Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5917/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1312/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC borclu Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə məhkəmə qətnaməsinin qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 22% olmaqla 9248.47 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Həmçinin digər Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Kredit Müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Ona görə də, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3989.23 manat, 31.72 manat məbləğində faiz borcunun, cəmi 4020.95 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1312/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3989.23 manat, 31.72 manat faiz borcu, cəmi 4020.95 (dörd min iyirmi manat doxsan beş qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Nərimanov rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-1312/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın qismən rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-1312/2020 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən ləğv edilməlidir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 385.1.1, 386, 387.1, 88, 81, 97.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.1, 140.2-ci maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi M.İsmayılov apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2016-cı il tarixli istehlak krediti müqaviləsinin məzmunundan görünür ki, İddiaçıSC ilə borclu Cavabdeh1və zamin Cavabdeh1 arasında 60 ay müddətinə, illik 22%-lə, 9248.97 manat məbləğində pulun kredit verilməsinə dair müqavilə bağlanmış və müqaviləyə zamin Cavabdeh2 da imza etməklə məsuliyyəti öz üzərinə göturmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2016-cıil tarixli müqaviləyə əsasən İddiaçı ASCyə 3989.23 manat əsas, 31.72 manat faiz borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Birinci instansiya və apellyasiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən kollegiya iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərdən əsas borc üzrə 3989.23 manat, 31.72 manat faiz borcu, cəmi 4020.95 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Kollegiya cavabdehin ekspertiza təyin edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan istehlak krediti müqaviləsi və ödəniş cədvəlinə (i.v. 10-12) əsasən, borcun məbləği təsdiq edildiyindən və ekspertizanın təyin edilməsi ilə bağlı tərəflərin vəsatəti daxil olmadığından əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1312/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5917/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5917/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver