Məhkəmə qərarları › İş №2(103)-5912/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5912/2021

10.08.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5912/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi cəlb edilməklə «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair» 2(004)-670/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 iddiaçının həyat yoldaşıdır. O, 17 sentyabr 2015-ci il tarixdə işləmək üçün Türkiyə Respublikasına getmiş, sonuncu dəfə 20 dekabr 2015-ci il tarixdə onunla əlaqə saxlamışdır. Bununla əlaqədar polis şöbəsinə müraciət edilmiş, faktla bağlı araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Hazırda maddi vəziyyəti çətin olduğu üçün sosial yardımın alınması məqsədilə yoldaşı Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə ərizə rədd edilmişdir. Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin maddi vəziyyəti olduqca ağırdır. Odur ki, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən ünvanlı sosial yardım təyin olunmasına çalışır. Lakin, ünvanlı sosial yardım təyin edən təşkilat ərizəçidən Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə tələb edir. Maraqlı şəxs2 2015-ci il sentyabr ayının 17-də Azərbaycan Respublikasının hüdudlarını tərk edib və həmin vaxtdan bir daha geri qayıtmayıb. Göstərilən hal Dövlət Sərhəd Xidmətinin 20 noyabr 2020-ci il tarixli məktubu ilə təsdiq edilir. Həmçinin polis təşkilatı araşdırma aparmış və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Şəxsin xəbərsiz itkin düşməsi üçün qanunla müəyyən edilmiş imperativ əlamət və ya sübut mövcud deyil. Belə ki, hazırkı işdə Maraqlı şəxs2 5 ildən artıq müddətdə ölkədən getməsi və geri qayıtmaması işin mübahisəsiz halıdır. Onunla ailəsinin və yaxın qohumlarının əlaqəsi tamamilə kəsilib. Bu halda məhkəməsinin əlavə sübutlar tələb etməsi qanuni və əsaslı sayıla bilməz. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi E.İskəndərli apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ərizəçi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis bölməsinin 19.09.2015-ci il tarixli qərarına əsasən, 17.09.2015-ci ildə ünvan 2 ünvanında yaşayan 26.10.1983-cü il təvəllüdlü, ailəli, hərbi mükəlləfiyyətli vətəndaş Maraqlı şəxs2 itkin düşməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 26 noyabr 2020-ci il tarixli, 33/4099 saylı məktubu ilə Maraqlı şəxs2 sonuncu dəfə dövlət sərhədlərindən hərəkəti barədə İAMAS bazasında məlumata əsasən 17.09.2015-ci il tarixdə ölkə ərazisindən çıxmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericilik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Ona görə ki, apellyasiya şikayətində 17.09.2015-ci ildə ünvan 2 ünvanında yaşayan 26.10.1983-cü il təvəllüdlü, ailəli, hərbi mükəlləfiyyətli vətəndaş Maraqlı şəxs2 itkin düşməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis bölməsinin 19.09.2015-ci il tarixli qərarında Maraqlı şəxs2 itkin düşmədiyi öz əksini tapmış, həmin bölmənin Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 26.11.2020-ci il tarixli məktubunda Maraqlı şəxs2 barəsində axtarış işinin olmadığı qeyd edilmişdir. Qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(004)-670/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar