Məhkəmə qərarları › İş №2(103)-5915/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5915/2021

21.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5915/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(004)-1535/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən “İddiaçı” İB-yə vurulmuş 7969,80 manat məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 8299,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq “İddiaçı” İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “İddiaçı" İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 06.03.2017-ci il tarixində 04/5040 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsi bağlanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı" İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********05 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G- 4 markalı, 1602AZ**********97 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və "X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxışı keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qosulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X1 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 25.04.2018-ci il tarixli ******* saylı akt əsasında 1144,20 manat; 21.05.2018- ci il tarixli ******* saylı akt əsasında 99,80 manat; 30.06.2018-ci il tarixli ******* saylı akt əsasında115,20 manat; 31.07.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 29.08.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 1403,20 manat; 31.01.2019-cıı il tarixli ******* saylı akt əsasında 133,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cıı il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cıı il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 12.04.2020-ci il tarixli ******* saylı akt əsasında 118,10 manat; cəmi 5364,50 manat məbləğində “İddiaçı” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 177,90 manat, əvvəlki illərdən isə sayğac üzrə 2427,40 manat borcu qalmışdır. Cavabdeh 2017- 2020-ci illər ərzində təbii qaza pul ödəməmişdir. Bu da ona göstərir ki, cavabdeh mütəmadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb bu barədə kəsim aktları tərtib olunub, lakin o yenidən qanunsuz xətti bərpa etmişdir. Cavabdehin "İddiaçı” İB-və ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə minimum 7969.80 manat təşkil etməkdədir. “İddiaçı” İB-nın nümayəndələri tərəfindən cavabdehə 7969,80 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(004)- 1535/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1144,20 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı” İstehsalat Birliyinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Birliyin nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır, Birliyin nümayəndələri tərəfindən baxış keçirilərkən cavabdehin yaşadığı evdə yerləşən ona məxsus sayğaca müdaxilə olunduğu müəyyən edilmiş, akt tərtib edilmiş, itirilmiş qazın dəyərinin bərpası üçün cavabdehə 7969,80 manat dəymiş ziyan hesablanmışdır. Aktlardan görünür ki, cavabdeh tərəfindən dəfələrlə qanunsuz qoşulma olmuşdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş “İddiaçı” İB ilə Cavabdeh arasında 06 mart 2017-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 04/5040 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan 100**********05 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qalıq və aktlar qaz sərfiyyatı üzrə borcu 2018-ci ilin aprel ayı üçün 1144,20 manat təşkil edir. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi barədə aktlar tərtib edilmiş, 26.04.2018-ci il tarixli, ******* saylı akta əsasında 5721 m3, 23.05.2018-ci il tarixli, ******* saylı akta əsasında 499 m3, 31.07.2018-ci il tarixli, ******* saylı akta əsasında 576 m3, 29.08.2018-co il tarixli, ******* saylı akta əsasında 576 m3, 31.10.2018-ci il tarixli, ******* saylı akta əsasında 1152 m3, 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasında 972 m3, 28.12.2018-ci il tarixli, ******* saylı akta əsasında 972 m3, 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasında 1332 m3, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasında 1332 m3, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasında 1332 m3, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasında 1332 m3, 30.05.2019-cu il tarixli, ******* saylı akta əsasında 324 m3, 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasında 324 m3, 31.07.2019-cu il tarixli, ******* saylı akta əsasında 324 m3, 30.08.2019-cu il tarixli, ******* saylı akta əsasında 324 m3, 30.09.2019-cu il tarixli, ******* saylı akta əsasında 324 m3, 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasında 324 m3, 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasında 324 m3, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasında 2952 m3, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasında 2952 m3, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasında 2952 m3, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasında 2952 m3, 12.04.2020-ci il tarixli, ******* saylı akta əsasında 1181 m3 zərər hesablanmışdır. Eyni zamanda iddiaçı cavabdehdən qalıq borcun da tutulmasını tələb edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 06 mart 2017-ci il tarixdə “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək 26 aprel 2018-ci il tarixdə akt tərtib edilmiş, cavabdehə 1144,20 manat məbləğində borc hesablanmışdır. Bundan sonra iddiaçı təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. Göründüyü kimi, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əməkdaşlarının tərtib etdiyi aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi cavabdehdən yalnız onunla bağlanmış müqavilədən sonra aşkar edilmiş qeyri-qanuni olaraq qazdan istifadə edilməsi barədə 26 aprel 2018-ci il tarixli akt üzrə borc tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1535/2021 saylı iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar