Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5912/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-1408/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 262500 (iki yüz altmış iki min beş yüz) manat məbləğində borcun, 555 (beş yüz əlli beş) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 09 fevral 2017-ci il tarixində, Bakı şəhəri 31 saylı Notariat Konturunda mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən cavabdeh etiraf etmişdir ki, onun iddiaçıya 262500 (iki yüz altmış iki min beş yüz) manat borcu vardır. Qeyd edilən müqavilənin 2-ci bəndinə əsasən isə Cavabdeh borcu xx.xx.2019-cu il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, həmin müddətdən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh həmin borcu ödəməmişdir. İddiaçı tərəfindən məsələ ilə bağlı xx.xx.2022-ci il tarixində yaşadığı ünvana pretenziya məktubu göndərilsə də, cavabdeh ödəməli olduğu borcu hələ də yerinə yetirməmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1408/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 262500 (iki yüz altmış iki min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 555 (beş yüz əlli beş) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir (Hakim: Kərim Xudayev).
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, dəqiqləşmə əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 09 fevral 2017-ci il tarixdə, Bakı şəhəri 31 saylı Notariat Kontorunda mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən cavabdeh etiraf etmişdir ki, onun iddiaçıya 262500 (iki yüz altmış iki min beş yüz) manat borcu vardır. Qeyd edilən müqavilənin 2-ci bəndinə əsasən isə Cavabdeh borcunu xx.xx.2019-cu il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin müddətdən 2 ildən çox vaxt keçməsinə baxmayaraq cavabdeh həmin borcu ödəməmişdir. İddiaçı tərəfindən məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana pretenziya məktubu göndərilsə də, cavabdeh ödəməli olduğu borcu hələ də yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(004)-1408/2022 saylı qətnaməsi çıxandan sonra iddiaçı ilə cavabdeh arasında şifahi razılaşma olmuşdur ki, iddiaçıya 262500 (iki yüz altmış iki min beş yüz) manatın əvəzinə 174.000 (yüz yetmiş dörd min) manat pul veriləcəkdir. Ona görə də Yasamal Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(004)- 1408/2022 saylı qətnaməsi ləğv edilməlidir. İddiaçı Apellyasiya şikayətinə baxılarkən prossesdə iştirak edəcəyini şifahi olaraq söz vermişdir. Belə olan halda birinci instansiya qətnaməsində dəqiqləşmə aparılmasında zərurət yaranacaqdır. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və dəqiqləşmə əsasında yeni qətnamə qəbul edilməsini xahiş etdi.
7. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq o kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri 31 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin məzmunundan görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 262500 (iki yüz altmış iki min beş yüz) manat məbləğində borc pul verir, borc alan isə həmin pul məbləğini xx.xx.2019cu il tarixədək tam qaytarmağı öhdəsinə götürür.
11. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 555 (beş yüz əlli beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
12. İş materiallarından görünür ki, İddiaçı tərəfindən borclu Cavabdeh borc üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə pretenziya məktubu göndərilmişdir. Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
18. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər;
20. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir;
21. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
22. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
23. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
24. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
25. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
26. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər;
27. 741-ci maddəsinə əsasən-əgər müqavilənin iştirakçılaı borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hüquqi dəyərləndirmə:
28. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, İddiaçı Cavabdeh 262500 (iki yüz altmış iki min beş yüz) manat məbləğində borc pul vermişdir. Aralarında bağlanmış kredit müqaviləsi Bakı şəhəri 13 nömrəli notariat kontorunun xüsusi notariusu tərəfindən notariusun Reyestrində 3M-28 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Müqaviləyə əsasən cavabdeh qeyd olunan borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
29. Kollegiya işin hallarına və cavabdehin apellyasiya şikayətinin məzmununa əsasən qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı məbləği müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da həm mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini, həm də tərəflər arasında olan müqavilənin şərtlərini pozmuşdur.
30. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir.
31. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, İddiaçı tərəfindən 262500 (iki yüz altmış iki min beş yüz) manat məbləğində pul Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı öz sübutlu əksini taparaq müəyyən olunduğundan qeyd edilən pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir.
32. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonra iddiaçı ilə aralarında şifahi razılaşma olduğunu və həmin razılaşmaya əsasən, cavabdehin iddiaçıya 174.000 manat verməli olması bildirilmişdir.
33. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında şifahi razılaşmanın olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin iddiaçı tərəf belə bir halın olmasını təsdiq etməmişdir. Tərəflər arasında 174000 manat ödənilməsinə razılığın olmasını təsdiq edən hər hansı yazılı sənəd və ya iddiaçının iddiadan qismən imtina etməsi halı olmamışdır. Bu səbəbdən də kollegiya hesab edir ki, cavabdehin qeyd etdiyi dəlil mülahizə xarakteri daşıyır və hər hansı sübutla öz təsdiqini tapmır.
34. Qeyd edilən apellyasiya şikayətinin dəlili bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
35. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir.
36. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
37. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq, hazırki mülki işin Səbail Rayon Məhkəməsinin icraatında olan “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması xahiş etmişdir.
38. Kollegiya qeyd edilən vəsatəti rədd etməsini onunla əsaslandırır ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri” üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı qərardadına əsasən, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır.
39. Kollegiya qeyd edir ki, hazırda baxılan borcun tutulmasına dair iddia tələbi əqdə əsaslanan iddiadır. Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarında formalaşdırılan hüquqi mövqeyə görə, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.
40. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur.
41. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdiirlmədən saxlanılmalıdır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
44. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1408/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev