Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5914/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X5 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5914/2022 (Açar sözlər: “pul tələbi”) Bakı şəhəri 10 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı X5 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(009)-224/2022 nömrəli qətnaməsindən iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı 06 sentyabr 2021-ci il tarixində ona məxsus “Hyundai Sonata” minik **-XY- *** dövlət qeydiyyat nişanlı avtomobilini Xətai rayon ərazisində idarə edərkən **- PG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobil iddiaçının avtomobilini əzmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qərarı ilə **-PG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobilin sürücüsü günahkar çıxardılmış və iddiaçının maşınının sığorta ödənişinin ödənilməsi barədə forma 4-ü "xxxx" Açıq Səhmdar Cəmiyyətinə yönləndirilmişdir.
3. Cavabdeh iddiaçının ünvanına bildiriş göndərərək onun avtomobilinə Qafqaz Ticarət MMC tərəfindən baxış keçirildiyini və ona dəyən ziyanın 1415 manat müəyyən edildiyini bildirmişdir.
4. İddiaçıya təklif olunmuş məbləğə avtomobilinin saz vəziyyətinə gətirə bilməyəcəyini anlayaraq cavabdehlə razılaşmamışdır.
5. İddiaçıya X12 tərəfindən 3040 manat zərərin dəydiyi barədə qüsur aktı təqdim edilmişdir.
6. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 22:00 dəqiqədə Ağ Şəhər ərazisində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermişdir. “Hyundai Sonata” markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomobili hadisə zamanı idarə edən X7 olmuşdur.
7. 07.09.2021-ci il tarixli İXP4172132 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2021-ci il tarixində X7 idarə etdiyi “Hyundai Sonata” markalı, **- XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmişdir.
8. “X12” MMC-nin xx.xx.2021-ci il tarixli Aktından görünür ki, X8 məxsus “Hyundai Sonata” markalı, ** XY *** dövlət nömrə nişanlı avtomobilə “ X12” MMC-nın servisində ilkin texniki baxış keçirilmiş və dəymiş ziyanın məbləğini 3040 manat məbləğində müəyyən edilmişdir.
9. Müstəqil ekspert X1 tərtib etdiyi avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə Aktından görünür ki, X8 məxsus “Hyundai Sonata” markalı, ** XY *** dövlət nömrə nişanlı avtomobilə dəymış ziyanın məbləği 1610 manatdır.
10. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Aktdan görünür ki, X8 məxsus Hyundai Sonata ** XY *** dövlət nömrə nişanlı avtomobilə dəymış ziyanın məbləği 1415 manatdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/394 saylı Rəyindən görünür ki, “Abşeron Motors”-un xx.xx.2021-ci il tarixli və müstəqil ekspert X2 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışı “Hyundai Sonata” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1460 manat məbləğində müəyyən edilmişdir. (təhqiqatın dəyəri 100 manat).
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı X9 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3040 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq X9 xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 sentyabr 2021-ci il tarixində ona məxsus “Hyundai Sonata” minik **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilini Xətai rayon ərazisində idarə edərkən **-PG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobil iddiaçının avtomobilini əzmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qərarı ilə **-PG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobilin sürücüsü günahkar çıxardılmış və iddiaçının maşınının sığorta ödənişinin ödənilməsi barədə forma 4-ü "xxxx" Açıq Səhmdar Cəmiyyətinə yönləndirilmişdir. Cavabdeh "xxxx" ASC X5 ünvanına bildiriş göndərərək onun avtomobilinə "xxxx" MMC tərəfindən baxış keçirildiyini və dəyən ziyanın 1415 manat müəyyən edildiyi bildirilmişdir. X10 təklif olunmuş məbləğə avtomobilinin saz vəziyyətinə gətirilə bilməyəcəyini bilib cavabdehlə razılaşmamışdır. Halbuki, X12 3040 manat zərərin dəydiyi barədə qüsur aktı təqdim etmişdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Halbuki, X5 dəfələrlə şikayətlərindən sonra müstəqil ekspert təyin edilmiş, lakin təyin olunmuş müstəqil ekspert hansı servis tərəfindən keçirilməsini onunla razılaşdırmayıblar və öz aralarında dəyən zərəri 1610 manat məbləğində müəyyən ediblər.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, “ X12” MMC tərəfindən avtomobilə dəymiş ziyan 3040 manat məbləğində müəyyən edilmişdir. Qiymətdə səhvlik ola bilər, amma sıradan çıxmış detallarla bağlı səhvlik ola bilməz. O müstəqil ekspert X1 və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tərtib etdiyi rəylər ilə razı deyil. Həmin rəylərdə göstərilən qiymətlər ilə avtomobili təmir etdirmək qeyri-mümkündür. Maşın arxadan vurulduğuna görə elə şeylər var ki, heç orada yazılmayıb. Stopun qiyməti düzgün deyil, onun maşınının stopu ikinci əl bazarında belə 250 manatdır. Bu səbəbdən də, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X11 oğlu Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə razı olduqlarını, qanunvericiliyin tələblərinə uyğun olaraq ödəməyə hazır olduqlarını bildirmişdir.
16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(009)-224/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 1610 manat (min altı yüz on) və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatı (qırx) tutularaq X8 ödənilməsi, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 20 (iyirmi) manatı iddiaçı X4, 80 (səksən) manatı isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş sığorta hadisəsi zamanı onun avtomobilinə 3040 manat ziyan dəydiyini və həmin məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh icbari sığortanı həyata keçirərkən sığorta hadisəsi baş verdikdən sonra zərərin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri addımlar atmalıdır. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə isə zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
19. İşin faktiki hallarından görünür ki, cavabdeh yol-nəqliyyat hadisəsindən sonra üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni ilkin olaraq sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini müəyyən etmiş, lakin zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədiyindən zərərin miqdarının qiymətləndirilməsi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmış, 1610 manat müəyyən olunmuşdur.
20. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı müstəqil ekspert tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmişdir.
21. Belə ki, iş materiallarında olan “X12” MMC-nin xx.xx.2021-ci il tarixli Aktından görünür ki, X8 məxsus “Hyundai Sonata” markalı, ** XY *** dövlət nömrə nişanlı avtomobilə “ X12” MMC-nin servisində ilkin texniki baxış keçirilmiş və dəymiş ziyanın məbləği 3040 manat məbləğində müəyyən edilmişdir. Hər iki rəydə ziyan məbləği arasındakı fərq yüksək olduğundan məhkəmə tərəfindən ekspertiza keçirilmişdir. Ekspert rəyində ziyan məbləği 1460 manat müəyyən edilmişdir.
22. Məhkəmə ekspertlərin rəyləri əsasında ortaq məbləği müəyyən edərək hesab etmişdir ki, müstəqil ekspert X1 tərtib etdiyi qiymətləndirmə aktına əsasən cavabdehdən 1610 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir.
23. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 1610 manat (min altı yüz on) sığorta ödənişi tutularaq X8 ödənilməlidir.
24. Həmçinin məhkəmə hesab etmişdir ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 20 (iyirmi) manatı iddiaçı X4, 80 (səksən) manatı isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir.
25. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə, 925.1-ci maddəsinə, 926.1-ci maddəsinə, 926.2-ci maddəsinə, «İcbari sığortalar haqqında» Qanunun 50.1-ci maddəsinə, 52.1-ci maddəsinə, 54-cü maddəsinə, 56.1 və 56.1.2-ci maddəsinə, 16.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
26. Qətnamədən iddiaçı X9 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-224/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
27. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə qanunsuz və əsassız qəbul olunmuşdur. Qeyd edir ki, 06 sentyabr 2021-ci il tarixində ona məxsus Hyundai Sonata minik ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilini Xətai rayon ərazisində idarə edərkən ** PG *** dövlət qeydiyyat nişanlı Hyunday Accent markalı avtomobil onun avtomobilini əzmişdir. Daxili İşlər Nazirliyinin qərarı ilə ** PG *** dövlət qeydiyyat nişanlı Hyunday Accent markalı avtomobilin sürücüsü günahkar çıxardılmış və iddiaçının maşınının sığorta ödənişinin ödənilməsi barədə forma 4-ü Azərbaycan Sənaye Sığorta ASC-yə yönləndirilmişdir. Cavabdeh Azərbaycan Sənaye Siğorta onun ünvanına bildiriş göndərərək avtomobilinə Qafqaz Ticarət MMC tərəfindən baxış keçirildiyini və ona dəyən ziyanın 1415 manat müəyyən edildiyi bildirilmişdir. Lakin iddiaçı təklif olunmuş məbləğə avtomobilinin saz vəziyyətinə gətirilə bilməyəcəyini bilib cavabdehlə razılaşmamışdır. Halbu ki, X12 iddiaçıya 3040 manat zərərin dəydiyi barədə qüsur aktı təqdim etmişdir. Ümumiyyətlə məhkəmə işə baxarkən heç bir sübut təqdim olunmadan və düzgün araşdırma aparmadan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə sübut kimi istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elvin Qəhrəmanov tərəfindən verilmiş rəyi maşına baxış keçirtmədən, xx.xx.2022-ci il tarixli, 9/394 saylı rəyi Abşeron Motorsun xx.xx.2021-ci il tarixli və müstəqil ekspert X2 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən qiymətləri nəzərə almışdır. Halbu ki, dəmirci, rəngsaz və s hər iki akta 200- 250 manat qiymətləndirsədə ekspert 100 manat qiymətləndirib. Lakin rəydə hər iki akta istinad edib yazdığını bildirir. Bunun kimi bir neçə ehtiyyat hissələrində fərqli qiymətlər mövcuddur. Məhkəmə gedişatında təkrar ekspertizanın keçirilməsini və yaxud ekpertin məhkəməyə dəvət olunması barədə şifahi vəsatətlər versədə təmin edilməmişdir.
b) Apellyasiya şikayətinə yazılı etiraz
28. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı X9 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
32. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.
33. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
34. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığortalar haqqında» Qanunun:
35. 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
36. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
37. 54-cü maddəsinə əsasən Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar.
38. 56.1 və 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir.
39. 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
49. Apellyasiya şikayətində qətnamə iddianın təmin olunmamış hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
50. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
52. Belə ki, cavabdeh icbari sığortanı həyata keçirərkən sığorta hadisəsi baş verdikdən sonra zərərin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri addımlar atmalıdır. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə isə zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
53. İşin faktiki hallarından görünür ki, cavabdeh yol-nəqliyyat hadisəsindən sonra üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni ilkin olaraq sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini müəyyən etmiş, lakin zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədiyindən zərərin miqdarının qiymətləndirilməsi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmış, 1610 manat müəyyən olunmuşdur.
54. Kollegiya qeyd edir ki, araşdırma zamanı müstəqil ekspert tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmişdir.
55. Belə ki, iş materiallarında olan “X12” MMC-nin xx.xx.2021-ci il tarixli Aktından görünür ki, X8 məxsus “Hyundai Sonata” markalı, ** XY *** dövlət nömrə nişanlı avtomobilə “ X12” MMC-nin servisində ilkin texniki baxış keçirilmiş və dəymiş ziyanın məbləği 3040 manat məbləğində müəyyən edilmişdir. Hər iki rəydə ziyan məbləği arasındakı fərq yüksək olduğundan məhkəmə tərəfindən ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyində ziyan məbləği 1460 manat müəyyən edilmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, müstəqil ekspert X1 tərtib etdiyi qiymətləndirmə aktına əsasən cavabdehdən 1610 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir.
57. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 1610 manat (min altı yüz on) və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatı (qırx) tutularaq X8 ödənilməsi, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 20 (iyirmi) manatı iddiaçı X4, 80 (səksən) manatı isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.
58. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
59. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(009)-224/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.