Məhkəmə qərarları › İş №2(103)-5904/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5904/2021

13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5904/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh2 vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “verilmiş pul məbləğlərinin və ödənilmiş dövlət rüsumunun cavabdeh şəxslərdən müştərək qaydada tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(001)-242/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “verilmiş pul məbləğlərinin və ödənilmiş dövlət rüsumunun cavabdeh şəxslərdən müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 221.900 (iki yüz iyirmi bir min doqquz yüz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1984-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, N.Şalbuzov küçəsi, ev 11 ünvanda qeydiyyatdadır, lakin faktiki olaraq ünvan 1 ünvanında ailə üzvləri ilə-rəsmi nikahda olduğu həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. Cavabdehlərdən Cavabdeh2 uşaqlıqdan tanıyır. O, İsmayıllı rayonunda onun qonşusu olmuş, onlar həmişə yaxşı münasibətdə olmuşlar. Mütəmadi olaraq onlar arasında telefon danışıqları baş tuturdu. Danışıqlarının birində Cavabdeh2 ona bildirmişdir ki, onun xalası, yəni digər Cavabdeh1 ünvanlı sosial yardım və pensiya almağı təşkil edir. Ona görə də, onun iki azyaşlı uşağı olduğundan, həmçinin onun özünün heç bir yerdə işləmədiyindən ona ünvanlı sosial yardım düzəldilməsini təklif etmişdir. O da öz növbəsində Cavabdeh2 bu təklifi ilə razılaşmış və 2018-ci ilin sentyabr ayında ona 1.200 (min iki yüz) manat məbləğində pul vermişdir ki, sonuncu xalasının vasitəsilə ona ünvanlı sosial yardım düzəltsin. Təxminən 2 (iki) ay keçdikdən sonra həqiqətən də Cavabdeh2 ona ünvanlı sosial yardım düzəltmiş, o hər ay 220 (iki yüz iyirmi) manat məbləğində olmaqla, 2018-ci ilin dekabr ayından 2019-cu ilin sentyabr ayınadək ünvanlı sosial yardım almışdır. Cavabdeh2 onu xalası Cavabdeh1 ilə də tanış etmiş və onların hər ikisi ona bildirmişdilər ki, ünvanlı yardım almaq və ya pensiya düzəltdirmək istəyənlər olduqda onlara xəbər etsin, bunun müqabilində ona buna görə hörmət edəcəklərini də demişdilər. O, yardım aldıqca tanıdığı və bildiyi insanlara məlumat verirdi ki, ünvanlı sosial yardım düzəldən insanlar var və onlar yardım düzəldirlər. Bu gedişatla o 200 (iki yüz) nəfərə yaxın adamdan hərəsindən 1.200 (min iki yüz) - 4.500 (dörd min beş) manat məbləğində pul vəsaiti olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vermişdir ki, cavabdeh şəxslər həmin insanlara ünvanlı sosial yardım və ya pensiya düzəltsinlər. Cavabdeh şəxslər də öz növbələrində onun təqdim etdiyi insanların çoxuna ünvanlı yardım və ya pensiya düzəldiblər. Lakin sonradan ona bəlli olmuşdur ki, cavabdeh şəxslər onları həvəsləndirmək üçün əslində heç bir rəsmi sosial yardım və ya pensiya düzəltmədən onlara kart açdıraraq, alqıqları pul məvaciblərinin bir hissəsini ilk bir neçə ay ərzində "Milli Ön” və digər ödəmə terminalları vasitəsilə həmin insanların kartına köçürüblər. Onlar isə belə zənn etmişlər ki, hər ay pensiya və ya müavinət alırlar. Bu hal ona 2019-cu ilin noyabr ayında bəlli olmuş və o da öz növbəsində cavabdeh şəxslərə heç bir adam təqdim etməmiş və verilmiş müvafiq pul vəsaitlərinin qaytarılmasını tələb etmişdilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(001)-242/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı qismən təmin edilmiş, Cavabdeh2 38.550 (otuz səkkiz min beş yüz əlli) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı ödənilməsi, qalan hissədə və Cavabdeh1 münasibətdə iddianın təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edərək, iddia tələbinin təmin edilməsinə yönəldilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı verilmiş izahatlardan və eyni zamanda idda ərizəsindən göründüyü kimi iddiaçı cavabdehə qarşı özünün iştirakçı olduğu özündə ehtimal olunan cinayət tərkibinin əlamətlərini daşıya bilən münasibətlərdən irəli gələn bir tələb irəli sürmüşdür. Çünki iddiaçı özü də ərizəsində müxtəlif şəxslərdən sosial yardım və pensiya düzəltmək adı ilə aldığı pulların bir hissəsini Cavabdeh2 verdiyini qeyd etmiş, qalan hissəsini isə özünə götürmüşdür. Belə olan halda isə məhkəmə həmin ərizəni Mülki- Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etməli idi. Bundan əlavə əvvəlki məhkəmə baxışlarında hazırki iş üzrə ehtimal olunan cinayət münasibətlərinin təşkilatçısı olmuş X2 adlı şəxsin məhkəmə baxışında iştirakı ilə bağlı iclaslar təxirə salınsa da, onun məhkəmədə iştirakı təmin edilməmişdir. Eyni zamanda hazırki işlə birbaşa əlaqəsi olan və hazırda cinayət icraatı qaydasında Baş prokurorluğunun Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin icraatındakı Cavabdeh2 həmin X2 adlı şəxsdən şikayəti üzrə araşdırma davam etdirilir. Odur ki, işin obyektiv, hərtərəfli və tam həllinə nail olunmasından ötrü X2 adlı şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı məhkəməyə ərizə ünvanlasalar da, məhkəmə tərəfindən buna əhəmiyyət verilməmiş, hazırki işlə birbaşa bağlı olan və cinayət icraatı qaydasında araşdırılan material üzrə sorğu edilərək heç bir məlumat əldə edilməmişdir. Bundan əlavə məhkəmə "xxxx" ASC-dən əldə olunan bank hesabı əməliyyatlarına istinad edərək iddianı ona qarşı 38.550 manat hissədə təmin etmişdir. Lakin məhkəmə işin hallarının müəyyən edilməsi üçün zəruri əhəmiyyət daşıyan onun tərəfindən iddiaçının adına ödənilmiş həmin pulun məhz hazırda tələb edilən pul məbləğini təşkil etməsi və hazırki tələblə əlaqəsini müəyyən etməmiş, iddiaçının ayrı-ayrı şəxslərdən aldığı pulların hansı hissəsini özünə götürməsi, eləcə də həmin pul alınan şəxslərin kimlərdən ibarət olması və hər birindən hansı məbləğdə pulun alınması hallarına qiymət verməmiş, bununla da qanunsuz əldə edilməsi ilə yanaşı, həm də şübhəli olan sözügedən sənədləri mötəbər sübut kimi nəzərə almışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindın və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, "xxxx" X5 Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı 05 mart 2021-ci il tarixli sorğuya cavab məktuba görə, xx xxxx 1979-cu il tarixdə anadan olmuş Cavabdeh2 məhkəmə qərarı ilə tələb olunan 01 yanvar 2017-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək olan dövr ərzində bank əməliyyatlarının vəziyyətini əks etdirən cari hesablarından çıxarışların bank tərəfindən təsdiq olunmuş surətləri təqdim edilmiş, lakin Cavabdeh2 01 yanvar 2017-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək olan dövr ərzində "xxxx" X5 Səhmdar Cəmiyyətində əmanət hesabları olmamışdır. Bununla yanaşı, Cavabdeh2 məhkəmə qərarı ilə tələb olunan dövr üçün məhkəməyə təqdim olunan hesablarına Abdullayeva (Novruzova) Günel Hacı qızı tərəfindən kassadan həyata keçirilmiş mədaxil əməliyyatlarına dair sənədlərin bank tərəfindən təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin hesablar üzrə kassadan həyata keçirilmiş mədaxil əməliyyatları istisna olmaqla, digər mədaxil əməliyyatları “Cash-in” və ya “Milliön” vasitəsilə həyata keçirildiyindən, həmin əməliyyatların kim tərəfindən həyata keçirilməsi barədə məlumat vermək mümkün deyildir. 02 noyabr 2018-ci il tarixdən 31 may 2019-cu il tarixədək Abdullayeva (Novruzova) Günel Hacı qızı tərəfindən Cavabdeh2 hesabına nağd pulun plastik karta köçürülməsinə dair 13 adda qəbzdən görünür ki, qeyd edilən şəxsin adından müvafiq istiqamətdə ümumilikdə 38.550 (otuz səkkiz min beş yüz əlli) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hazırki tələblə iddiaçı şəxsin tələb etdiyi 221.900 (iki yüz iyirmi bir min doqquz yüz) manat məbləğində pul vəsaitinin yalnız 38.550 (otuz səkkiz min beş yüz əlli) manat məbləğində olan hissəsi öz hüquqi təsdiqini tapır. Eyni zamanda qeyd edilməlidir ki, müəyyən edilmiş pul vəsaiti iddiaçı şəxsin müvafiq iddia ərizəsində qeyd etdiyi kimi hər iki cavabdeh şəxsdən deyil, yalnız Cavabdeh2 iddiaçı şəxsin xeyrinə tutulmalıdır. Belə ki, qeyd edilən məbləğ məhz Cavabdeh2 hesabına 02 noyabr 2018-ci il tarixdən 31 may 2019-cu il tarixədək nağd pulun plastik karta köçürülməsi ilə həyata keçirilmişdir. Bu baxımdan qanunun yuxarıda qeyd müddəalarını hazırki iddia tələbinə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 digər Cavabdeh2 tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Bu səbəbdən iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, müvafiq zərərin ödənilməsi ilə Cavabdeh2 dəymiş maddi ziyana görə məsuliyyət daşıyır, bu səbəbdən iddia qeyd olunan hissədə qismən təmin edilməli, Cavabdeh2 məhkəmə araşdırması zamanı müəyyən edilmiş 38.550 (otuz səkkiz min beş yüz əlli) manat məbləğində maddi zərər İddiaçı xeyrinə tutulmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, 02 noyabr 2018-ci il tarixdən 31 may 2019-cu il tarixədək Abdullayeva (Novruzova) Günel Hacı qızı tərəfindən Cavabdeh2 hesabına ümumilikdə 38.550 (otuz səkkiz min beş yüz əlli) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmmişdir ki, 38.550 manat məbləğində pul vəsaiti məhz Cavabdeh2 alınıb İddiaçı (Novruzova) ödənilməlidir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlərdən ümumilikdə 221.900 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etsə də, qeyd olunan pul vəsaitinin onun tərəfindən cavabdehlərə verilməsini təstiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh2 vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında izahat verərkən bildirmişdir ki, həqiqətən, Cavabdeh2 iddiaçıdan bu pulları alıb. Lakin, iddiaçı 3.000 manat alıb, əvəzində Əfruzəyə 2.000 manat verib, o da öz növbəsində Günel adlı şəxsə 1.000 manat ödəyib. Ümumilikdə Günel adlı şəxs tərəfindən vətəndaşlara ayrı-ayrı epizodlar üzrə 1 milyarda yaxın ziyan dəymişdir. Bu barədə prokurorluqda araşdırma aparılır. Belə olan halda kollegiya cavabdehin etirafını nəzərə alaraq, şikayətin dəlillərini əsassız hesa edir. Apellyatorlar şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb etsələr də, şikayətinin əsasını təşkil edən hər-hansı sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(001)-242/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar