Məhkəmə qərarları › İş №2(103)-5899/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5899/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5899/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: su sızması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, təmir işlərinin aparılması öhdəliyinin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və su axıdılmasının qarşısının alınması üçün cavabdehin üzərinə zəruri tədbirlərin görülməsi öhdəliyinin (təmir işlərinin aparılmasının) qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-483/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında 59 nömrəli mənzil İddiaçı, 61 nömrəli mənzili isə Cavabdeh mülkiyyətindədir.

2. 132 №li Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli akta əsasən xx.xx.2023-cü il tarixdə ünvan 1, mənzil 59- un mülkiyyətçisi İddiaçı MTK-ya ərizə ilə müraciət edərək yaşadığı mənzilin mətbəxinin tavanından su axıntısının olduğunu bildirmişdir. Bununla əlaqədar olaraq həmin gün - xx.xx.2023-cü il tarixdə mənzilə baxış keçirilmişdir. İddiaçı şifahi şəkildə MTK sədrinə üst qonşusunun onun mətbəxinə su axıtdığını bildirmişdir. Müşahidə ilə məlum olmuşdur ki, ünvan 1, mənzil 59-un mətbəxinin tavanına suyun axıdılması yuxarıda yaşayan qonşunun 61 saylı mənzilindən gəlməsi məlum oldu. 61 saylı mənzilindən axıdılan suyun nəticəsində 59 saylı mənzilin mətbəxinin tavanı, divarı və döşəməsi islanmışdır. Mənzilin mülkiyyətçisi İddiaçı maddi ziyan dəymişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1, 59 saylı mənzilə vurulmuş ziyana görə 3.000 manat pulun, ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi, su axıdılmasının qarşısının alınması üçün cavabdehin üzərinə zəruri tədbirlərin görülməsi öhdəliyinin (təmir işlərinin aparılmasının) qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh öz mənzilinə və onun istismar vəziyyətinə nəzarət etmir. Cavabdeh tərəfindən iddiaçının mənzilinə dəfələrlə su axıdılmışdır ki, bunun nəticəsində iddiaçının həm mənzilinə, həm də mənzilin içərisindəki əşyalara maddi ziyan vurulmuşdur. Mətbəx, dəhlizin tavanı və elektrik xətləri zədələnmişdir. Bir dəfə də cavabdeh iddiaçının mənzilinə su axıtdığı zaman ona 100 manat ödəniş edərək məsələnin bağlanmasını xahiş etmişdir. Lakin cavabdehin bu cür hərəkətləri davam etdirməsi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə vadar etmişdir.

5. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 89 saylı evin 59 saylı mənzilinə baxış keçirilmiş, iddiaçıya məxsus mənzilin dəhlizinin və mətbəxinin tavanında su sızma izləri müşahidə edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 89 saylı evin 61 saylı mənzilinə baxış keçirilən zaman mənzilin giriş qapısının sağ tərəfində yerləşən yataq otağının tavanında su sızma izləri aşkar edilmişdir. Eyni zamanda giriş qapısının qarşı tərəfində yerləşən qonaq otağının və dəhlizin döşəməsinin yararsız vəziyyətə düşdüyü müşahidə edilmişdir. Cavabdeh onun mənzilinə 63 saylı mənzildən su su axıdılması səbəbindən iddiaçının mənzilinə su töküldüyünü bildirdiyindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 89 saylı evin 63 saylı mənzilinə baxış keçirilməsinə cəhd edilməsinə baxmayaraq qapı bağlı olduğu üçün baxış keçirilməsi mümkün olmamışdır.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 7246/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9181 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən, tədqiq olunan 59 saylı mənzilin dəhliz və mətbəx tikilisinin konstruktiv elementlərində (tavan, divar və.s) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 89 saylı evin 59 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 61 saylı mənzildən su axıldığı, nəticədə 59 saylı mənzilin dəhliz və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 61 saylı mənzilin su kanalizasiya xətləri gizli şəkildə olduğundan, 59 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 59 saylı mənzilə su sızması 61 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 89 saylı evin 59 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.659,0 manat məbləğində müəyyən olunmuşdur.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 483/2024 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Eyvazova) iddianın qismən təmin edilməsi, Cavabdeh 1.659 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh üzərinə ünvan 1, 61 saylı mənzilindəki su xətlərini təmir etdirmək öhdəliyinin qoyulması, 36,59 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mənzilinə su sızması məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş vermişdir. Belə ki, alınmış ekspert rəyində, iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən sızdığı, lakin bunun texniki səbəbini müəyyənləşdirmənin mümkün olmadığı göstərilmişdir.

10. Eyni zamanda məhkəmə iclasında cavabdeh izahat verərkən əvəllər də onun mənzilindən iddiaçının mənzilinə suyun axıdılması hallarının mövcud olduğunu etiraf etmişdir. Sonuncu məhkəmə baxışı zamanı da su sızma halının təkrarlandığı qeyd edilmişdir.

11. Məhkəmə iddianın su axıdılmasının qarşısının alınması üçün cavabdehin üzərinə zəruri tədbirlərin görülməsi öhdəliyinin (təmir işlərinin aparılmasının) qoyulması hissəsini qismən əsaslı hesab etmişdir. Belə ki, məhkəmə baxışının son iclası zamanı hər iki tərəf su axıdılma halının təkrarlandığını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh mənzilindəki su xətlərini təmir etməlidir. Məhkəmə digər zəruri tədbirlərin hansı hərəkətlərdə ehtiva edildiyini müəyyən edə bilmədiyindən, iddia tələbi bu hissədə qeyridəqiq olduğundan iddia tələbini bu hissədə təmin etməmişdir.

12. Məhkəmə iddia tələbini mənzilə vurulmuş ziyana görə 3.000 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində qismən əsaslı hesab etmişdir. Belə ki, ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 89 saylı evin 59 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.659,0 manat məbləğində müəyyən olunmuşdur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1111.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 103.1, 103.2, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsini, həmin hissədə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə isə ümumiyyətlə cavabdehin təqsiri olmamış, onun təqsiri nəticəsində iddiaçıya hər hansı zərər yetirilməmişdir. Məhməmə iclasında da qeyd etdiyi kimi, o, iddiaçı tərəfə məhkəmədən öncə də usta çağırılmasını, onun tərəfindən təqsir olduğu halda xərcin məhz onun tərəfindən ödəniləcəyini bildirmişdir. İddiaçıya dəyən ziyanın təqribən 100-150 manatlıq xərci vardır. Cavabdeh məhz iddiaçının da dediyi kimi, elektrik şəbəkəsində baş verən nasazlıqla əlaqədar bu pozuntuların aradan qaldırılması üçün 100 manat məbləğində pul vəsaitini iddiaçıya vermişdir. Hazırda iddiaçının irəli sürdüyü tələb isə həqiqəti əks etdirməməklə ədalət mühakiməsini yanıltmaqdan başqa bir şey deyildir. Belə ki, iddiaçı əsassız yerə xərclərin məbləğini şişirtmiş, əsassız olaraq ondan pul tələb etmişdir. Məhkəmə isə bu qanunsuzluğa göz yummuş, iddiaçının əsassız tələbini qismən təmin etmişdir. Həmçinin, keçirilmiş ekspertiza da həqiqəti əks etdirmir. Əlavə olaraq iddiaçıya məxsus təmir xərclərinin də guya ona məxsus mənzildən su axıtmayla əlaqəli olduğu qeyd edilmişdir. Həmin rəydə divar kağızı qabarmış, qopmuş, boya qatı qabarmış, elektrik xətləri korlanmışdır. Halbuki, həmin zərərin məhz cavabdehə məxsus mənzildən irəli gəlməsi öz əksini tapmamışdır. Buna baxmayaraq, məhkəmə iddiaçıya məxsus mənzildə mövcud olan qüsurların onun mülkiyyətində olan mənzillə əlaqəli olması qənaətinə gəlmiş, onun hüquqlarını kobud surətdə pozmuşdur. Qeyd etdiyi xüsusatlar və işin faktiki halları ona dəlalət edir ki, obyektiv həqiqəti əks etdirməyən ekspert rəyinin sübut qismində qiymətləndirilməsi əsassız və qanunsuzdur. Mülki Prosessual Məcəllənin 103.1ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, iddiaçı cavabdehin mənzilindən ona məxsus mənzilə su axıdılmasını və mənzilinə maddi zərər dəyməsini təsdiq edən sübut kimi 132 №li Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli akta istinad etmişdir.

25. Bununla yanaşı, birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən, tədqiq olunan 59 saylı mənzilin dəhliz və mətbəx tikilisinin konstruktiv elementlərində (tavan, divar və.s) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 89 saylı evin 59 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 61 saylı mənzildən su axıldığı, nəticədə 59 saylı mənzilin dəhliz və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 61 saylı mənzilin su kanalizasiya xətləri gizli şəkildə olduğundan, 59 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 59 saylı mənzilə su sızması 61 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 89 saylı evin 59 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.659 manat məbləğində müəyyən olunmuşdur.

26. Göründüyü kimi, cavabdehə məxsus olan mənzildən iddiaçının mənzilinə su sızması baş vermiş və bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir.

27. Kollegiya sözügedən ekspert rəyini digər iş materialları ilə birgə qiymətləndirməklə belə nəticəyə gəlir ki, həmin rəyin əsassızlığı üçün hallar müəyyən edilmir. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

28. Kollegiya qeyd edir ki, ekspert rəyində mənzilə dəymiş ziyanın həcmi göstərilmiş, rəy kifayət qədər əsaslandırılmış və rəydə göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyinə əlavə edilmiş fotoşəkillərdən aşkar görünür ki, cavabdehin mənzilində olan sanitar qovşağın təmiri qənaətbəxş deyil.

30. Cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatlardan da müəyyən edilir ki, onun mənzilindən iddiaçının mənzilinə suyun axıdılması halı əvvəl də baş vermişdir.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin üzərinə mənzilindəki su xətlərini təmir etdirmək öhdəliyinin qoyulması barədə gəldiyi nəticə də düzgün olmuşdur.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

33. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın mübahisələndirilən hissədə qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamənin maddi ziyan tələbi ilə bağlı hissəsindən kassasiya şikayətinə yol verilmir.

34. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-483/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “cavabdehin üzərinə mənzilindəki su xətlərini təmir etdirmək öhdəliyinin qoyulması” hissəsindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar