Məhkəmə qərarları › İş №2(103)-5892/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5892/2022

22.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5892/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(008)-6050/2021 saylı qərardadından iddiaçının şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən avtomobilə vurulan zərərə görə 7880 manat, 30 manat dövlət rüsumu, sənədlərin təsdiqi və etibarnamə üçün ödənilmiş 21 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 210 manatın, ümumilikdlə 8141 manatın müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 4050 manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən, 2551,50 manat pulun isə Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ödənilməsi, 30 manat dövlət rüsumunun əvəzi, etibarnamə üçün ödənilmiş 21 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 210 manat, cəmi 261 manatın cavabdehlər Cavabdeh1 MMC və "xxxx" ASC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, cavabdehlər Cavabdeh1 MMC və "xxxx" ASC-dən müştərək qaydada iki ekspert rəyi üzrə 336 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdehlər ASC və MMC tərəfindən qətnamə xx.xx.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Cavabdeh "xxxx" ASC-nin vermiş olduğu apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə və Cavabdeh1 MMC-nin vermiş olduğu apellyasiya şikayətləri xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC-nin vermiş olduğu apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, qərardad xx.xx.2022-ci il tarixdə "xxxx" ASCnin elektron kabinetinə yerləşdirilmiş, həmçinin sonuncu qərardadı xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC-nin vermiş olduğu apellyasiya şikayətlərinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, qərardad poçt vasitəsi ilə Cavabdeh1 MMC-yə göndərilmiş və sonuncu qərardadı xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmişdir. Sonradan Cavabdeh1 MMC-nin qətnamədən vermiş olduğu apellyasiya şikayətləri xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş və mülki iş apellyasiya şikayətləri ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə MMC tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki işin Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad Cavabdeh1 MMC-nin şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməməsi ilə əsaslandırılmışdır. Cavabdeh "xxxx" ASC-nin qətnamədən vermiş olduğu apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(008)- 6050/2021 saylı qərardadı ilə cavabdehlər "xxxx" ASC və Cavabdeh1 MMC-nin ərizələri təmin olunmuş, 2(008)-6050/2021 saylı mülki iş apellyasiya şikayətləri ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Göründüyü kimi hər iki cavabdeh tərəfindən birinci dəfə apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddət daxilində verilmiş, lakin hər iki apelyasiya şikayəti qanunla müəyyən edilmiş formaya uyğun olmadığı üçün geri qaytarılmışdır. Bundan sonra isə qanunvericiliyin tələbinə uyğun apelyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə müraciət edilmişdir. Kollegiya qeyd edir ki, cavabdehlərin hərəkəti prosessual hüquqlardan suiistifadəyə yox, barələrində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(008)- 6050/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar