Məhkəmə qərarları › İş №2(103)-5917/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5917/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5917/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə Cavabdeh1ndə 3M-1226 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini bağlamışdır. Aralarında bağlanan müqavilədə alınmış borcun 17.000 (on yeddi min) manat olaraq göstərilməsinə baxmayaraq əslində alınmış borcun məbləği 12.000 (on iki min) manat olmuşdur. Artıq 5.000 (beş min) manat isə guya 12.000 (on iki min) manat məbləğin faizi olaraq əlavə edilmişdir. Müqavilədə məbləğin artıq yazılmasını Cavabdeh2 ondan xahiş etmişdir. O, da aralarında olan münasibət və tanışlığa görə buna etiraz etməmişdir və 12.000 manat pul aldığı kredit müqaviləsində məbləğin 17.000 manat olaraq göstərilməsinə razılıq vermişdir. Həmçinin müqavilədə göstərilən 18.01.2019-cu il tarixindən əvvəl real olaraq aldığı 12.000 (on iki min) manat pulu Cavabdeh2 tam ödəmişdir. Lakin Cavabdeh2 olan borcunu guya ödəməməyi ilə bağlı müqavilənin bağlandığı Cavabdeh1 tərəfindən Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə icra qeydi göndərilmiş və əsassız olaraq icraata başlanılmışdır. Əslində isə o, borclu olduğu pulu tamamilə Cavabdeh2 ödəmişdir. Belə olan halda isə onun guya kredit müqaviləsində göstərilən borcu ödəməməyi ilə bağlı icra qeydinin göndərilməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin aralarında bağlanmış 3M-1226 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini ləğv etmək üçün Cavabdeh2 17.09.2020-ci il tarixdə pretenziya qaydasında müraciət etmişdir. Göndərilmiş pretenziya və poçt qəbzi tərəfindən qoşma vasitəsi ilə iddia ərizəsinə də əlavə olunmuşdur. Lakin müraciətindən 30 gündən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir rəsmi cavab göndərilməmişdir. Hətta əksinə olaraq müqavilənin bağlandığı 38 saylı Notariat Ofisinə müraciət edərək guya ona olan borcunu ödəmədiyini bildirmişdir. Bununla da Cavabdeh2 tam olaraq ödədiyi borc müqaviləsinə görə yaşadığı ərazinin icra şöbəsinə əsassız icra qeydi göndərilməsinə nail olmuşdur. Yuxarıda da qeyd etdiyi kimi pretenziyanın göndərilməsindən 30 gündən artıq müddət keçmişdir. Buna görə də aralarında bağlanmış kredit müqaviləsinin məhkəmə qaydasında ləğvi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Həmçinin digər Cavabdeh1nə də bütün borcunu ödəməyi və bu barədə hər hansı bir icra qeydinin göndərilməsinin əsassız olmasını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh2 ilə onun arasında Cavabdeh1ndə 18.10.2018-ci il tarixdə bağlanmış və 3M-1226 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2n cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbi üzrə ona qarşı Cavabdeh1ndə 18.10.2018-ci il tarixdə bağlanmış və 3Vİ-1226 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Qeyd edir ki, o, 18 oktyabr 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh1ndə kredit müqaviləsi bağlayaraq 1 il müddətinə qaytarmaq şərti ilə ona (notariat depoziti vasitəsi ilə) 17000 (on yeddi min) manat borc vermişdir. İddiaçı borcu 18 oktyabr 2019-cıı il tarixinədək qaytaracağına söz versə də həmin pulu ödəməkdən yayınmışdır. Ona görə də notariat ofisinə müraciət edərək icra qeydi əsasında pulunu tələb edən zaman cavabdeh işi uzatmaq üçün əsassız olaraq məhkəmədə ona qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Hətta iddia tələbində əsassız olaraq göstərmişdir ki, guya o, cavabdehə 17000 manat məbləğinə müqavilə bağlayraq əslində 12000 manat vermiş, o, isə əvəzində ona 17000 manat qaytardığını göstərmişdir. İddiaçı iddia ərizəsində göstərdiklərinin heç bir hüquqi əsası yoxdur, göstərilənlər yalan və uydurmadır. Belə ki, o, cavabdehə 17000 manatı notarusun bankda olan depozit hesabı vasitəsi ilə vermişdir. Hal-hazırda Sumqayıt icra və probasiya şöbəsi tərəfindən icra qeydi geri (notarusa) qaytarılmışdır. Ona görə də cavabdehə kredit müqaviləsi əsasında verdiyi 17.000 manatin, 110 manat hüquqi yardıma görə ödənilmiş pulun və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı 17000 manat borcun, 110 manat hüquqi yardıma görə ödənilmiş pulun və 30 manat dövlət rüsumunun Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdirlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 18.10.2018-ci il tarixində Cavabdeh2 ilə Cavabdeh1ndə 3M-1226 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini bağlamışdır. Aralarında bağlanan müqavilədə alınmış borcun 17.000 (on yeddi min) manat olaraq göstərilməsinə baxmayaraq əslində alınmış borcun məbləği 12.000 (on iki min) manat olmuşdur. Artıq 5.000 (beş min) manat isə guya 12.000 (on iki min) manat məbləğin faizi olaraq əlavə edilmişdir. Müqavilədə məbləğin artıq yazılmasını Cavabdeh2 ondan xahiş etmişdir. O, da aramızda olan münasibət və tanışlığa görə buna etiraz etməmiş və 12.000 manat pul aldığı kredit müqaviləsində məbləğin 17.000 manat olaraq göstərilməsinə razılıq vermişdir. Həmçinin müqavilədə göstərilən 18.01.2019-cu il tarixindən əvvəl real olaraq aldığı 12.000 (on iki min) manat pulu Cavabdeh2 tam ödəmişdir. Lakin Cavabdeh2 olan borcunu guya ödəməməyi ilə bağlı müqavilənin bağlandığı Cavabdeh1 tərəfindən Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə icra qeydi göndərilmiş və əsassız olaraq icraata başlanılmışdır. Əslində isə o, borclu olduğu pulu tamamilə Cavabdeh2 ödəmişdir. Belə olan halda isə onun guya kredit müqaviləsində göstərilən borcu ödəməməyi ilə bağlı icra qeydinin göndərilməsi tamamilə qanunsuz və əsassızdır. Cavabdeh2 isə özünü haqlı çıxarmaq məqsədilə hər hansı bir hüquqi əsası olmadan qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin qarşılıqlı iddia ərizəsində isə heç bir əsaslandırıcı fakt öz əksini tapmamışdır. Buna baxmayaraq Nərimanov rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız olaraq həmin qarşılıqlı iddia ərizəsi təmin edilmişdir. Halbuki birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq ədalətli məhkəmə qətnaməsi qəbul etməli idi. Nərimanov rayon Məhkəməsi isə yalnızca qarşılıqlı iddia ərizəsində göstərilən heç bir hüquqi əhəmiyyət daşımayan şəxsi mülahizə xarakterli məlumatları fakt kimi nəzərə alaraq qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına olan 17.09.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı, Cavabdeh2 18.10.2018-Cİ il tarixdə bağlandığı Cavabdeh1ndə 3m- 1226 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsinin ləğv edilmə zərurəti yaranmışdır. Borcumu tamamilə ödəməyinə baxmayaraq hal-hazırda Cavabdeh1 tərəfindən Sumqayıt şəhər icra və probasiya şöbəsinə icra qeydi göndərilmişdir. Bu səbəbdən də aralarında bağlanmış müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Bununla bağlı müraciət edib bağlanan kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Əks halda aralarındakı müqavilənin ləğv edilməsi tələbi ilə əlaqədar olaraq məhkəməyə müraciət ediləcək və mübahisə məhkəmə qaydasında həll ediləcəkdir. İş materiallarında olan Cavabdeh1 19.08.2020-ci il tarixli, №1138 məktubdan görünür ki, Cavabdeh2 müraciət edərək bildirmişdir ki, 18.10.2018-ci il tarixdə Cavabdeh1ndə 3M-1226 reyestrdə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən İddiaçı vətəndaş Cavabdeh2 18.01.2019-cu ilədək aldığı 17000.00 manat (on yeddi min manat sıfır qəpik) məbləğində borcunu bu günkü günədək qaytarmamış və notariat ofisi bildirir ki, 30 gün (otuz gün) ərzində borc müqaviləsi üzrə öhdəliklər icra olunmadığı təqdirdə tərəfindən icra qeydi tərtib olunaraq müvafiq yaşayış üzrə borc müqaviləsi məcburi icra edilməsi üçün icra şöbəsinə göndəriləcəkdir. İş materiallarında olan 01.12.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh1 10062 nömrəli, 01.10.2020-ci il tarixli qeydi icra olunduqdan sonra geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsi barədə müqavilədən görünür ki, Cavabdeh2 Vəkil 110 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1ndə 18.10.2018-ci il tarixdə bağlanmış və 3M-1226 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğvinə əsas ola biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə olan borcunun tam ödənilməsini təsdiq edən sübutlar təqdim edilmədi. Bu səbəbdən iddiaçı tərəfindən kredit müqaviləsi üzrə mövcud borcu ödənilmədiyindən iddiaçının həmin müqavilə üzrə yaranmış öhdəliyinə xitam verilməsindən də söhbət gedə bilməz. Belə ki, mülki işin materiallarında olan Cavabdeh1ndə 18.10.2018-ci il tarixdə bağlanmış və 3M-1226 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı 17000 manat məbləğində borc pul verilmiş və borc alan 18.01.2019-cu il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətində göstərdiyi hallarla bağlı heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin İddiaçı apellyasiya şikayətinə əlavə etdiyi sənədlərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan sənədlər kserosurət olduğundan ona hüquqi qiymət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd, qarşılıqlı iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar