Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5892/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2134/2021 saylı, 21 aprel 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 15.09.2009-cu il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər, cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay 175 manat sabit pul məbləğinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2011-ci il tarixli qətnaməsi ilə 15.09.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat tutularaq, ona ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən bu günə qədər əlavə olaraq maddi kömək göstərilməmişdir. Uşaq orta məktəbdə təhsil alır, ona görə də məsrəfləri yetərincə artmışdır. Nərimanov Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamə ilə ödənilməsi qət olunmuş aliment (110 manat) uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Cavabdeh isə onun artan tələbatına könüllü şəkildə köməklik göstərmir. Ona görə də hesab edirəm ki, uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləği artırılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2134/2021 saylı, 21 aprel 2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 15.09.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər aya görə 175 (bir yüz yetmiş beş) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2134/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi qanunsuz, əsassızdır və bu səbəbdən ləğv olunmalıdır. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2011-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş 110 manat aliment məbləği dəyişdirilmədən saxlanılmalı idi. O, 2007-ci ildən Azərbaycan Milli Elmlər X4 adna Əlyazmalar İstitutunda işləyir və cəmi 390,00 manat məbləğində əmək haqqı alır. Eyni zamanda iddiaçı ilə nikahına xitam verildikdən sonra, ikinci dəfə ailə qurmuş və həmin nikahdan 03 aprel 2013-cü il tarixdə X8 və 22.07.2016-cı il tarixdə X9 dünyaya gəlib. Yəni iddiaçıdan birgə nikahda olduğu uşağdan əlavə onun daha iki yetkinlik yaşna çatmayan övladı var. Məhkəmə bir uşağın hüquqlarını qoruyanda, digər uşaqların hüquqlarını pozmamalıdır, çünki hər birinin AR Konstitusiyası ilə qorunan eyni hüquqları var. Bir uşağın yaşayış səviyyəsi yaxşılaşdırıldıqda, digərlərinin yaşayış səviyyəsi pisləşməməlidir. Onun əmək haqqı vergilər daxil 390 manat təşkil edir, 355 manat ona ödənilən məbləğdən 175 manat çıxıldıqda, digər iki uşağın saxlanılması üçün cəmi 180 manat məbləğ qalır. Bu isə ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş minimum məbləğdən iki dəfə azdır. Məhkəmə qətnamə qəbul edərək əsaslandırıcı hissədə göstərir ki, tutulan alimentin miqdarı yaşayış minimumundan aşağı olmamalıdır, lakin məhkəmə nədənsə digər uşaqların olmasını nəzərə almır və hesab edir ki, digər 2 övladının dolanışığı minimumdan aşağı olsa da olar. Hər bir uşağın eyni hüquqları var və məhkəmə hər bir uşağın hüququnu eyni dərəcədə qorumaq məcburiyyətindədir. Məhkəmə üçün heç bir uşağın üstün hüququ olmamalıdır və qərar qəbul edərək, digər uşağların qorunan hüququnu pozmamalıdır. O, uzun illər ərzində eyni dövlət müəssisəsində işləyir və hamıya bəlli olan faktdır ki, verilən bütün əmək haqların hissəsi rəsmi olaraq göstərilir və onun bu iş yerindən başqa iş yeri, başqa gəlir yeri yoxdur. Məhkəmə qətnamə çıxararaq bütün halları nəzərə alıb qiymət verməlidir, lakin məhkəmə qətnaməsində onun ikinci nikahdan olan uşaqlarını olmamış kimi qəbul edir və aldığı əmək haqqının ən azı 3 uşağın arasında bərabər hissədə bölünməsini nəzərə almalı idi. İş üçün bu cür əhəmiyyətli faktlara məhkəmə heç bir qiymət vermir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (005)- 2134/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2134/2021 saylı, 21 aprel il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmiş, belə olan halda isə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay üçün 175 manat müəyyən edilməlidir və gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 112-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.10.2009-cu il tarixli, AZ-İİ № 358343 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 15 sentyabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. İş matеriallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2474/2011 saylı, 26 may 2011-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş matеriallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2474/2011 saylı, 26 may 2011-ci il tarixli Qətnaməsi ilə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı “uşağa və anaya aliment ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 18 yanvar 2011-ci il tarixdən başlayaraq 29 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında və 40 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək uşağa baxması ilə əlaqədar olaraq 30 (otuz) manat alimentin alınaraq X6 ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi və məhkəmə xərclərinin müştərək qaydada tərəflərə aid edilməsi qət edilmişdirş İş materiallarında olan, Azərbaycan Milli Elmlər X4 adına Əlyazmalar İnstitutundan verilmiş 44-40 saylıŞ 01 aprel 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 2007-ci ildən Azərbaycan Milli Elmlər X4 adına Əlyazmalar İnstitutunda işləyir. Aylıq əmək haqqı 390 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən: 75.1. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, Cavabdeh apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi, Azərbaycan Milli Elmlər X4 adına Əlyazmalar İnstitutunda çalışması və orta aylıq əmək haqqının 390 manat olması, əlavə qazanc yeri və digər gəlirlərinin olmaması, ikinci dəfə ailə qurması və maddi vəziyyətinın aşağı olması barədə dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutları təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2134/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (005)-2134/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5892/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5892/2021
03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver