Müqavilənin ödəniş qrafiki, borcalanın (cavabdehin) hər ay və ya müəyyən müddətlərdə müəyyən məbləğləri ödəməsini nəzərdə tuturdu. Bu ödənişlər müqavilədə göstərilən müddət və məbləğlərə uyğun olmalı və heç bir gecikmə halı yaşanmamalı idi. Ödəniş qrafikində nəzərdə tutulan ödənişlər borcalan (cavabdeh) tərəfindən ödəniş qrafikində nəzərdə tutulan müddətlərdə icra edilmədiyindən gecikmə halları baş vermiş və nəticədə müqavilənin şərtləri pozulmuşdur. Buradan aydın görünür ki, məhkəmə, müqavilə şərtlərinin pozulması ilə bağlı faktı nəzərə almamışdır. Odur ki, məhkəmə tərəfindən borcun hesablanmasında ödəniş günü qüvvədə olan rəsmi məzənnə əsas götürülməli idi, lakin məhkəmə müqavilə şərtlərinin pozulması faktını müəyyən etmədiyindən ümumi olaraq 1 ABŞ dolları = 1.4 AZN məzənnəsini tətbiq etməklə, ödənişin hansı tarixdə baş verəcəyini və həmin tarixdə hansı məzənnənin mövcud ola biləcəyini də nəzərə almamışdır. Bundan başqa ödəniş tarixi məzənnənin müəyyən edilməsi üçün əsas meyardır. Kredit münasibətlərində məzənnənin müəyyənləşdirilməsi yalnız ödənişin həyata keçirildiyi günə əsasən mümkündür.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək qeyd etdi ki, tərəflər arasında ilkin kredit müqaviləsi bağlanıldıqda 15300 USD məbləğində kredit məbləği müəyyən edilib, daha sonra əlavə saziş bağlanılır. Əlavə sazişdə qeyd edilib ki, faiz və cərimə ayrıca hissədə doldurulur. Əsas məbləğ Bankın daxili güzəşti əsasında 1,40 AZN məzənnə ilə güzəşt edilir. 12 ay ərzində 30 gündən çox gecikmə olmursa, o güzəştlər qüvvədə qalır, əks təqdirdə güzəştlər ləğv edilir, ödəniş gününə olan məzənnə ilə ödənişlər tətbiq edilir. 4 ildən çoxdur ki, kredit müqaviləsi üzrə heç bir ödəniş yoxdur, son ödəniş təxmini 2019-cu ildə olub.

22. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin kredit borcunun tutulması zamanı 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbəti 1,40 AZN hesablanması ilə bağlı hissədə ləğv edilərək həmin hissəyə “qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla” söz birləşməsi əlavə edilməklə dəyişdirilməsi təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. İşin halları ilə müəyyən edilir ki, iddiaçı LPO İddiaçı ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 15.300 USD məbləğində kredit verilmiş, cavabdeh isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan adıçəkilən müqaviləyə əlavə sazişlərlə dəyişiklilər edilmişdir. Son olaraq bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli №2-li Əlavə Sazişdən görünür ki, Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 15625,54 USD təşkil edir. Borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığının tərkibi 10519,14 USD əsas borc, 3898,92 USD faiz borcu və 1207,48 USD cərimə borcu təşkil edir. Həmçinin həmin saziş ilə restrukturizasiya edilmiş kreditin müddət xx.xx.2022-ci il tarixədək təyin edilmişdir.

30. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(004)-5837/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3 10.463,64 (on min dörd yüz altmış üç ABŞ dolları altmış dörd sent) ABŞ dolları əsas, 3.918,24 (üç min doqquz yüz on səkkiz ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları faiz, 1.000 (min) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.499,30 (bir min dörd yüz doxsan doqquz ABŞ dolları otuz sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 16.881,18 ABŞ dolları (on altı min səkkiz yüz səksən bir ABŞ dolları, on səkkiz sent) və 206,03 (iki yüz altı manat üç qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qətnamə ilə təmin edilmiş 16.881,18 ABŞ dolları məbləğində kredit borcunun tutulması zamanı 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbəti 1,40 AZN hesablanması qət edilmişdir.

31. Məhkəmə kollegiyası apellyatorun kredit borcunun tutulması zamanı 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbətinin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmalı olması ilə bağlı dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli №2-li Əlavə Sazişin 1.1-ci bəndində qeyd edilir ki, ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD=1.40 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir.

33. Həmin Sazişin 1.6-cı bəndinə əsasən Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda, Kreditorun təşəbbüsü ilə X13 birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X13 kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəflər arasında imzalanmış ********* saylı, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur. Bu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq Borcalan tərəfindən dərhal Kreditora ödənilir.

34. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehin ödənişləri vaxtında icra etmədiyi üçün müqavilənin şərtlərinin onun tərəfindən pozulması, öhdəliklərinin icrası zamanı növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduğu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlərin Bankın ödəniş tarixinə olan məzənnə ilə yenidən hesablanmalı olmasına istinad edilsə də, Sazişin 1.6-cı bəndinə əsasən müqavilənin şərtlərinin pozulması halında Kreditorun təşəbbüsü ilə Əlavə Sazişə birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişin tələb edilə bilməsi öz əksini tapmış, lakin iddiaçı (kreditor) tərəfindən sözügedən sazişə xitam verilməyərək borcun vaxtından əvvəl ödənişi tələb edilməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 4 ildən çox müddətdir ki, heç bir ödəniş edilməmiş, son ödəniş təxminən 2019-cu ildə olmuş, Kreditor tərəfindən iddia ərizəsi ilə xx.xx.2025-ci ildə məhkəməyə müraciət edilmişdir.

35. Qeyd olunanlara əsasən kollegiya apellyatorun dəlilini əsassız hesab edərək qeyd edir ki, borc məbləğinin 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbətinin tərəflər arasında razılaşdırılmış qaydada 1 USD=1.40 AZN məzənnəsi əsas götürülməklə hesablanması ilə bağlı birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. 36.Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.

37. Buna görə də kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilməlidir. 38.Kollegiya hesab edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan artıq olduğundan qətnamədən kassasiya şikayəti verilə bilər. Belə ki, qətnamə ilə təmin edilmiş 16.881,18 ABŞ dolları məbləğində kredit borcunun tutulması zamanı 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbəti 1,40 AZN hesablanması ilə təxminən məbləğ 23633.65 manat edir. Həmin məbləğ 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbəti 1,70 AZN hesablanması ilə təxminən məbləğ 28698.01 manat edir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı X12 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5837/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar