Məhkəmə qərarları › İş №2(103)-5910/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5910/2021

23.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5910/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(005)-1996/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarını artırılaraq Cavabdeh 28.05.2013-cü il təvəllüdlü X4 və 13.05.2015-ci il təvəllülü X2 ücün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh ilə nikahları Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Birgə nikahdan yetkinlik yaşına çatmayan iki övladları vardır: 28.05.2013-cü il təvəllüdlü X4 və 13.05.2015-ci il təvəllülü X5. Uşaqlar onun himayəsində saxlanılmışlar. Cavabdeh Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə 28.05.2013-cü il təvəllüdlü X4 və 13.05.2015-ci il təvəllülü X2 hər ay hər uşağa 120 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Lakin bu məbləğ uşaqların saxlaması üçün nəzərdə tutulan xərcləri ödəmir. Bu səbəbdən də alimentin miqdarının artırılması tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(005)-1996/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, 21.04.2021-ci il tarixdən başlayaraq, Cavabdeh 28.05.2013-cü il təvəllüdlü X4 və 13.05.2015-ci il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat müəyyən edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin əsassız olduğu üçün ləğv edilərək, rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə işin faktiki hallarını tam, hərtərəfli araşdırmamışdır. Məhkəmə alimentin məbləğini artırarkən, onun qazancının hal-hazırda artıbartmamasını müəyyən etməli idi. Məhkəmə onun işləməməsini, iddiaçının maddi durumunun ondan qat-qat artıq olmasına düzgün qiymət verməyib. O, Şuşadan qaçqın düşmüş və heç bir yerdə işləmir. Aylıq qazancı gündəlik 10 manata işləməklə, əldə etdiyi gəlir 300 manat pul təşkil edir. Həmin pulun 240 manatını qazancı ondan artıq olan iddiaçıya ödəyir. O, müharibə veteranı olan şəxs kimi 350 manat ödəyə bilmir. Uşağı saxlamaq onun kimi, iddiaçının da vəzifəsidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə alimentin tutulmasının əvvəli ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-6513/2015 saylı, 19.12.2016-cı il tarixli icra sənədi icraata qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 01.02.2017-ci il tarixli qərarından görünür ki Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6513 saylı, 19.12.2016-cı il tarixli icra vərəqəsinə əsasən 28.05.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 22.07.2016-ci il tarixdən başlayaraq hər ay 120 manat cəmi 240 manat sabit pul miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ №311179 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 22 yanvar 2018-ci il tarixdə pozulmuş, 18 nömrəli akt ilə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 13 may 2015-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 28 may 2013-cü il tarixdə doğulmuşdur. İş materiallarından 07.12.1998-ci il tarixdə verilmiş 020012 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh müharibə veteranıdır. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi ilə tutulan alimentin həcmini artıraraq, cavabdehdən hər ay hər uşağa görə 175 manat məbləğində alimentin tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun 2 qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş uşaqlar iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, iddiaçının uşağın saxlanması üçün artan tələbatı ödəməyə maddi imkanı çatmır. Məhkəmə kollegiyası aliment tutulmasıdan sonra müəyyən müddətin keçməsini, iddiaçının ümumi əmlak vəziyyətini, aliment müəyyən olunandan hazırki dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmasını və onların əvvəlki təminatı səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehdən hər uşağa görə 175 manat məbləğində aliment tutulmalıdır. Kollegiya bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Kollegiya qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, 2016-cı ildə aliment 120 manat sabit pul məbləğində müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı yüksək məbləğdə aliment tələb etməkdədir. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdeh müharibə veteranı olmasını, qazancının 300 manat olmasını qeyt etməsi onun uşaqlarını saxlamaq vəzifəsindən azad edilməsinin sübutu kimi qəbul edilə bilməz. Kollegiya hesab edir ki, alimentin tutulmasının əvvəlinn 21.04.2021-ci il tarixdən müəyyən edilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, kollegiyası qeyd edir ki, hazırki iddia tələbi alimentin tutulması barədə deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamə alimentin 21.04.2021-ci il tarixdən tutulması ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hər uşağa görə alimentə görə artırılan məbləğ 55 manat olmaqla, cəmi artırılan məbləğ 110 manat olur ki, həmin məbləğin bir illik məcmuyu 1320 manat olmaqla, 2000 manatı aşmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(005)-1996/2021 saylı qətnaməsi alimentin 21.04.2021-ci il tarixdən tutulması ilə bağlı hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar