Məhkəmə qərarları › İş №2(103)-5902/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5902/2021

29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5902/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Fərhad qızının Cavabdeh qarşı “müəyyən edilmiş aliment məbləğinin artırılması” tələbinə dair 2(005)-1585/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Fərhad qızı Cavabdeh qarşı “müəyyən edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.11.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə birgə rəsmi nikahlarından anadan olmuş, 08.11.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Buna baxmayaraq cavabdeh uzun müddətdir ki, aliment ödəməkdən qəsdən boyun qaçırır. Bildirir ki, cavabdeh fərdi əməklə məşğul olur, maddi vəziyyəti normaldır. Hesab edir ki, qeyd etdyi qanunvericiliyin tələblərinə əsasən uşağın artan tələbatını ödəmək üçün 08.11.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat sabit pul məbəlğində aliment Cavabdeh alınıb ona verilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və 08.11.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan İddiaçı Fərhad qızının xeyrinə hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Fərhad qızı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan 08.11.2013-cü il təvəllüdlü X2 olmuşdur. Lakin uzun müddət cavabdehlə münasibətləri pozulmuş, onun münasibətləri normallaşdırmaq, ailə münasibətlərini qaydaya salmaq cəhdlərim heç bir nəticə verməmişdir. O, bütün bunlara baxmayaraq, ailənin dağılmaması üçün əlimdən gələni etmişdir. Lakin məhkəmə tərəfindən aliment təyin olunarkən, eləcə də, bundan sonra da, onun ailə və maddi vəziyyəti və sairə məsələləri nəzərə alınmamışdır. Belə ki, onun anası onun himayəsindədir. Üstəlik xəstə valideyni onun üstündədir. O, yenidən ailə quraraq rəsmi nikaha daxil olmuşdur. İddiaçıya isə bu qədər təyin olunmuş alimenti ödəməyə imkanı yoxdur. Heç bir yerdə işləmir və faktiki olaraq heç bir gəlir əldə etmir, buna fiziki cəhətdən də, imkanı yoxdur. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12.05.2016-cı il tarixli, 2(005)- 2220/2016 nömrəli qətnaməsinə əsasən 08.11.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı Fərhad qızının xeyrinə hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri nəzərə alınaraq, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(005)- 1585/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar